Modern.az

Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin 20 illiyi 

Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin 20 illiyi 

25 Yanvar 2023, 18:24

Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin 20 illik yubiley iclası keçirilib.  

 

Modern.az xəbər verir ki, Bakıda təşkil olunan iclası Cəmiyyətin sədri, Milli Məclisin deputatı Eldar İbrahimov açıq elan edib.

 

Sədr açılış nitqində cəmiyyət haqqında məlumat verib və fəaliyyət yoluna nəzər salıb: 

 

“Ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə yaradılmış Azərbaycan-Özbəkistan Dostluq cəmiyyətinin keçən ilin dekabr ayında 20 ili tamam oldu. Bu cəmiyyət hazırda Azərbaycanda yaşayan bir qrup ziyalının təşəbbüsü ilə yaradılıb. Statistik məlumatlara görə, Azərbaycanda yaşayan özbəklərin sayı 400 nəfərə yaxındır. Bildiyimiz kimi, Azərbaycan və Özbək xalqları arasında münasibətlərin kökü uzaq keçmişə gedib çıxır. Cəmiyyəti yaratmaqda məqsəd bu əlaqələri və ənənələri SSRİ dağıldıqdan sonra Azərbaycanın və Özbəkistanın müstəqillik dövründə də inkişaf etdirməkdir".

 

Deputat bildirib ki, Cəmiyyətin yaradılması və fəaliyətində Azərbaycan Yaradıcılıq Fondunun sədri Kamal Abdulla, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, filologiya elmlər doktoru, təşkilatın sədr müavini Tərlan Quliyev, nəvaişünas alim, şair Akif Bağırov və başqaları xüsusi fəallıq göstəriblər:

 

"Onların təşəbbüsü və iştirakı ilə ötən illər ərzində Bakıda Özbəkistanın və Azərbaycanın görkəmli şair və mütəfəkkirlərinə həsr olunmuş bir sıra tədbirlər keçirilib. İlk dəfə olaraq Azərbaycan- Özbəkistan Dostluq cəmiyyətinin, Özbəkistanın Azərbaycandakı səfirliyinin və Yaradıcılıq Fondunun dəstəyi ilə 2004-cü ildə Nəvai və Füzuli poeziya gecəsi keçirilib. Bu iki şair eyni dövrdə yaşamış və öz əsərləri ilə Şərq renesansını zənginləşdiriblər.

 

Daha sonra 2006-cı ildə Rəşid Behbudov adına Mahnı Teatrında cəmiyyətin təşəbbüsü, Özbəkistanın Azərbaycandakı səfirliyinin və Yaradıcılıq Fondunun dəstəyi ilə istiqlal şairi Xəlil Rza Ulutürkün özbək, qırğız, tatar şairlərinin əsərlərindən ibarət olan "Turan Çələngi” kitabının təqdimatı keçirilib.

 

Tədbirdə çıxış edən Özbəkistanın Azərbaycandakı sabiq səfiri İsmatulla İrqaşev, Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, akademik Kamal Abdulla qeyd ediblər ki, keçirilən tədbir iki qardaş xalqın həyatında mühüm hadisədir və Azərbaycanla Özbəkistan arasındakı ikitərəfli əlaqələrin inkişafina yeni impuls verir”.   

 

Sədr bildirib ki, müstəqil Azərbaycanda Ulu Öndər Heydər Əliyevin yaratdığı dövlətçilik prinsiplərini Prezident, Ali Baş Komandan İlham Əliyev yüksək səviyyədə davam etdirir:  

 

“Bunun bariz nümunəsi 2022-ci ilin iyun ayında cənab İlham Əliyevin Özbəkistana etdiyi rəsmi səfəri və səfər zamanı hər iki tərəf arasında imzalanmış 30-dan çox müqavilələri göstərmək olar.  Onu da qeyd edim ki, Azərbaycan və Özbəkistan Dostluq Cəmiyyətinin fəaliyyəti çoxşaxəlidir. Belə ki, 2009-cu ildə Daşkənddə xarici ölkələrlə mədəni-kütləvi əlaqələr cəmiyyətlərinin Şurası ilə bizim cəmiyyət arasında həmkarlıq haqqında "Niyyət protokolu" imzalanıb. Bu protokol çərçivəsində keçən ilin oktyabr ayında Bakıda bizim cəmiyyətin fəallarının Daşkənddə fəaliyyət göstərən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri ilə görüşü baş tutub və keçirilən dəyirmi masada hər iki cəmiyyətin nümayəndələri indinin özündə də iki qardaş xalq arasındakı ədəbi-mədəni əlaqələrin səmimiliyindən və yüksələn xətt üzrə inkişafından danışıblar. 

 

Cəmiyyətimizin 20 illik fəaliyyəti təkcə mədəni-kütləvi tədbirlərin keçirilməsi ilə kifayətlənməyib. 2021-ci ilin oktyabr ayında Özbəkistanda keçirilən parlament seçkilərində mən və icraçı direktorumuz Zemfira Kadırova müşahidəçi qismində iştirak etmişik və Daşkənddə fəaliyyət göstərən Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri, seçicilərlə maraqlı işgüzar görüşlərimiz olub. Keçən ilin oktyabr ayında Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda XV əsrin görkəmli ədəbiyyatşünaslarından biri Dövlətşah Səmərqəndinin "Təzkirətüş-şüəra” əsərinin farsçadan Azərbaycan dilinə tərcümə olunmuş kitabının təqdimatı keçirilib. Əsər Azərbaycan dilinə XX əsr Azərbaycan elm mühitinin ziyalılarından olan Əhmədağa Əhmədov tərəfindən tərcümə edilib və nəşr olunub.

 

Cəmiyyətimizin üzvlərini 20 illik yubiley münasibəti ilə təbrik edirəm və bildirmək istəyirəm ki, bundan sonra da Azərbaycan Özbəkistan xalqları arasındakı sarsılmaz dostluq əlaqələrinin daha da möhkəmlənməsi və inkişafı yolunda əlimizdən gələni əsrigəməyəcəyik”. 

 

Tədbirdə çıxış edən Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb.  

 

“Mənim üçün Azərbaycan-Özbəkistan dostluq cəmiyyətinin bugünkü toplantısı çox rəmzi və tarixi hadisədir. O cümlədən, mənim Özbəkistanın qardaş Azərbaycana fövqəladə və səlahiyyətli səfir təyin olunmağımdan üç il keçir. Ötən müddət ərzində cəmiyyətin bu cür toplantısı ilk dəfədir keçirilir. Təbii ki, bunun obyektiv səbəbləri var idi. Bunlardan ən əsası qeyd olunan dövrdə bütün dünyanın koronavirus epidemiyası ilə sarsılmasıdır. Lakin bu o demək deyil ki, Azərbaycan-Özbəkistan Dostluq cəmiyyətinin fəaliyyəti dayanıb.

 

Əksinə, bu qurum dövlət başçılarımızın rəhbərliyi ilə ikitərəfli münasibətlərin inkişafına yönəlmiş təşəbbüslərin həyata keçirilməsində xidmətlər göstərib. Mən bununla bağlı fikirlərimi 2020-2022-ci illərdə Azərbaycan və Özbəkistan arasında baş tutmuş bir çox parlaq və tarixi hadisələrlə sübut edə bilərəm. Məsələn, dostluq cəmiyyətinin bilavasitə dəstəyi ilə ulu əcdadlarımız Əlişir Nevai, Nizami Gəncəvi və başqalarının həyat və fəaliyyətinə həsr olunmuş bir çox tədbirlər keçirilib. Yuxarıda qeyd olunan bütün tədbirlər dostluq cəmiyyətinin nüfuzunun daha da artmasına öz töhfəsini verib.

 

Ötən il ərzində Azərbaycan və Özbəkistan münasibətlərdə yüksəliş dövrünü yaşayıb. Bunlardan ən mühümü Azərbaycan Prezidentinin Özbəkistana üç dəfə səfəridir. Bu da iki ölkə arasında əlaqələrin daha da inkişaf etdiyini sübut edir. Bu il də əlaqələr daha yüksək səviyyədə davam edəcək. 2023-cü ildə ölkələrimiz arasında münasibətlərin inkişaf dinamikasının ötən il olduğu kimi nümunəvi olacağına və 2024-cü ilin yanvar ayında bu cür yüksək əhval-ruhiyyədə əldə olunan nailiyyətlərdən danışacağamıza əminik".

 

Tədbir çıxışlarla davam edib. Daha sonra Azərbaycan-Özbəkistan Dostluq Cəmiyyətinin İdarə Heyətinin üzvləri təsdiqlənib.  

 

Qeyd edək ki, Milli Məclisin deputatı Eldar İbrahimov İdarə Heyətinin sədri, Özbəkistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov və Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla cəmiyyətin həmsədri olub. Zemfira Kadırova icraçı direktor, Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Eldar Quliyev, Ziyad Səmədzadə, Nizami Cəfərov, Ziyafət Əsgərov, Musa Quliyev, Ağalar Vəliyev, Cavanşir Paşazadə, Elman Nəsirov, Hikmət Məmmədov, Sabir Bəhramov, Elçin Kadırov, Kənan Cəlilov, Hasan Movlyanov, Şirin Məlikov, Xanlar Əhmədov, Rafiq Kaşanlı, Nuridə Novruzova İdarə Heyətinin üzvləri seçiliblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı