Modern.az

Ərdoğanın 14 may təklifinə CHP-dən cavab - ÖZƏL

Ərdoğanın 14 may təklifinə CHP-dən cavab - ÖZƏL

Aktual

26 Yanvar 2023, 09:18

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) prezident seçkilərinin tarixinin may ayına çəkilməsinə münasibət bildirib.

 

Bu barədə Modern.az-a danışan CHP-li deputat Atilla Sertel seçki tarixinin dəyişdirilməsinin iqtidarın təşəbbüsü olduğunu deyib.

 

“Bu günə qədər seçkinin iyunda keçiriləcəyini deyirdilər. Ancaq sonra tarixi maya çəkdilər. Bu, onların seçimidir. Seçkini may ayına çəkmələrinin xüsusi səbəbi tələbələrin  səs verməsinin qarşısını almaqdır. Əlbəttə, biz lazımı tədbirlər görəcək və bütün tələbə qardaşlarımızın, gənclərin səs verməsi üçün çalışacağıq. Seçkidə qazanan tərəf Türkiyə olacaq.

 

Tələbələr qeydiyyatda olduqları ərazidən başqa şəhərlərə gedib oxuyurlar. Onların səs vermək  üçün öz şəhərlərinə getməsi imkansızdır. Çünki imtahan dönəmidir. Biz onların şəhərlərinə gedib, geri qayıtması üçün işlər görəcəyik. Nəticədə xalq qazanacaq”, - deyə müxalif deputat vurğulayıb.

 

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il üçün nəzərdə tutulan prezident seçkilərinin iyunda deyil, may ayının 14-də keçirilməsini təklif edib. Müxalifətin təmsil olunduğu “Altılı masa” AKP-dən gələn təklifə müsbət reaksiya verməyib.

 

Onu da bildirək ki, Türkiyədə hakim komandanın prezidentliyə namizədi Ərdoğan olsa da, onun rəqibi hələ məlum deyil. Müxalifətin vahid namizədini fevral ayında açıqlaması gözlənilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub