Modern.az

Ölümə tərk edilən Saakaşviliyə Qərbin xəyanəti

Ölümə tərk edilən Saakaşviliyə Qərbin xəyanəti

3 Fevral 2023, 16:24

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin son fotoları görənləri şoka salıb. Bir ildən artıqdır ki, məhkum həyatı yaşayan eks-prezident sağlıq problemləri səbəbindən tanınmaz hala düşüb. Onun hakimiyyətin sifarişi ilə zəhərləndiyi, bu səbəbdən kəskin şəkildə çəki itirdiyi deyilir. Saakaşvilinin yaxınları həyəcan təbili çalaraq, sabiq dövlət başçısının müalicə almasa, ölə biləcəyini söyləyiblər. 

 

Son məlumatlara görə, Saakaşvilinin həkim qrupu həbsdən sonra onun çəkisinin 115 kiloqramdan 64 kiloqrama düşdüyünü bildirib. Gürcüstanın ədliyyə naziri Rati Breqadze isə ittihamlara cavabında, eks-liderin özünə zərər verdiyini və vəziyyətinin yeməkdən imtina etməsinin nəticəsi olduğunu deyib. 

 

Görünən odur ki, uzun müddətdir həbsdə olmasına baxmayaraq, Qərb yönümlü siyasətçiyə lazimi dəstək verilmir. Amma buna baxmayaraq, bəzi dünya liderləri onun məhkəmə iclasındakı acınacaqlı görünüşündən sonra Gürcüstan hakimiyyətini Saakaşvilini azadlığa buraxmağa çağırıblar. 

 

 

Modern.az bildirir ki, Saakaşvilini azad etməyə çağıran dünya liderləri arasında onun vətəndaşlığını daşıdığı Ukraynanın prezidenti Volodimir Zelenski də var. Ukrayna lideri Saakaşvilinin hakimiyyət tərəfindən işgəncə gördüyünü bildirib və Tbilisini onu azad etməyə səsləyib. 

 

“O, hazırkı Gürcüstan hökuməti tərəfindən öldürülməyə çalışılır. Hazırda Ukrayna vətəndaşı, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yavaş-yavaş öldürülür. 21-ci əsrdə Avropada bir insanın de-fakto açıq şəkildə edam edilməsi cəhdi ilə hələ də mübarizə aparmalı olmağımızın özü biabırçılıqdır”. 

 

Qeyd edək ki, Saakaşvili 2015-ci ildə Ukrayna vətəndaşlığı alıb və sonuncu məhkəmə iclasında üzərində “Mən ukraynalıyam” yazılmış köynəklə çıxış edib. O, həmçinin 2015-2016-cı illərdə Qərbi Odessa vilayətinin qubernatoru vəzifəsində çalışıb. 

 

Zelenski ilə yanaşı, Moldova Prezidenti Maya Sandu da Saakaşvilini dərhal azad etməyə çağırıb. 

 

“Avropa Birliyinə üzv olmaq istəyən bir ölkə üçün müxalifət liderinin işgəncə ilə öldürülməsi qəbuledilməzdir”,-deyə o tviter hesabında yazıb.  

 

Eyni zamanda Avropa Parlamenti Saakaşvilinin səhhəti ilə bağlı müzakirələr aparıb. Avropa komissarı Yohannes Hahn bildirib ki, Gürcüstan hökuməti eks-prezidentə lazımı tibbi xidmət göstərməyə borcludur. 

 

Avropa Şurasının xarici əlaqələr üzrə həmsədri Karl Bildt də Saakaşvilinin vəziyyəti ilə bağlı narahatlıqlarını bildirib.

 

"Gürcüstan rejimi əsas Avropa norma və dəyərlərinə uyğun yaşamalıdır”,- deyə o tviterdə yazıb.

 

Bundan başqa ötən ilin sonunda Saakaşvilinin Fransa Prezidenti Emmanuel Makrona əl ilə yazılmış bir not verdiyini iddia edirlər. Həmin məktubda qeyd edilir:  "SOS. Mən ölürəm, çox az vaxtım qalıb". 

 

Bütün bu çağırışlara baxmayaraq, Gürcüstan hakimiyyəti israrla bildirir ki, Saakasvili həbsxanadan azad olunmaq üçün saxta yollara əl atır və onun azad olunması Gürcüstanda sabitliyi poza bilər.  

 

Xatırladaq ki, Saakaşvili 2004-cü ildən 2013-cü ilə qədər iki dəfə seçilməklə Gürcüstanın prezidenti olub. Bu müddət ərzində o, əsasən korrupsiya ilə məşğul olan və Gürcüstanı Qərblə daha sıx birləşdirməyə çalışan islahatçı kimi qəbul edilib. Buna baxmayaraq, Saakaşvili insan haqlarının pozulmasına və tənqidlərə məruz qalıb. Saakaşvili 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi zamanı daha çox məşhurlaşıb.  

 

O, 2015-ci ildə Ukraynaya üz tutub. Saakaşviliyə Ukrayna vətəndaşlığı verilib və o vaxtkı prezidenti Petro Poroşenko tərəfindən Odessa qubernatoru təyin olunub. Lakin bu addım onun Gürcüstan vətəndaşlığını itirməsinə səbəb olub. Lakin Saakaşvili 2016-cı ildə Poroşenkonu islahat cəhdlərinə mane olmaqda ittiham edərək istefa verib. Daha sonra müxalif siyasi partiya yaradaraq Ukraynada korrupsiyanı pisləyən etiraz aksiyalarına rəhbərlik edib. Poroşenko 2017-ci ildə Saakaşvilini vətəndaşlığından məhrum etsə də, Zelenski hakimiyyətə gəldikdən sonra onun vətəndaşlığını bərpa edib. 

 

 

2018-ci ildə Saakaşvili xaricdə olarkən Gürcüstan məhkəməsi onu 2005-ci ildə müxalifətçi deputatın döyülməsi ilə bağlı sübutları ört-basdır etməyə cəhddə ittiham edib. Qərara əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək, qiyabi olaraq altı il həbs cəzasına məhkum edilib.  

 

Saakaşvili 2021-ci il oktyabrın 1-də səkkiz il xaricdə yaşadıqdan sonra Gürcüstana qayıdarkən həbs edilib. Gürcüstanın hazırkı baş naziri İrakli Qaribaşvili geri dönəcəyi təqdirdə onu həbs edəcəyi ilə hədələsə də, Saakaşvili buna məhəl qoymayıb və gürcülərin yerli seçkilərdə lideri olduğu Vahid Milli Hərəkat partiyasına səs verəcəyinə inanaraq geri qayıdıb. Gözlənilməz situasiya ilə üzləşən eks-prezident həbs olunaraq, məhbəs həyatına qədəm qoyub.

 

Təəccüblü görünsə də, vaxtilə Saakaşvilini müqəddəs hesab edən gürcülər onun həbsinə susmağı üstün tutublar. Elə ideyalarını təbliğ etdiyi Qərb ölkələri də, eks-prezidentin həbsinə və acınacaqlı durumuna laqeyd yanaşmaqla, gerçək mahiyyətini ortaya qoyub. Bu gün Saakaşvilinin ölümcül hala düşməsində ən böyük günahkarın məhz Qərb olduğunu desək, yanılmarıq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir