Modern.az

Minimum maaş nə qədərdir: Bizdə və qonşu ölkələrdə

Minimum maaş nə qədərdir: Bizdə və qonşu ölkələrdə

11 Yanvar 2023, 11:20

Azərbaycanda 2023-cü il yanvarın 1-dən minimum aylıq əməkhaqqı artırılaraq 345 manata çatdırılıb. Ölkə üzrə minimum əməkhaqqının 15% artırılmasına qərar verilib. Bunun üçün 440 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub. 

 

Rəsmi məlumata görə, maaşı artırılacaq şəxslərin 440-450 mini dövlət sektorunda çalışır.

 

Qeyd edək ki, minimum əməkhaqqı ilə yanaşı, yaşayış minimumu da artırılıb. Bu il üçün yaşayış minimumunun məbləği 246 manata çatdırılıb və ilk dəfə olaraq ehtiyac meyarı ilə bərabərləşib. 

 

Minimum əməkhaqqı Azərbaycanla yanaşı qonşu ölkələrdə də artırılıb. 

 

Bizdə minimum maaş 345 manat, bəs qonşularda nə qədərdir?

 

Modern.az mövzu ilə bağlı kiçik araşdırma aparıb.

 

Türkiyə  

 

Qardaş Türkiyədə bu ildən minimum əməkhaqqı artırılıb. Belə ki, artıq minimum əməkhaqqı 8500 lirə (772 manat) təşkil edəcək. Bu da 54,7% artım deməkdir.

 

Bundan əvvəl Türkiyədə minimum əmək haqqı 328 dollar və ya 558 manat idi.

 

Rusiya

 

Rusiyada isə bu il minimum əməkhaqqı 16 242 rubl olacaq. Qeyd edilən məbləğ mövcud məzənnə ilə ifadədə 258 ABŞ dollar (437 manat) təşkil edir. Belə ki, 2023-cü ildə Rusiyada minimum əməkhaqqı 2022-ci ilə nisbətən 6,3% artıb və təxminən 3,5 milyon işçini əhatə edir. Sonuncu dəfə minimum əməkhaqqında artım ötən ilin iyununda 10% olub. 

 

Ermənistan

 

Ermənistanda minimum əməkhaqqı bu ildən 75 000 dram olacaq. Bu da təxminən 325 manat təşkil edir. Bundan əvvəl Ermənistanda minimum əməkhaqqı 68 min dram (286 manat) olub.  

 

İran 

 

Bu ölkədə keçən ilin martın 21-dən etibarən təqvim ili üçün işçilərə ödəniləcək minimum əməkhaqqı gündəlik 1,393 milyon riala, aylıq isə 41,79 milyon riala (164 ABŞ dolları, 278 manat) qədər artıb. Bu rəqəmlər əvvəlki il ilə müqayisədə 57,4% artım deməkdir. 

 

İranın əmək qanunvericiliyi və hökumət tərəfindən təsdiq edilmiş qaydalara əsasən ödənilməli olan maksimum əməkhaqqı minimum əməkhaqqının yeddi misli qədərdir. Bununla belə, ötən ilin statistikasına əsasən, İranda işçiyə ödənilməli olan ən aşağı əməkhaqqı, o cümlədən mənzil və pensiya ilə bağlı məcburi ödənişlər 56,797 milyon rial (222 dollar) olub.

 

Gürcüstan

 

Xarici KİV-lərdə yer alan xəbərlərə əsasən, 2022-ci ildə Gürcüstanda rəsmi minimum əmək haqqı özəl sektorda çalışanlar üçün ayda 20 lari (7 dollar), dövlət qulluqçuları üçün isə 350 lari (115 dollar, 195 manat) təşkil edib. 

Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir