Modern.az

Azərbaycanlı deputat və partiya sədrləri Zelenskini belə TƏBRİK ETDİLƏR

Azərbaycanlı deputat və partiya sədrləri Zelenskini belə TƏBRİK ETDİLƏR

25 Yanvar 2023, 13:26

Bu gün Ukrayna prezidenti Volodimir Zelenskinin doğum günüdür. Onun 45 yaşı tamam olur. Zelenski ilk dəfədir ki, doğum gününü qanlı-qadalı müharibə şəraitində qeyd edir. Ötən il Rusiyanın Ukraynaya hücumundan sonra xalqın gözündə qəhrəmana çevrilən Zelenski peşəkar siyasətçi olmasa da, hazırda onun adı dünyanın ən nüfuzlu liderləri sırasında çəkilir. 

 

Özəl günündə Ukrayna prezidentinə dünyanın dörd bir yanından fərqli təbrik mesajları gəlməkdədir. Ad günü təbrikləri əsasən Ukraynanın Rusiya üzərində qələbə ümidi ilə bağlıdır. 

 

Bəs, azərbaycanlı siyasətçilər 45 yaşlı Zelenskini necə təbrik etmək istəyərdilər? 

 

Modern.az bununla bağlı deputat və bir neçə partiya sədrinin fikirlərini öyrənib.

 

Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun sədri Rüfət Quliyev:

 

“Mən Zelenskiyə müdriklik, mübarizlik və cansağlığı arzu edirəm. Eyni zamanda onu demək istəyirəm ki, dünyada bütün müharibələr sülhlə bitir. Arzu edirəm ki, tezliklə hərbi əməliyyatlar dayandırılsın və sülh müqaviləsi bağlansın. Zelenskinin buna nail olmasını arzu edirəm”.

 

Müsavat Partiyasının sədri Arif Hacılı isə öz təbrikini belə çatdırıb:

 

“Prezident Zelenski dövlət rəhbərləri üçün nümunəyə çevriləcək şəxsiyyətdir. Ukraynanın çox ağır durumda olmasına, Rusiya kimi ölkənin onun rəhbərlik etdiyi ölkəyə hücum etməsinə baxmayaraq, Zelenski mətanətlə mübarizə aparır. Ukrayna xalqını ümumi düşmənə qarşı birləşdirməyə, dünya güclərini isə Ukrayna xalqı ətrafında birləşdirməyə nail olub. Heç şübhəsiz ki, o, böyük tarixi şəxsiyyətdir və dünya tarixində qalacaq. Onun doğum günü indi çox çətin şəraitdə keçir. Biz ona yalnız böyük uğurlar arzulayırıq. Arzu edirik ki, növbəti doğum gününü işğaldan azad etdiyi Ukraynada qeyd etsin”.

 

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə Zelenskiyə dözüm arzuladığını bildirib:

 

“Zelenski bəlkə də, dünyada ən ağır vəziyyətdə doğum günü keçirən dövlət başçısıdır. Qarşıda onu kifayət qədər ciddi sınaq gözləyir. Ukraynanın, Zelenskinin qələbəsi dünyanın qələbəsidir. Hamımız arzu edirik ki, bu qələbə baş tutsun. Ən azından Rusiya bu müharibədən kifayət qədər zəifləmiş şəkildə çıxsın. Arzumuz budur.

 

Rusiya zəifləyib, ancaq Ukraynanın bu müharibədə düşündüyü kimi bütün torpaqlarını azad edib, tam qələbə qazanması çox çətindir. Təəssüf ki, Qərb də bunu çox arzulamır. Ona görə də Zelenskini qarşıda çox ağır bir il gözləyir. Möhkəm olmalıdır, əlindən gəldiyi qədər Ukrayna torpaqlarını azad etməlidir. Odur ki, onun dözümlü və ağır mübarizdə möhkəm, dayanıqlı olmasını arzu edirəm”.

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu: "Hər şeydən əvvəl mən Zelenksini təbrik edirəm. Dünyanı Rusiyanın işğalçı siyasətindən xilas etdiyinə və keçmiş SSRİ respublikalarında rusların vaxtı ilə törətdiyi cinayətlərin intiqamını aldığına görə ona təşəkkür edirəm. Arzu edirəm ki, tezliklə Nobel sülh mükafatını alsın və dünyanın ən böyük demokrat siyasətçisi kimi tarixə düşsün".

 

Qeyd edək ki, bu gün Ukrayna prezidenti Volodimir Zelenskinin doğum günüdür. Onun 45 yaşı tamam olur.

 

Siyasətçi 25 yanvar 1978-ci ildə Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərində anadan olub. Atası Oleksandr Semenoviç Zelenski elm sahəsində fəaliyyət göstərib. O, texniki elmlər doktoru, professor dərəcəsinə malik olub. Zelenski 4 il anası ilə birlikdə Monqolustanın Edernet şəhərində yaşayıb, daha sonra vətəninə geri dönüb.

 

2003-cü ildə ilk tanışlıqlarından 8 il sonra Yelena Zelenskaya ilə ailə həyatı qurub. Hazırda onların 2 övladı – Aleksandra adlı qızı və Kiril adlı oğlu var. Əvvəllər incəsənət sahəsində çalışan Zelenski "Xalqın xidmətçisi" teleserialı ilə məşhurlaşıb. O, 2018-ci ildə eyniadlı partiyanın qurucularından biri və lideri olub. 

 

Zelenski 2019-cu ildə Ukraynanın prezidenti seçilib. Rusiyanın Ukraynaya qarşı ötən il başlatdığı müharibədən sonra Zelenski dünyanın haqqında ən çox danışılan liderlərindən birinə çevrilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür