Modern.az

Azərbaycan-Macarıstan münasibətlərində strateji tərəfdaşlığa doğru mühüm addım

Azərbaycan-Macarıstan münasibətlərində strateji tərəfdaşlığa doğru mühüm addım

Aktual

31 Yanvar 2023, 21:51

Yanvarın 29-30-da Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanımı Mehriban Əliyevanın Budapeştə səfəri iki ölkə arasında əlaqələrin inkişafına təsir baxımından böyük əhəmiyyətə malik siyasi hadisədir. Bu səfər artıq Azərbaycan-Macarıstan münasibətlərinin yeni inkişaf mərhələsinə yüksəlməsinə mühüm töhfə kimi tarixə yazılmaqdadır.

 

Xatırladaq ki, 1991-ci il dekabrın 26-da Azərbaycan Respublikasının müstəqilliyini tanıyan Macarıstanla diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. Cənab İlham Əliyev ölkə rəhbəri seçildikdən sonra bu münasibətlər daha intensiv şəkildə inkişaf etməyə başlayıb. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. Bu dövr ərzində Azərbaycan liderinin bu ölkəyə 4 səfəri baş tutub. 

 

Sonuncu səfər çərçivəsində Azərbaycanla Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə və bir çox prioritet istiqamətlər üzrə mühüm əhəmiyyətli sazişlər imzalanmışdır ki, bu da gələcəkdə, bütün sahələrdə qarşılıqlı fayda əsasında daha səmərəli əməkdaşlıq üçün zəmin yaradır. Bu sənədlər arasında əsas müzakirə olunan məsələ qaz nəqli sahəsində əməkdaşlıqdır. Rusiya – Ukrayna müharibəsinin davam etməsi Avropa qitəsində enerji təhlükəsizliyinin aktuallığını gücləndirir. Azərbaycan qazının Şərqi və Mərkəzi Avropa ölkələrinə çatdırılması həmin ölkələr üçün bu problemin həll edilməsi ilə paralel olaraq, həm də Azərbaycan üçün enerji bazarlarının genişlənməsi deməkdir.

 

Azərbaycanın enerji siyasəti nəqliyyat yollarının şaxələndirilməsi üzərində qurulub ki, bu da indiki zamanda öz bəhrəsini verir. Ölkəmizin sabit və sülh siyasəti onu Avropa ölkələri üçün etibarlı tərəfdaşa çevirib. Bu uğura nail olunmasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin müsbət nəticələrə hesablanmış praqmatik xarici siyasətinin və çevik diplomatik addımlarının müstəsna rolu vardır. Bu, qitə ölkələrinin diqqətindən qaçmır. Ona görə Azərbaycan Prezidentin Avropa İttifaqına daxil olan ölkələrə səfəri zamanı onun şəxsiyyətinin, siyasətinin yüksək qiymətləndirilməsinin dəfələrlə şahidi olmuşuq. Elə bu səfər zamanı da Macarıstan Baş naziri Viktor Orbanın Prezident İlham Əliyev haqqında “Biz xarici siyasətdə bir-birimizi başa düşürük. Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Əfsuslar olsun ki, onun bütün bildiklərini öyrənə bilmədim. Çünki biz radikal tərəfə meylliyik və o, daha mülayim baxışları ilə tanınan siyasi xadimdir. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm” kimi səmimi etirafı dövlət başçımızın dünya çapında güclü lider obrazının daha bir təcəssümüdür. Bu, əlbəttə ki, xalqımızın milli qürurunu şərtləndirən əsas amillərdəndir.

 

Qeyd edək ki, Azərbaycan - Macarıstan münasibətləri təkcə enerji sahəsini əhatə etmir. Ümumiyyətlə, Azərbaycan enerji sektoru ilə yanaşı, qeyri-neft sektoru istiqamətdə də əməkdaşlıqda da maraqlıdır. Elə ona görə də Macarıstanla qurulan münasibətlərimizə bir çox digər sahələr də daxildir. Qeyd edək ki, 2009-cu ildən bəri iki ölkə arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərir. 

 

Məlum olduğu kumi, Avropa İttifaqının və NATO-nun üzvü olan Macarıstan həm də əlverişli coğrafi mövqeyi sayəsində Mərkəzi və Şərqi Avropanın ən böyük nəqliyyat xablarından birinə çevrilib. Qısa müddət ərzində iki ölkə arasında nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlıq uğurla inkişaf yoluna qədəm qoyub. Hazırda Azərbaycanda 20-dən çox Macarıstan investisiyalı şirkət əsasən kənd təsərrüfat, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərməkdədir. 2022-ci ildə Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb. Macarıstanın “Wizz Air” şirkəti Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviareyslər həyata keçirir.

 

Azərbaycanla Macarıstan arasında humanitar sahədə əlaqələr diqqət çəkir. Məsələn, Macarıstan hökumətinin maliyyə dəstəyi ilə “Stipendium Hungaricum” təqaüd proqramı çərçivəsində Macarıstanda Azərbaycan gənclərinin təhsil alması məqsədilə hər il 200 nəfərlik təqaüd ayrılır. Azərbaycan Dillər Universitetində Macar dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Belə nümunələr çoxdur.

 

Səfər çərçivəsində Şuşa şəhəri ilə Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və ictimai həyatın bir çox sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması, işğaldan azad edilmiş Qarabağ və Zəngəzur torpaqlarında çalışmaq üçün yaxın zamanlarda macar şirkətlərinin də cəlb edilməsi ilə bağlı ortaq niyyətin mövcudluğu onu göstərir ki, rəsmi Budapeşt Azərbaycanın haqq işini dəstəkləməklə onun bölgədəki nüfuzuna töhfə verir və gələcəkdə də bu mövqeyinə sadiq qalmaq əzmindədir. 

 

Azərbaycan-Macarıstan münasibətlərinin parlament ölçüsü də kifayət qədər səmərəli və məhsuldardır. Parlamentlər arasında münasibətlər dövlətlərarası əlaqələrimizin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Qanunvericilik orqanlarının rəhbərlikləri səviyyəsində təşkil olunan qarşılıqlı səfərlər və bu vaxtadək iki ölkə arasında imzalanan 50-dən artıq sənəd müqavilə-hüquq bazasının möhkəmlənməsində mühüm rol oynayıb. Çoxtərəfli platformada, xüsusilə BMT, ATƏT, NATO, Aİ, Şərq Tərəfdaşlığı, Vişeqrad Qrupu, Türk Dövlətləri Təşkilatı çərçivəsində iki ölkə arasında davamlı əməkdaşlıq əlaqələri inkişaf etdirilir. Ölkələrimizin qarşılaşdıqları problemlərin həllində  parlament diplomatiyasının əhəmiyyəti çox böyükdür. Deputatlarımız beynəlxalq parlament təşkilatlarında uğurla əməkdaşlıq edir, ölkələrimizin maraqlarının müdafiəsində bir-birinə dəstək verirlər. Macarıstan və Azərbaycan parlamentlərində fəaliyyət göstərən dostluq qrupları mütəmadi olaraq faydalı fikir mübadiləsi vasitəsilə ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynayırlar.

 

Diqqətçəkən məqəmlardan biri kimi, Macarıstanın baş naziri Viktor Orbanın xalqlarımız arasında yaşı uzun əsrlərlə ölçülən tarixi köklərin mövcudluğu barədə söz açmasını heç də təsadüfi saymaq olmaz. Xatırlatmaq istərdim ki, o, 2018-ci ildəki bəyanatında da bildirmişdi ki, macarlar özlərini Hun hökmdarı Atillanın nəslindən hesab edirlər və macar xalqı hun-türk köklərinə əsaslanır. Bu kontekstdə Macarıstanın türk ölkələri ilə əlaqələrin qurulmasında marağı məntiqli və anlaşılandır. Məlum olduğu kimi, 2018-ci ildən Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi olan bu ölkənin paytaxtında Türk Dövlətləri Təşkilatınin Nümayəndəlik Ofisi fəaliyyət göstərir və Macarıştanın gələcəkdə TDT-na tamhüquqlu üzv olmağı planlaşdırması rəsmi Budapeştin təşkilatla əməkdaşlıq əlaqələrinin inkişafına verdiyi böyük önəmdən irəli gəlir.

 

Nəzərdən qaçırmaq olmaz ki, Macarıstan bir çox nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Birliyində və NATO-da yetərincə güclü mövqeyə malikdir. Bu prizmadan yanaşsaq, görərik ki, ölkələrimiz arasında getdikcə möhkəmlənən qarşılıqlı münasibətlər Azərbaycanın Avropa məkanında yeni siyasi və iqtisadi dividentlər əldə etməsi üçün daha münbit şəraitin formalaşmasına güclü impuls verə bilər. Səfərin nəticələrinə həsr olunmuş mətbuata bəyanatında Prezident İlham Əliyev də İki ölkə arasındakı əlaqələrin yüksək templə davam etdiyini bildirmiş və bütün istiqamətlər üzrə qarşılıqlı münasibətlərin müsbət dinamika üzrə inkişaf edəcəyinə əminliyini ifadə etmişdir: “...bizim əməkdaşlığımızın çoxşaxəli mahiyyəti göz önündədir. Təbii ki, enerji sahəsi indi dünya və Avropa gündəliyini zəbt etdiyi üçün əsas rol oynayır. Ancaq bizim əməkdaşlığımızın başqa sahələri var. Əsas odur ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək”.

 

Əli Hüseynli
Milli Məclisin deputatı, Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu