Modern.az

Səfirliyimizə hücum edən terrorçu ruhi xəstəxanaya yerləşdirildi

Səfirliyimizə hücum edən terrorçu ruhi xəstəxanaya yerləşdirildi

1 Fevral 2023, 21:16

Yanvarın 27-də Azərbaycanın Tehranda yerləşən səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirilib.

 

Modern.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

 

Cinayət işinin istintaqını aparan Tehran Cinayət Prokurorluğu hesab edir ki, Y.Hüseynzadə şizofreniya daxil olmaqla, psixi problemlərdən əziyyət çəkir.

 

Məlumata görə, səfirlikdə terror aktı törədən cinayətkar azı bir ay Tehranda yerləşən psixiatriya xəstəxanasında qalacaq və müxtəlif müayinələrdən keçiriləcək.

 

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb. 

 

İran hakimiyyəti terror aktını ört-basdır etmək üçün hadisənin guya ailə münaqişəsi zəminində baş verdiyini açıqlayıb. Lakin əldə olunan faktlar Tehranın saxta iddialarını tamamilə ifşa edib. Belə məqamda Y.Hüseynzadənin xəstəxanaya yerləşdirilməsi İran rejiminin terroru himayə etməsindən irəli gəlir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır