Düşmənlərimizi məyus edən qələbə təntənəsi

Düşmənlərimizi məyus edən qələbə təntənəsi

9 Dekabr 2022, 16:50

2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradı Azərbaycan xalqının tarixi qələbəsinin təntənəsi  idi. Xalqımızın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü bərpa etməyin sevincini rəsmiləşdirirdi. 

 

Təcavüzkar Ermənistan düşmən qüvvələrin açıq-gizli dəstəyi ilə torpaqlarımızın 20 faizini işğal edərək 30 il müddətində xarabalığa çevirmişdir. Qərbi Azərbaycanın və Qarabağın yerli əhalisinə divan tutulmuş, 1 milyon vətəndaşımız doğma torpağında qaçqına-köçkünə çevrilmişdi.

 

Tarixi Azərbaycan torpaqlarında dövlət qurmuş yurdsuz-yuvasız ermənilər hiylə, terror və hərbi təcavüz yolu ilə, müstəqilliyimizin ilk illərində ölkəmizdə yaranan başıpozuqluq və çəkişmələrdən istifadə edərək işğalçılıq planlarını həyata keçirə bilmişdi.

 

Ölkəmizin münaqişəni sülh yolu ilə həllinə çalışmasını müxtəlif bəhanələrə əngəlləyən düşmən, nəhayət, xalqımızı yeni ərazilərin işğalı ilə qorxutmağa başladı. Lakin unutmuşdular və düzgün hesablamamışdılar ki, artıq Azərbaycan 1992-ci illərin hərc-mərclik ölkəsi deyil. Düşmənin bu həyasızlığı 2020-ci ilin payızında Azərbaycanı Vətən müharibəsinə qalxmağa məcbur etdi.

 

Bu dəfə qaniçən vandallar qarşılarında qüdrətli Azərbaycanı və müdrik, qətiyyətli Ali Baş Komandan İlham Əliyevi gördülər. Xalqımızın bu haqq savaşı Prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında cəbhədə, diplomatiya masasında, habelə, informasiya savaşı Azərbaycanın tam qələbəsi ilə bitdi. İşğalçı ölkənin rəzil olmuş rəhbərliyi məğlubiyyət sənədinə imza ataraq 3 rayonumuzu döyüşsüz tərk etməli oldu. Qalib dövlətimiz 10 noyabr kapitulyasiyasından sonra hərbi qüdrətini dekabrın 10-da Zəfər paradı ilə nümayiş etdirdi. İşğalçı ölkənin darmadağın edilmiş ordusunun məhv edilmiş texnikasının nümayişi qələbə təntənəsi yaşayan xalqımızın nəyə qadir olduğunu bütün dünyaya göstərdi.  

 

Zəfər paradında Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı tribunada yanaşı görmək xalqlarımızı qürurlandırdığı kimi, düşmənlərimizi də məyus etdi. Azərbaycanın haqq savaşında yanımızda olan, siyasi, diplomatik müstəvidədə güclü dəstəyini hiss etdiyimiz Türkiyə ən ağır, çətin günlərimizdə olduğu kimi ən xoşbəxt günümüzdə də yanımızda idi. Liderlərin tribunada türk ordusunu seyr etməsi həm də o anlamı verirdi ki, türk soyuna, böyük türk millətinə düşmənçilik fəaliyyətinin sonu bax, belə acı məğlubiyyətdir. Biz yalnız haqlı olduğumuz təqdirdə döyüşürük və bu səbəbdən qalib gəlirik: istiqlal savaşından tutmuş Qarabağ zəfərinə qədər türkün qəhrəmanlığı, bütövlüyü şanlı tarixdir!   Bundan başqa, Zəfər paradı qələbəmizin  bayram səviyyəsində qeyd edilməsi ilə  yanaşı, həm də ciddi siyasi mesajlarla da yadda qaldı. Bu paradda işğalçı erməni ordusuna məxsus hərbi qənimət kimi ələ keçirilən texnikanın nümayişi xüsusi anlam kəsb edirdi. Bu “müharibə başlayacağı təqdirdə erməni tankları Bakı küçələrində olacaq” deyən erməni hərbi-siyasi rəhbərliyinə layiqli cavab idi.

 

Paradda Azərbaycan həm xüsusi təyinatlı hərbi dəstələrini, həm də hərbi texniki imkanlarını göstərməklə müdafiə qalibiyyətinin necə yüksək olduğunu hamıya göstərdi. Zəfər paradı, sözün bütün mənalarında, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın qazandığı Zəfərin qaynağı olan hərbi və siyasi qüdrətin nümayişi idi.

 

“Sülhü razılıqla yox, qələbə ilə əldə edirlər” söyləyən Mark Tulli Siseron tam haqlı idi. 30 illik səmərəsiz danışıqlardan sonra Prezident İlham Əliyev xalqımıza bu zəruri qələbəni qazandırmağı qətiyyətlə bacardı. Qələbəni evimizə gətirən, haqqımızı bizə qaytaran Prezident İlham Əliyev milliliyimizin, birliyimizin simvoluna, canlı əfsanəsinə çevrildi. Prezident İlham Əliyev xalqımızın tarixində ilk dəfə itirilmiş torpaqları geri qaytaran sərkərdə kimi müasir Azərbaycanın Zəfər tarixini yazdı. Tarix isə Prezident İlham Əliyevin liderliyi altında hələ çox zəfərlərimizə şahidlik edəcək.

 

Rəşad Mahmudov

Milli Məclisin deputatı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq