Modern.az

Rəisi zəlzələ qurbanı olan azərbaycanlılarla bağlı tapşırıq verdi

Rəisi zəlzələ qurbanı olan azərbaycanlılarla bağlı tapşırıq verdi

3 Fevral 2023, 17:48

İran prezidenti İbrahim Rəisi fevralın 3-də zəlzələdən zərər çəkmiş Xoy şəhərində əhalinin vəziyyəti ilə bağlı Qərbi Azərbaycan vilayətinin qubernatoru ilə telefon danışığı aparıb və yenidənqurma işlərinin sürətləndirilməsini istəyib.

Modern.az xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.


Bildirilib ki, İran prezidenti telefon danışığı zamanı soyuq hava ilə əlaqədar müvəqqəti yerləşdirmə düşərgələrinin və sığınacaqların sayının artırılması və insanların ehtiyaclarının ödənilməsi barədə göstəriş verib.
 

Qərbi Azərbaycan vilayətinin qubernatoru da öz növbəsində Rəisiyə son yardım vəziyyəti haqqında ətraflı hesabat təqdim edib. Onun sözlərinə görə, indiyədək Xoy şəhərində 60 müvəqqəti məskunlaşma düşərgəsi yaradılıb və bu düşərgələrin sayı 100-ə çatdırılacaq.

Son zəlzələ nəticəsində şəhər və kənd yerlərində 12 minə yaxın yaşayış binasının dağıldığını deyən qubernator əlavə edib ki, indiyədək əhali arasında 25 mindən çox çadır paylanıb.

Xatırladaq ki, yanvarın 28-də İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 175 min əhalisi olan Xoy şəhərindən 23 kilometr cənub-şərqdə yerləşib. Güclü zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 900-dən çox insan yaralanıb.

Qərbi Azərbaycan vilayətinin qubernatorunun sözlərinə görə, zəlzələ 70 kənddə binalara 20-50 faiz ziyan vurub.
 

Zəlzələdən zərər çəkənlərin əsasən azərbaycanlılar olduğu bildirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi