ZİRVƏ

ZİRVƏ

10 Dekabr 2022, 11:05

Vətən müharibəsindəki Zəfərlə dövlətçilik salnaməsinin möhtəşəm qəhrəmanlıq səhifəsini yaradan Azərbaycan xalqı tarixinin şərəf dolu günlərini yaşayır. Çünki qalib dövlət və millət olmağın yaratdığı fəxarət hissi tamamilə bambaşqadır. Artıq başımız uca, alnımız açıqdır, məğlubiyyət damğasını üzərimizdən birdəfəlik götürmüşük.  Biz həm də ona görə qürurluyuq ki, bu gün Azərbaycan möhtərəm İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayır. 

 

Ulu Öndəri minnətdarlıqla anırıq

 

Bu gün biz bu uğurlarla fəxr etdikcə, xalqımızın Ulu Öndəri Heydər Əliyevi minnətdarlıqla xatırlayır və anırıq.  Çünki bu gün Azərbaycan Heydər Əliyevin yaratdığı möhkəm bünövrə üzərində ucalır, inkişaf edir. 
Tale elə gətirib ki, mənə Heydər Əliyevin rəhbərliyi altında uzun müddət fəaliyyət göstərmək xoşbəxtliyi, Ulu Öndərin yaratdığı Yeni Azərbaycan Partiyasının sıralarından seçilən deputat kimi qanun yaradıcılığı ilə məşğul olmaq nəsib olub.  Siyasi-ictimai fəaliyyətimin böyük hissəsi Heydər Əliyevin Azərbaycana həm birinci, həm ikinci dəfə rəhbərlik etdiyi illərə təsadüf edir. Məhz Ulu Öndərimizin xeyir-duası ilə komsomolda ilk addımlarımı atmışam. Elə ilk gündən özüm üçün yəqin etdiyim ən böyük həqiqət odur ki, Heydər Əliyev sözün bütün mənalarında xalq üçün yaşayan, xalqla nəfəs alan böyük şəxsiyyət, əsl lider idi. 


Bütün həyatını öz xalqına bağlayan, şərəfli ömrünü xalqına bağışlayan Ulu Öndər Heydər Əliyev barədə həmişə danışmağa ehtiyac duyulur. Çünki aradan illər ötdükcə, Azərbaycan  inkişaf etdikcə, Heydər Əliyevin ideyaları həyata vəsiqə aldıqca Ulu Öndərin siyasi irsinin, müəllifi olduğu Azəraycanın inkişaf strategiyasının nə qədər mükəmməl olduğu daha aydın görünür. Bu mənada Ulu Öndərin irsi həm bugünkü, həm gələcək nəsillər üçün mayak olduğundan ona istinad olunmalı və təbliğ edilməlidir. Amma əlbəttə ki, Heydər Əliyev elə bir zirvədir ki, nə qədər söz açsaq belə, onun ucalığını əhatə edə bilmərik. 

 

Heydər Əliyev Azərbaycanı qabaqcıl sənaye ölkəsinə çevirmişdi

 

Azərbaycan tarixinin otuz dörd ildən artıq bir dövrü dövlətini və xalqını hər zaman bütün təbəddülatlardan xilas edən və inkişafına nail olan dahi şəxsiyyətin - Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, Ulu Öndərin respublikamıza hələ birinci rəhbərliyi dövründə ittifaq mərkəzinin təzyiqlərinə baxmayaraq, milli iqtisadiyyatın dirçəldilməsi və sürətli inkişafı üçün böyük işlər görülmüş, iri sənaye müəssisələri tikilmiş, bütün sahələrdə əsaslı inkişafa nail olunmuş, respublikamızın şəhər və rayonlarının abadlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdi. Nəticədə müttəfiq respublikalar arasında Azərbaycan iqtisadi durumuna görə qabaqcıl ölkəyə çevrilmişdi. 


Faktlara diqqət yetirək: Azərbaycanda 1980-ci ilin göstəricilərinə görə sənayenin əsas istehsal fondlarının dəyəri 1969-cu illə müqayisədə iki dəfə artaraq 8,4 milyard rubla çatdırılmışdı. 10 il ərzində respublikada 15 yeni iri maşınqayırma müəssisəsi  istifadəyə verilmişdi. Bunu, əlbəttə, sənayenin uğuru kimi yüksək qiymətləndirmək olardı. 12 mövcud müəssisədə isə istehsal gücü əvvəlki illərlə müqayisədə bir neçə dəfə  artmışdı. Azərbaycanda sənaye istehsalı üç dəfə yüksəlmişdi. Bütün bu göstəricilər əldə  olunandan sonra sənaye istehsalının artım sürətinə görə Azərbaycanın adı ittifaq səviyyəsində ön sıraya çıxmışdı.


Dekabrın 7-də "Akademik Xoşbəxt Yusifzadə" tankerinin istismara verilməsi mərasimində Prezident İlham Əliyev mühüm bir məqama toxunaraq dedi ki, Dərin Özüllər Zavodunun Həştərxanda inşa edilməsi planlaşdırılırdı. O zaman məhz Heydər Əliyevin iradəsi və uzaqgörənliyi ilə bu zavod Azərbaycanda quruldu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu zavod olmasaydı, bizim kontraktlarımızın icrası bəlkə də 5-10 il gecikə bilərdi.
Ötən əsrin 70-ci illərində Azərbaycanda kənd təsərrüfatının inkişafı sahəsində çox böyük irəliləyişlər nəzərə çarpmağa başladı. Bu sahədə mühüm nailiyyətlər əldə olundu. 1982-ci ildə kənd təsərrüfatı məhsulları istehsalının həcmi 1969-cu ildəkinə nisbətən təxminən beş-altı dəfə artdı. 


Azərbaycanda ötən əsrin 70-ci illərində tikinti-abadlıq işləri də geniş vüsət almışdı. Hər yerdə, elə indiki günlərdə olduğu kimi, böyük sürətlə tikinti işləri aparılırdı. Bu fikrin hansı gerçəkliyi əks etdirdiyini rəqəmlər də təsdiq edir: 1970-1985-ci illərdə ümumi sahəsi 22,2 milyon kvadmetr olan mənzillər tikilmiş, Bakıda yeni yaşayış massivləri salınmışdı. Çöl-biyabanı xatırladan ərazilərdə planlı şəkildə 5 və 9 mərtəbəli yaşayış evləri ucaldılmış, mikrorayonlar tikilmişdi. Əhmədli, Yeni Günəşli, Yeni Yasamal yaşayış massivlərinə məhz həmin dövrdə rəvac verilmiş və yüzlərlə, minlərlə insan rahat, yaraşıqlı, hər cür kommunal şəraiti olan mənzillərdə məskunlaşmışdı.
Respublikada işsizlik həmin illərdə, demək olar ki, büsbütün aradan qalxmışdı. İnsanlar iş yerləri axtarmırdılar, iş yerlərinin özü onları halal zəhmətləri ilə dolanmaq üçün dəzgah arxasına, məhsul becərilən tarlalara dəvət edirdi. 1985-ci ildə respublikada işləyənlərin sayı 2,4 milyon nəfərə çatırdı. 1970-ci ildə orta aylıq əməkhaqqının səviyyəsinə görə Azərbaycan 15 respublika arasında axırıncı yerdə gedirdi. 1980-ci ildə isə respublikamız bu sahədə 4-cü yerdə idi. 


Heydər Əliyev 1982-1987-ci illərdə respublikamızın inkişafı üçün bütün imkanlardan istifadə etdi. Ulu Öndərin sovet dövlətinin rəhbərliyində yer alması Azərbaycanın qarşısında yeni inkişaf üfüqləri yaratmışdı. O dövrdə Heydər Əliyevin sovetlər birliyinin mühüm iqtisadi sferalarına kuratorluq etməsi Azərbaycanla bağlı əzəmətli layihələrin reallaşmasında böyük rol oynadı. Dərin Özülləri Zavodu kimi möhtəşəm müəssisələr o illərdə inşa olundu və bu gün Azərbaycanın enerji siyasətinin uğur qazanmasına xidmət edir.

 

Heydər Əliyev dövlətimizin elə güclü təməllərini formalaşdırdı ki, heç bir qüvvə onu sarsıda bilməz

 

SSRİ-nin dağılmasından sonra bütün müttəfiq respublikalar dövlət müstəqilliyinə nail oldular. Amma o da məlumdur ki, Azərbaycanın müstəqilliyinin ilk çağlarında iqtidarda olan siyasi qrupların səbatsızlığı Azərbaycanı parçalanmaq, kövrək azadlığımızı yenidən itirilmək təhlükəsi ilə qarşı-qarşıya qoymuşdu. Daxili ziddiyyətlər, hakimiyyət mübarizəsi torpaqlarımızın azadlığı uğrunda milli mübarizəni da ikinci plana keçirmişdi. O dövrdə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi Azərbaycanın müstəqilliyinin xilasına xidmət edən faktor oldu. 


Ulu Öndər 1993-cü ildən başlayaraq Azərbaycanı yenidən qurdu. O vaxta qədər müasir çağırışlar və tələblər əsasında nə dövlət aparatının fəaliyyətini təmin edən idarəçilik strukturları, nə də normal hüquqi baza vardı. Ulu Öndər böyük müdriklərlə bu keçid dövrünün prioritetlərini müəyyənləşdirdi, bütün sahələrdə mütərəqqi islahatlar həyata keçirdi.


Müstəqilliyimizi qoruyan Heydər Əliyev öz müdrik dühası, siyasi təcrübəsi ilə dövlətimizin elə güclü təməllərini formalaşdırdı ki, heç bir qüvvə onu sarsıda bilməz. Ona görə xalqımız haqlı olaraq müasir Azərbaycan dövlətini Heydər Əliyevin şah əsəri hesab edir. Ulu Öndər bu dövlətin banisi və qurucusudur.


Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi 10 il müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin əsaslarının formalaşdırılması, hüquqi dövlət quruculuğu, hüquqi-siyasi, sosial-iqtisadi və aqrar islahatların aparılması, respublikamızın beynəlxalq birliyin tamhüquqlu üzvünə çevrilməsi və bütövlükdə müstəqillik illərində Azərbaycanın birinci inkişaf dövrü kimi yadda qaldı.

 

Sosial rifaha yol açan siyasət

 

Heydər Əliyevi xarakterizə edən ən əsas cəhətlərdən biri onun öz xalqını dərindən sevməsi idi. Təsadüfi deyil ki, Ulu Öndərin Azərbaycana ikinci rəhbərliyindən sonra da həyata keçirdiyi inkişaf siyasətinin mərkəzində vətəndaşların sosial rifahının yüksəldilməsi dayanırdı.  


Ümumiyyətlə, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişinədək Azərbaycanda populist, heç bir iqtisadi qanunlara və vətəndaş maraqlarına cavab verməyən sosial siyasət mövcud idi.  Həmçinin müstəqilliyin ilk illərində ölkəni bürüyən ictimai-siyasi xaos dövlətin ən vacib vəzifələri sırasında yer alan əhalinin sosial müdafiəsi məsələsini arxa plana keçirmişdi. 


Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin respublikamıza rəhbərliyə başlamasından sonra ilk addımlarından biri sosial məsələlərin diqqət mərkəzində saxlanılması oldu. Ulu Öndər əhalinin sosial problemlərini ön plana çəkdi, onların həlli məqsədilə təxirəsalınmaz addımların atılması ilə bağlı qərarlar verdi. Təsadüfi deyil ki, Heydər Əliyev xalqının sosial rifahının artırılmasını, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminatın yaradılmasını fəaliyyətinin başlıca məqsədi elan etmişdi. 


Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi sosial siyasətin fərqli xarakterik cəhətləri vardı. Bunlardan biri sosial siyasətin dayanıqlı olması, ölkənin iqtisadi bazisinə əsaslanması idi. Digər cəhət isə onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsi idi. Bu mənada Heydər Əliyevin müəyyənləşdirdiyi sosial siyasətin inkişaf mərhələlərinə nəzər yetirsək görərik ki, Azərbaycanda iqtisadiyyatın tənəzzüldən xilas olmasından və daxili stabilliyin yoluna qoyulmasından sonra sosial siyasət sahəsində mühüm addımlar atılmış, effektiv islahatlar reallaşdırılmışdı.


Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyev tərəfindən inzalanmış 60-dan artıq sənəd 1990-cı illərdə respublikamızda sosial sahədə inkişafın təmin olunmasına xidmət edib. Aparılan təhlil və tədqiqatlar da göstərir ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında yeni iqtisadi şəraitə uyğun olaraq ölkəmizdə formalaşmaqda olan sosial müdafiə modeli artıq dövlət quruculuğu fəlsəfəsində aparıcı elementlərdən biri, ümumi siyasətin mühüm tərkib hissəsi olmaqla, cəmiyyətin və ayrılıqda hər bir vətəndaşın rifahının yüksəldilməsinə, onların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin olunmasına, habelə şəxsiyyətin azad inkişafı üçün bərabər imkanlar yaradılmasına yol açıb. 


Müstəqilliyinin ilk günlərindən gənc dövlətimizin qarşısında duran vəzifələrdən biri qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli olub. Bu təbəqədən olan insanlara sistemli, məqsədyönlü dövlət qayğısı məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən həyata keçirilməyə başlanılıb. Gərgin iş rejiminə və dövlət idarəçiliyi sahəsində nəhəng fəaliyyət sferasına baxmayaraq, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın sosial problemlərinin həlli Ümummilli Lider Heydər Əliyevin gündəlik qayğısına çevrilmişdi.


Mən özümü xoşbəxt sayıram ki, bu məsələlərlə bağlı Heydər Əliyevin ölkə daxili və xarici səfərlərində iştirak etmiş, onun məcburi köçkünlərin sosial qayğılarına necə həssaslıqla yanaşmasının şahidi olmuşam.
Məcburi köçkünlərin olduqca ağır vəziyyətdə yaşadıqları çadır düşərgələrinin ləğvi ideyası da Heydər Əliyevə məxsus idi. Ümummilli Lider yaranan iqtisadi imkanları ilk növbədə qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə yönəldirdi. Təsadüfi deyil ki, Dövlət Neft Fondunda toplanan ilk vəsait Ulu Öndərin müvafiq fərman və sərəncamları ilə qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllinə yönəldilmişdi.
Gələn ilin dövlət büdcəsinin göstəricilərindən də məlum olur ki, sosialyönümlülük prioritet istiqamətlərdən biri olaraq qalır.

 

Hər bir azərbaycanlı doğma dövlətimizlə fəxr edir

 

Olduqca qürurvericidir ki, Heydər Əliyevin ideyaları yaşayır, Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Möhtərəm İlham Əliyevin Prezident kimi ən yüksək məramı dövlətə və xalqa layiqincə xidmət etməkdir. Bu, Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan və bütün fəaliyyəti dövründə əsas istiqamət olaraq həyata keçirilən milli inkişaf siyasətinin davamıdır. 


Ötən 19 ilin reallıqları bu siyasətin bütün sahələrdə əzmlə və qətiyyətlə davam etdirildiyini göstərir. 19 il böyük zaman kəsiyi deyil. Lakin təhlil etdikdə görürük ki, bu dövrdə gedilən yol onilliklərə bərabərdir. Bu dövrdə İlham Əliyev ölkəmizin dinamik inkişafına nail olmaqla yanaşı, həm də beynəlxalq münasibətlər şəraitində istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarını təmin edir. Prezident İlham Əliyev həm də beynəlxalq miqyasda nüfuzlu lider olaraq ehtiramla qarşılanır. Məsələn, Serbiya Prezidenti Aleksandar Vuçiçin Prezident İlham Əliyevin barəsində söylədiyi "Onun sözü bizim üçün yetərlidir. Çünki biz onun sözünə hər hansı imzadan daha çox inanırıq. O, nəyi deyirsə, mənim üçün kifayətdir" fikri dövlətimizin başçısına olan yüksək beynəlxalq ehtiramın nümunəsidir. 

 

Ulu Öndərin vəsiyyəti yerinə yetirildi

 

Heydər Əliyev 1998-ci martın 20-də Mərdəkandakı "Abşeron" sanatoriyasında Novruz bayramı münasibətilə qaçqınlar və məcburi köçkünlər üçün keçirilən bayram şənliyində bununla bağlı demişdi: "Bu gün Novruz bayramını bir yerdə keçiririk. Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır".


Bu gün Heydər Əliyevin ruhu sevinir. Çünki işğal olunmuş torpaqlarımız indi azaddır. Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyev Ulu Öndərin bu vəsiyyətini layiqincə yerinə yetirib, lider və sərkərdə qətiyyəti ilə torpaqlarımızın işğaldan azad olunmasını təmin edib. 
İndi azad edilmiş torpaqlarımız yenidən qurulur, 30 ilə yaxın erməni işğalçılarının əsarətində qalmış şəhər və kəndlərimiz dirçəlir, onlara yeni həyat bəxş edilir. Bu il Zəngilanın Ağalı kəndinin bərpa edilməsi və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmaları göstərdi ki, tezliklə bütün azad olunmuş şəhər və kəndlərimiz tam bərpa ediləcək. Bəli, 15 il öncə çadır şəhərciklərinin tam ləğvinə nail olan İlham Əliyev indi Qarabağı və Şərqi Zəngəzuru yenidən qurur, bu torpaqların sakinlərinin öz doğma evlərinə qayıtmalarını təmin edir. Həmçinin Qarabağ və Şərqi Zəngəzurda onların məşğulluğu, sosial rifahı üçün geniş imkanlar yaradılır. Bu amillərin hər biri Azərbaycanda həyata keçirilən sosial siyasətin ən mükəmməl nümunəsidir.


Müharibədən təzə çıxmış ölkə olmasına rəğmən Azərbaycanın makroiqtisadi göstəriciləri müsbətdir. 2023-cü ilin dövlət büdcəsinin artımla tərtib olunması, növbəti ildə pensiyaların artırılmasının nəzərdə tutulması respublikada həyata keçirilən mütərəqqi sosial-iqtisadi siyasətin göstəriciləridir. Bütün bunlara paralel olaraq işğaldan azad olunmuş ərazilərin də sürətlə yenidən qurulması, bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitlərin ildən-ilə artırılması Azərbaycanın gücünün möhtəşəm ifadəsidir. 2023-cü ildə işğaldan azad edilmiş ərazilərin bərpası üçün 3 milyard manat vəsait nəzərdə tutulur ki, bu da 2022-ci illə müqayisədə 12,4 faiz çoxdur.


Hər bir uğurumuz belə bir həqiqətin təsdiqidir ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs,  Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyası layiqincə davam etdirilir. Bu siyasət, bu inkişaf yolu Azərbaycanımızın və xalqımızın milli maraqlarını qətiyyətlə təmin edir.

 

Hadi Rəcəbli,
siyasi elmlər doktoru, professor

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vəziyyət qızışır, fevralın 24-də nəsə olacaq