Modern.az

“Bəzi qurumlarda İranın casusları var” – Sensasion iddia

“Bəzi qurumlarda İranın casusları var” – Sensasion iddia

Aktual

3 Fevral 2023, 17:44

“İranın casus şəbəkəsi təkcə mediada və dini müstəvidə deyil, digər sahələrdə də araşdırma aparmaq, İrana işləyənləri ifşa etmək lazımdır”.

 

Bunu Modern.az-a politoloq Cümşüd Nuriyev Azərbaycandakı İran casuslarının ifşa olunmasından danışarkən deyib.

 

Onun sözlərinə görə, İran uzun illər ərzində Azərbaycanda özünə xidmət edən şəbəkə yaradıb:

 

“Azərbaycanın hüquq mühafizə orqanları İranın casus şəbəkəsinə qarşı uğurlu əməliyyatlar həyata keçirir. Hazırda bir neçə təşkilatda İranın adamlarının qol-qanad açdığı məlumdur. Ünvan göstərməklə alınmır. Ancaq yaxşı olardı ki, İranın mövqeyini dəstəkləyən hər kəs üzə çıxarılsın. Qurumlarda çalışanlar arasında da belə şəxslərin olması istisna deyil. İran öz adamlarını müxtəlif qurumlara da yerləşdirib. Hətta mən deyərdim ki, bəzi nazirliklərdə də şəbəkənin adamları var. Onları bir-bir ifşa etmək, cəzalandırmaq lazımdır”.

 

 

Politoloqun fikrincə, narkotik satışı ilə məşğul olan şəxslər də İranın nəzarətindədir:

 

“Bir də görürsən adamlar 1-2 il ərzində milyonların sahibi olurlar. Bu, rüşvətlə də mümkün deyil. Bu qədər pul ancaq narkoticarətdədir. Narkotik satışının başında duranlar yüksək dövlət postlarında ya özlərinə adam tapıblar, ya da özləri hansısa vəzifədə çalışırlar. Bu faktları ciddi araşdırmağa ehtiyac var”.

 

Cümşüd Nuriyev vurğulayıb ki, İranın ideyalarını təbliğ edən şəxslərin arasında mollalar da var:

 

“Yas mərasimlərini yola verən mollar da nəzarətdə saxlanmalıdır. Bizim mollalar iranlı məsləkdaşları kimi geyinir, onlar kimi danışmağa çalışırlar. Hər sözlərində, hər addımlarında farsları yamsılayırlar. Bu məsələlərə nəzarət etmək lazımdır. İnanıram ki, axtarış aparılsa, xeyli sayda İran casusu aşkarlanar”.

 

Qeyd edək ki, bu yaxınlarda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. Daxili İşlər Nazirliyi tərəfindən keçirilən əməliyyat nəticəsində SalamNews informasiya agentliyi və “İnteraz”da çalışan bəzi şəxslər daxil olmaqla 40-dan çox şübhəli şəxs saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar