Modern.az

Mİ6 şefini İrəvana gətirən nə idi?

Aktual

20 Dekabr 2022, 22:17

İbrahim Nəbioğlu

Riçard Mur İrəvana gəlmişdi.

Mİ6 rəhbərini ora gətirən nə idi?

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabr ayının 13-də Londona səfər etmiş, Leo Dokerti (Leo Dockerty, Avropa məsələləri üzrə nazir) ilə görüşmüşdü. Bu görüş Laçın dəhlizinin bağlanmasının ertəsi günü baş vermişdi. Bəlkə elə buna görə Riçard Murun gözlənilməz İrəvan səfərinin məqsədini müxtəlif şəkildə yozmuşdular.

Bu arada xatırladım ki, Leo Dockerty keçmiş hərbçi və silah üzrə mütəxəssisidir, İraq və Əfqanıstanda hərbi xidmətdə olub, silah ixracı komitəsinin üzvü idi, hazırda isə həm də müdafiə büdcəsi komitəsinin üzvüdür.

Son aylar mediada Ermənistanın İrandan pilotsuz təyyarələr almağı planlaşdırdığı barədə xəbərlər yayılır. Bu ehtimalı Xamneyiyə yaxınlığı ilə tanınan İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Yəhya Səfəvi irəli sürmüşdü. Molla rejimi İran üçün strateji baxımdan qəbuledilməz olan Ermənistan-İran sərhədini aradan qaldıracaq Zəngəzur dəhlizinin yaradılmasına etiraz edir. Tehran İsrailin bölgədəki “oyuna” qoşulmasına da qarşı çıxır. Azərbaycanın Tel-Əvivdə səfirlik açmasını isə heç bir vəchlə həzm edə bilmir.


Bu fonda Tehran Ermənistanın rolunu aktivləşdirməyə cəhd edir, Qarabağla bağlı razılaşmaların reallaşmasını pozmağa çalışır. Armen Qriqoryan Tehranla əlaqələri gücləndirir, gedib İranın güc strukturlarının əsas fiqurlarından biri olan İran Təhlükəsizlik Şurasının rəhbəri Əli Şamxani (keçmiş müdafiə naziri) ilə görüşmüşdü. Bu hadisələrin davam etdiyi günlərdə Ermənistan özünün Xarici Kəşfiyyat Xidmətini yaratdı.

Ola bilsin ki, Riçard Mur (Richard Moore) Ermənistanı atacağı addımlardan yayındırmağa gəlmişdi. MI6 şefinin ermənilərin İranın Türkiyə və Azərbaycana qarşı apardığı siyasətə tərəf olmamaq üçün Paşinyana şəxsən xəbərdarlıq etməyə gəldiyi ehtimal edilir. Laçın dəhlizi ətrafındakı gərginliyin davam etdiyi günlərdə MI6-nın ortalığa çıxması ibrətamizdir.

Dünyanın ən güclü kəşfiyyat idarəsinin şefinin Paşinyanla görüşməsi Qarabağda yeni proseslərinin xəbərçisidir, məncə…

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!