Ulu Öndərin sevimli qəhrəmanları...

Ulu Öndərin sevimli qəhrəmanları...

Aktual

25 Yanvar 2023, 20:53

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndərin sevimli qəhrəmanları” silsiləsindən iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunan vətənpərvərlik tədbirləri həftəsinin proqramına əsasən növbəti tədbir görkəmli sərkərdənin doğulduğu Lənkəran şəhərində keçirilib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Lənkərana gələn Müdafiə Nazirliyinin rəsmiləri, rəşadətli Azərbaycan Ordusunun tankçı qəhrəmanları, veteranlar, ictimaiyyət nümayəndələri və Həzi Aslanovun ailə üzvləri əvvəlcə Ümummilli Liderin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə qızılgüllər düzüb, xatirəsini ehtiramla yad ediblər.

 

Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Lənkəran şöbəsinin sədri Əlimərdan Əliyev ziyarətçilərə məlumat verib ki, keçən əsrin 69-cu illərindən respublikamızın bütün regionlarında olduğu kimi ölkəmizin Cənub bölgəsi, xüsusilə Lənkəran şəhəri və rayonu da Heydər Əliyev zəkasının işığında tarixinin ən şərəfli mərhələsinə qədəm qoyub. Zaman-zaman başı çox bəlalar çəkmiş, yadellilərin işğalına məruz qalmış, dəfələrlə yandırılmış, məhv edilmiş, əldən-ələ keçmiş Lənkəran zonası məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində dirçəlmiş, çiçəklənmiş və bugünkü yüksək səviyyəyə gəlib çatmışdır. Burada kənd təsərrüfatının inkişafı insanların həyat tərzini tamamilə dəyişdirmiş və sözün həqiqi mənasında, kənd əməkçiləri ağ günə çıxmışlar. Lənkəranda bu gün hara baxsan, Heydər Əliyevin yadigarlarına rast gələcəksən. Unudulmaz Liderin Lənkərana bəxş etdiyi ən böyük hədiyyə isə Xanbulan gölü – Xanbulançay su qurğuları kompleksidir ki, bu gün də həmin kompleks Lənkəran və ümumiyyətlə, Cənub bölgəsinin iqtisadiyyatının inkişafına çox böyük təkan verir.

 

Tanınmış ziyalı Əlimərdan Əliyev vurğulayıb ki, Ulu Öndər dəfələrlə Lənkəranda olub. Hər dəfə də bu bölgənin əməkçilərinə “Siz İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş iki dəfə “Sovet İttifaqı Qəhrəmanı” adı almış general Həzi Aslanovun varislərisiniz, onun həmyerlilərisiniz, onun doğmalarısınız”, - deyə müraciət edib. Burada zəhmətkeş insanlarla görüşüb, onların problemlərinin həlli istiqamətində çox böyük işlər görüb. İndi tarixin yaddaşına həkk olunan bu görüşləri lənkəranlılar heç vaxt unutmurlar. Cənub bölgəsinin sakinləri yaxşı bilirlər ki, bu firavan yaşayışlarında, daimi sabitliyin, əmin-amanlığın bərqərar olmasında Heydər Əliyev dühasının böyük rolu olub. Lənkəranlılar 1993-cü ilin yayında bu bölgədə baş vermiş dəhşətləri də unutmurlar. O vaxt Heydər Əliyevin həssas, düşünülmüş siyasəti olmasaydı, Lənkəran və lənkəranlılar olmazın bəlaları ilə üzləşərdilər. Hər bir lənkəranlı təsdiq edər ki, Ulu Öndər o vaxt böyük xilaskarlıq missiyasını yerinə yetirərək bu diyarı gözlənilən uçurumdan, böyük təhlükələrdən xilas etmişdir.

 

Nəzərə çatdırılıb ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə olduğu kimi, bu gün də Cənub bölgəsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Lənkəranlılar görkəmli dövlət xadimi Heydər Əliyevin özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi altında Vətənə, dövlətə sədaqətlə xidmət etməkdən qürur duyurlar.

 

Xalqımızın igid oğlu Həzi Aslanovun adını daşıyan Xatirə parkında da böyük qələbəlik yaşanıb. Əfsanəvi sərkərdənin möhtəşəm heykəli qarşısına Müdafiə Nazirliyinin adından əklil qoyulub, güllər düzülüb. Həzi Aslanovun timsalında şəhadətləri ilə tarix yazan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Abidə qarşısında keçirilən tədbirdə Azərbaycan hərb tarixinin, görkəmli sərkərdələrin, milli qəhrəmanların, xalqın cəngavər oğullarının adlarının əbədiləşdirilməsində Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs olunub.

 

Qəhrəmanın ad və soyadını şərəflə daşıyan nəvəsi polis general-mayoru Həzi Aslanov Ulu Öndərlə bağlı xatirələrini danışaraq vurğulayıb ki, Heydər Əliyev Həzi Aslanovun ailəsinə həmişə xüsusi diqqət göstərib. Hər il 9 May – Qələbə Günündə Xavər nənəmizə gül çələngi göndərər, onu təbrik edərdi. Həzi Aslanovun övladları da hər zaman Ulu Öndərin qayğısından danışar, o böyük şəxsiyyətin Azərbaycanın gələcəyi naminə həyata keçirdiyi möhtəşəm layihələrdən fəxrlə söhbət açardılar. Bu parkın yaradılması və burada Həzi Aslanovun möhtəşəm heykəlinin ucaldılması təşəbbüsü də məhz unudulmaz dahi rəhbərimizin ideyasıdır. Heydər Əliyev istəyirdi ki, paytaxt Bakımızda şair, yazıçı, bəstəkar heykəlləri ilə yanaşı, igid sərkərdələrimizin, xalq qəhrəmanlarımızın da heykəlləri olsun. Dünya görsün ki, Azərbaycan təkcə şair və yazıçıları ilə deyil, eyni zamanda, qəhrəmanları ilə də tanınan xalqdır, Həzi Aslanov kimi qəhrəman oğulları var. Ancaq o vaxtlar Moskva bu abidənin ucaldılmasına qəti etiraz etdi. Çünki bu heykəl Dağüstü parkın ən uca zirvəsində yerləşən Kirovun heykəlindən çox-çox hündür idi. Belə bir məqamda dahi Heydər Əliyev çox çətinliklərlə üzləşsə də, bu abidənin qəhrəmanın ata yurdu Lənkəranda ucaldılmasına nail oldu. Ulu Öndər daha böyük vəzifəyə təyin edilərək Moskvaya təyinat aldıqdan sonra da bir müddət bu iş təxirə salındı. Lakin 8 may 1983-cü ildə bu heykəlin təntənəli açılışı oldu. O vaxtlar Heydər Əliyev bundan xəbər tutub çox sevinmişdi.

 

24 yanvar həm də Həzi Aslanovun anım günüdür. 77 il öncə Həzi Aslanov Pribaltika cəbhəsində müəmmalı şəkildə həlak olmuşdur. Hər il bugünkü gün Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Həzi Aslanovun ev muzeyində də tədbirlər keçirilir. Builki anım mərasimi forma və məzmununa görə digər tədbirlərdən fərqlənib və tamaşaçıların böyük marağına səbəb olub.

 

Qonaqları və ziyarətçiləri Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və muzeyin əməkdaşları səmimiyyətlə qarşılayıblar.

 

Vətən müharibəsi iştirakçısı Hərbi Hava Qüvvələrinin zabiti Təbriz Əlizadənin pilot uniforması geymiş oğlu Emil Məmməd Arazın “Həzi burda doğulub” şeiri ilə qonaqlara bələdçilik edib.

 

Həzi Aslanovun 113 il öncə doğulduğu evin qarşısındakı abidə ziyarət olunub, önünə qərənfillər düzülüb.

 

Layihənin və Həzi Aslanov haqqında bir neçə kitabın müəllifi, Əməkdar İncəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani bir neçə gündür davam edən vətənpərvərlik tədbirləri həftəsinin gedişatı barədə mərasim iştirakçılarına ətraflı məlumat verib.

 

Unudulmaz sənətkarlarımız xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarovun 30 il öncə yaratdıqları, xalqımızın və Azərbaycan Ordusu şəxsi heyətinin “Döyüşən teatr” adlandırdığı Bakı Bələdiyyə Teatrının yaradıcı kollektivinin Abdulla Qurbaninin “Həzi Aslanov xatirələr işığında” adlı pyesi əsasında hazırladığı tamaşa böyük maraqla izlənilib.

 

Həzi Aslanovun obrazını məharətlə canlandıran aktyor İlqar Musayev, Xalq şairi Səməd Vurğun rolunun ifaçısı Rəşad Kəsəmənli, Həzi Aslanovun anası Nuşu xanımın, həyat yoldaşı Xavərin və oğlu Tofiqin obrazlarının ifaçıları Əməkdar artist Səmayə Sadıxova, Ülviyyə Rza və Kamran Babayev, cəbhə jurnalisti Əbil Yusifov, Həzi Aslanovun şəxsi həkimi olmuş mayor Beqiaşvili, polkovnik Filatov, leytenant Borovik və onun anası, o cümlədən ukraynalı qocaların rollarının ifaçıları olan İsmayıl Atakişiyev, Əməkdar artistlər Tofiq Bayramov, Əhməd Salayev, Mahirə Yaqubova, Rafiq İbrahimov, Şahzadə Babayeva, Toğrul Rza və başqalarının çıxışları alqışlarla qarşılanıb.

 

Ehtiyatda olan general-mayor Altay Mehdiyev deyib: “Həzi Aslanov mənim üçün ideal bir sərkərdədir. Sovet dövrü hərb tarixində müstəsna yeri olan Həzi Aslanovun xidmətləri bu gün də dünyanın hərbi mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir. Cinahlardan zərbələr ustası kimi tanınan qəhrəman həmyerlimiz haqqında Sovet İttifaqı marşalları, generallar, zabitlər, həmçinin, onun komandirlik etdiyi hərbi hissələrin sıravi döyüşçüləri həmişə fəxrlə söhbət açmış, yüksək əxlaqi və iradi keyfiyyətlərə malik bir şəxsiyyət, sərkərdə, əfsanəvi qəhrəman, hər şeydən öncə, içdiyi Hərbi Anda, Vətəninə, xalqına sadiq bir insan və general kimi qiymətləndirmişlər.

 

Azərbaycanın rəhbərləri və xalqımız Həzi Aslanovun adını həmişə əziz tutmuşdur. Lakin Həzi Aslanov şəxsiyyətinə və qəhrəmanlığına ən yüksək qiyməti bu il 100 illiyini dövlət səviyyəsində qeyd edəcəyimiz xalqımızın iftixarı Heydər Əliyev vermiş və onun adı layiqincə əbədiləşdirilmişdir. Mən və mənim yaşıdlarım peşəkar Həzi Aslanov hərbi məktəbindən bəhrələnmişik desək, heç də yanılmarıq. Şəxsən mənim və yüzlərlə mənim kimi azərbaycanlı gəncin öz gələcək taleyini Vətənə xidmət peşəsinə - hərbi peşəyə bağlamasının əsas səbəbkarı məhz Həzi Aslanov olmuşdur. Uşaq vaxtlarımızdan valideynlərimiz bizi dəfələrlə qəhrəmanın bu ev muzeyinə apararaq onun keçdiyi mənalı həyat və şanlı döyüş yolu haqqında saatlarla söhbət açmış, general barədə yazılmış kitabları, məqalələri oxumağı, filmlərə baxmağı tövsiyə etmişlər. Biz də öz növbəmizdə böyüyəndə Həzi kimi general olmağa, qəhrəman olmağa, yeri gələrsə, Vətən uğrunda canımızı belə əsirgəməməyə and içmişdik. Mən fəxr edirəm ki, xalqımızın görkəmli hərb xadimi Həzi Aslanovu yetirən bir bölgədə dünyaya gəlmiş, onun kimi taleyimi hərbi peşəyə bağlamış, Ulu Öndər Heydər Əliyevin və Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan Ordusunda yüksək vəzifələrdə xidmət etmişəm. Bu gün də Ali Baş Komandanın hər bir əmrinə hazıram!”

 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Vətən Müharibəsi Qəhrəmanı” (ölümündən sonra) adına layiq görülən tank taborunun komandiri, şəhid mayor Amid Heydərovun Lerik rayonundan gələn atası Rəbbil müəllim oğlunun Vətən müharibəsinin ilk günündən üzərinə “Həzi Aslanov” yazılan tank ilə hücuma keçərək düşmənin bir neçə səddini yardığından, dağıdıcı və sarsıdıcı zərbələr vurduğundan, düşmənə canlı qüvvə və texnika sarıdan xeyli itkilər verdiyindən qürurla danışıb. Oğlunun “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan Həzi Aslanov haqqında “Mən sizi dünyalar qədər sevirdim” bədii filminə baxdıqdan sonra hərbi peşəni seçdiyini, igid sərkərdənin davamçısı olduğunu fəxrlə dilə gətirib və bu gün Azərbaycan Ordusunda Həzi Aslanovun yüzlərlə, minlərlə davamçılarının olduğunu iftixar hissi ilə diqqətə çatdırıb.  

 

2016-cı ilin Aprel döyüşlərindən sonra “İgidliyə görə” və bir çox medallarla təltif olunan tank komandiri baş gizir Paşa Mehdiyevin Vətən müharibəsindən altı ay öncə silahdaşları ilə birlikdə Həzi Aslanovun ev muzeyini ziyarət etmələri, burada xatirə olaraq çinar ağacı əkmələri və Lələtəpə uğrunda döyüşlər zamanı geydiyi tankçı köynəyini muzeyə hədiyyə etməsi və Həzi Aslanovun “gimnastyorkası” ilə yanaşı sərgilənən həmin köynəyin də tamaşaçılar qarşısında nümayiş olunması, eləcə də Füzuli rayonundan mərasimə gələn şəhid baş gizirin oğlu Etibar Mehdizadənin kövrək çıxışı tədbir iştirakçılarına duyğulu anlar yaşadıb.

 

Vətən müharibəsində digər qoşun növləri ilə yanaşı Azərbaycan tankçıları da möhtəşəm Zəfərin qazanılmasında böyük səylər göstəriblər. Onlardan biri də Vətən Müharibəsi Qəhrəmanı əsgər Azər Abdullazadədir.

 

Əsgər A.Abdullazadə döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərib. Tərtər rayonundan anım mərasiminə gələn tankçı qəhrəman Vətən uğrunda neçə-neçə qəlpə yarası alsa da, bir gözünü itirsə də ruhdan düşmədiyini və yenə də Ali Baş Komandanın əmrinə hazır olduğunu deyib.

 

Gənc Vətən Müharibəsi Qəhrəmanının da çıxışını Həzisevər tədbir iştirakçıları alqışlarla qarşılayıb, ona şəfalar diləyib və hər bir gəncin Həzi, Amid, Paşa, Azər kimi qəhrəmanlardan nümunə götürmələrini arzulayıblar.

 

Azərbaycan hərb tarixinin, qəhrəmanlıq ənənələrinin təbliğində və Azərbaycan Ordusunun şəxsi heyətinə nümunəvi muzey xidmətlərinin göstərilməsinə görə Həzi Aslanovun ev muzeyinin təltif olunduğu Müdafiə Nazirliyinin Fəxri Fərmanı və qiymətli hədiyyə kollektivə təqdim olunub.

 

Bakı Bələdiyyə Teatrının aktyorlarına və qonaqlara Həzi Aslanov haqqında kitablar və albomlar hədiyyə edilib.

 

44 günlük Vətən müharibəsi zamanı igid oğullarımızın sayəsində azad edilən tarixi torpaqlarımızda bu gün də xidmətlərini şərəflə davam etdirən tankçı döyüşçülərin sonda bir ağızdan böyük qürur hissi ilə söylədikləri “Hər birimiz Həziyik, hər bir əmrə hazırıq!” sözlərini tədbir iştirakçıları ayaq üstə alqışlayıb və qalib Azərbaycan Ordusunun şərəfinə şüarlar səsləndiriblər.

 

Həzi Aslanovun nəvəsi polis general-mayoru Həzi Aslanov görkəmli sərkərdələrimizin adlarının əbədiləşdirilməsi, xatirələrinin əziz tutulması istiqamətində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Heydər Əliyev ənənələrinin bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.

 

Göstərilən bu diqqətə görə Müzəffər Ali Baş Komandana, qədirbilən Azərbaycan xalqına və bu tədbirlərin təşkilatçılarına, Müdafiə Nazirliyinin rəhbərliyinə, Bakı Bələdiyyə Teatrının kollektivinə Aslanovlar ailəsinin dərin minnətdarlığını bildirən polis general-mayoru Həzi Aslanov bu kimi tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayacağına əminliyini bildirib və Heydər Əliyevin bu fikirləri ilə çıxışını bitirib: “Atalarımızın, babalarımızın, əcdadlarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olmalıdır”.

 

 “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndərin sevimli qəhrəmanları” silsiləsindən Həzi Aslanova həsr olunan vətənpərvərlik tədbirləri həftəsinin proqramına əsasən Lənkəran şəhərində keçirilən növbəti tədbir Əməkdar artist polkovnik-leytenant Cahangir Qurbanovun ifa etdiyi “Həzilər yurdunun mərd oğulları” (sözləri A.Qurbaninin, musiqisi A.Zahidindir) mahnısının ifası ilə başa çatıb

Whatsapp
Bizə yazın!
Keçid et
İran azərbaycanlıları sanki diri-diri basdırmaq istəyir