Modern.az

İranın İslama verdiyi dəyər – Akopyan nümunəsi

İranın İslama verdiyi dəyər – Akopyan nümunəsi

24 Yanvar 2023, 18:15

Bu yaxınlarda İranın paytaxtı Tehranda müxtəlif ölkələri təmsil edən qadınların iştirakı ilə beynəlxalq konqres keçirilib. İki günlük toplantıya dünyanın 90-a yaxın ölkəsindən nüfuzlu, fəal və elit qadınlar qatılıb.

 

Tədbir iştirakçıları arasında Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan da yer alıb. İranda ali qonaq kimi qələmə verilən Akopyanın müsəlman xanımlara xas şəkildə geyinməsi və rəsmi şəkildə görüşlərdə peyda olması diqqətdən yayınmayıb. İşğalçı ölkə təmsilçisinin İranda yüksək səviyyədə qarşılanması, digər qonaqlardan fərqləndirilməsi birmənalı qarşılanmayıb və bu addım Tehranın erməni sevgisinin təzahürü kimi qiymətləndirilir.

 

Bütün dünyaya məlumdur ki, ermənilər Qarabağda Azərbaycan müsəlmanlarına qarşı soyqırımı törədib, məscidləri təhqir edib, dağıdıb və bu azmış kimi ibadət ocaqlarında mal-qara, donuz saxlayıblar. Həmin zehniyyətdən çıxış edən Akopyanın İslam ölkəsində belə hörmətlə qarşılanması ortaya bir sıra suallar çıxarır və İran rejiminin ikiüzlü, riyakar siyasi mövqeyindən xəbər verir. Bu yanaşma həm də İranın təkcə Azərbaycana qarşı yox, bütün İslam ölkələrinə qeyri-dost münasibətindən irəli gəlir desək, yanılmarıq.

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Aqil Abbas bildirib ki, İranın erməni sevgisi artıq danılmaz reallıqdır.

 

“Farslarla ermənilər bir millətdir. Onları sadəcə din ayırır. Buna görə də, onların qardaşlaşıb, bacılaşması bizlik deyil. Bu onların öz işidir. İran ümumiyyətlə islam respublikası deyil. Sadəcə olaraq dövlətin adında islam sözü var. İranlılar Paşinyanın arvadını müqəddəs yerlərə aparıb gəzdirməklə müqəddəs yerləri də murdarlayıblar”, - deputat deyib.

 

 

Aqil Abbasın sözlərinə görə, İran həmişə Azərbaycana qarşı düşmən mövqedən çıxış edib:

 

“İran istəmir ki, Azərbaycan güclü, qüdrətli dövlət olsun. Bunun üçün belə yollara əl atır. Ancaq İran bilməlidir ki, onun nəyisə istəyib-istəməməsi heç nəyi dəyişdirmir. Biz heç kimin alqışıyla yaranmamışıq ki, qarğışı ilə ölək. Bir daha deyirəm ki, İranın islama heç bir dəxli yoxdur. Nə qədər istəyirlər belə görüşlər keçirsinlər. Sonda heç bir nəticəyə nail ola bilməyəcəklər”.

 

Deputat İslam ölkələrinin məsələyə münasibət göstərməməsindən də söz açıb:

 

“İslam Əməkdaşlıq Təşkilatı var. Ancaq təəssüflə qeyd edirəm ki, islam birliyi yoxdur. Küveytdə millət kef edir. Ancaq Yəməndə, Suriyada adamlar qırılır. İslam birliyi olsaydı, bu olardımı? Din qardaşlığı bir yana, ərəblər həm də qan qardaşıdırlar. İslam aləmi Suriyanın işğalına, fələstinlilərin, əfqanların qırılmasına, Qarabağın dağıdılmasına göz yumur. İslam birliyi olsa, məhz bütün bunlar baş verməzdi. Lakin İranın da sonu gəlir. Narahat olmağa dəyməz. Sovet ideologiyası 70 il yaşadı. İrandakı mövcud molla rejimi də uzaqbaşı 30-50 il yaşayar. Onların Stalini yoxdur ki, rejimin ömrünü uzatsın”.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə Modern.az-a bildirib ki, Ermənistanla İran bir-birilərini strateji müttəfiq elan ediblər:

 

“İran və Ermənistan anti-Azərbaycan koalisyası yaradıblar. Bu istiqamətdə hər iki ölkə arasında intensiv əlaqələr var. Bu əlaqələr həm rəsmi dövlət görüşləri, həm də qeyri-rəsmi görüşlər vasitəsilə davam etdirilir. Qeyri-rəsmi görüşlərin mahiyyəti bir çox hallarda hərbi-siyasi yardım almaq məqsədi güdür. İndi Paşinyanın arvadının İrana səfəri də bu kontekstdə qiymətləndirilməlidir”.

 

Partiya sədri vurğulayıb ki, İran üçün dini maraqlar ikinci dərəcəlidir:

 

“İran dini siyasət aparmır. Dövlət maraqları İrandan Ermənistanla dost olmağı tələb edir. Bu zaman dini maraqlar İran üçün ikinci dərəcəli amilə çevrilir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi