Modern.az

Səfirliyə hücum nəyə hesablanıb... – Güneydən ilk reaksiya

Səfirliyə hücum nəyə hesablanıb... – Güneydən ilk reaksiya

Aktual

27 Yanvar 2023, 13:03

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum qəbuledilməzdir və Tehran buna görə məsuliyyət daşıyır.

 

Bunu Modern.az-a açıqlamasında Güney Azərbaycandan olan siyasi şərhçi Məhsa Mehdili deyib.

 

Onun sözlərinə görə, İran tərəfi Azərbaycan səfirliyinin təhlükəsizliyini qorumayıb: “Hər bir dövlət öz ərazisində fəaliyyət göstərən səfirliklərin təhlükəsizliyini qorumağa borcludur. Beynəlxalq hüquq və normalara görə, İran səfirliyə hücuma görə məsuliyyət daşıyır. İranda baş verən bu hadisə ölkədə təhlükəsizliyin olmadığını göstərir”.

 

Məhsa Mehdili vurğulayıb ki, Azərbaycan səfirliyinə hücum edilməsinə İran dövləti şərait yaradıb:

 

“İrandakı atmosferdən xəbərdar olan hər kəs dövlətdən icazəsiz quş tutulmadığını bilir. O ki qaldı səfirliyə hücum edib adam öldürsünlər. Ona görə də, mən bu hadisəyə İran dövlətinin zəmin yaratdığını və göz yumduğunu düşünürəm. Hər halda çox iyrənc hücumdur. Səfirlikdə işləyənlərin nə günahı var idi? Bu insanlar İranda qonaqdılar və onların təhlükəsizliyi qorunmalıdır. Ancaq İran belə etmədi. Bu, onun böyük ayıbıdır”.

 

Siyasi şərhçinin fikrincə, səfirliyə hücum araşdırılmalı, İran beynəlxalq qanun qarşısında cavab verməlidir:

 

“İranda milyonlarla azərbaycanlı yaşayır. Bu hücum həm də onların təhlükəsizliyinə, varlığına təhdiddir. İran rejimi istəyir ki, Azərbaycanı hədəfə çevirsin. Azərbaycanın Qarabağ Zəfərindən sonra güclənməsi, Cənubi Qafqazda söz sahibi olması İranı qıcıqlandırır. Azərbaycan müxtəlif yollarla dostluq təklif etsə də, İran buna qarşı çıxaraq, ermənipərəst siyasət yürüdür".

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

 

Azərbaycan səfirliyinə hücum edən şəxs saxlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir