Xəbər verdiyimiz kimi, Tovuz rayonu Dondar Quşçu kəndində ağır qəza baş verib.
Bu barədə Modern.az-a danışan Dondar Quşçu Bələdiyyəsinin sədri Gülnarə Quliyeva deyib ki, bazarda baş verən qəzada Şəhid Əmrah Əliyevin qardaşı Hümmət Əliyev dünyasını dəyişib, digərləri yaralıdır.
Onun sözlərinə görə, hazırda Hümmət Əliyevin ailəsi çox pis vəziyyətdədir:
"Çünki bir oğullarını yenicə şəhid vermişdilər. Bu oğullarını da belə itirdilər. Onu da qeyd edim ki, ailənin 2-si qız, 2-si oğlan olmaqla 4 övladı olub. Evin qız övladları ailəlidirlər. Şəhid Əmrah Əliyev də ailəli olub. Onun iki övladı yadigar qalıb. Ancaq 21 yaşlı Hümmət Əliyev subay idi".
G.Quliyeva qeyd edib ki, mərhum H.Əliyev ailəsi ilə bir yerdə yaşayırmış:
"Elə atası ilə bir yerdə də çalışırdı. “Kamaz” markalı yük maşınları var, onunla yük daşıyırdılar. Yəni onun rəsmi iş yeri olmayıb. Mərhum təhsilini 11-ci sinifi bitirdikdən sonra dayandırmışdı, ali təhsil almamışdı".
Qeyd edək ki, rayon sakini Asim Hacımahmudovun idarə etdiyi “Volqa” markalı avtomobil sərt enişli torpaq yolda sürüşərək sürətlə bazara daxil olub. Həmin vaxt bazarda olan 5 nəfəri vurub. Onlardan biri Əliyev Hümmət Ülfət oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.