Modern.az

Bizim Türkiyəmiz, dünyanın Türkiyəsi - Nəsiman Yaqublunun yazısı

Bizim Türkiyəmiz, dünyanın Türkiyəsi - Nəsiman Yaqublunun yazısı

Aktual

8 Fevral 2023, 12:06

Türkiyədə baş verən zəlzələnin törətdiyi faciələrdən hamımız üzgünük.Yüzlərlə insan itkisi, dağıntılar, faciənin hər ölçüdə miqyasının genişliyi bizi dərindən kədərləndirir.

      
 Lakin doğma Türkiyəmizin bu ağır sınaqdan çıxa biləcəyinə bütün varlığımızla inanırıq. Və bu çətin günlərdə biz hamımız Türkiyəmizin yanındayıq.

    
Türkiyə yalnız bizim - türklərin, müsəlmanların Türkiyəsi deyil. Türkiyə bu gün bütün dünyada haqqı əzilən, hüquqları tapdanan, yaşadığı torpaqları işğalda qalan  insanların, xalqların Türkiyəsidir. Bu narahat dünyamızda Türkiyənin səsi  dünyanın hansı guşəsindən eşidilmir?

      
Milli mənsubiyyət baxımından Türkiyə bir millətin (türk millətinin) hüdudlarını aşaraq dünyada yaşayan bütün millətlərin müdafiəçisinə çevrilməkdədəir.

       
Dini baxımdan Türkiyə yalnız müsəlman toplumunun deyil, digər inanclara məxsus xalqların da xilaskarıdır.

     
Yaşadığımız XXI əsrin mürəkkəb şərtləri daxilində Türkiyə bu zamanlara qədər dünyanın aparıcı dövlətləri olan güc mərkəzlərinin, yaxud beynəlxalq qurumlarının gerçəkləşdirə bilmədiyi mövqeni ortaya qoydu.

      
BMT-nin, Avropa Şurasının, Avropa İttifaqının, digər nüfuzlu beynəlxalq qurumların işini Türkiyə uğurla gerçəkləşdirməyə başladı.

     
Son hadisələrdə isə Rusiya - Ukrayna savaşında Türkiyə yürütdüyü düzgün siyasətlə dünyanın taxıl ehtiyacının ödənilməsinin təminatçısına çevrildi.

     
Türkiyə güc mərkəzinə çevrilməyə başladı və bunu bəzi Avropa ölkələri kimi etmədi, yəni “xristian klubu” yaratmaqdan uzaqlaşıb milliyyətindən, dinindən asılı olmayan “birlik və qurumlar” formalaşdırdı.

       
Dünyanın haqqı tapdanan xalqları Türkiyəni sevməyə başladı. Və bu xalqlar  dünənki  zamana qədər  ümid yeri kimi baxdıqları ABŞ-ı, Fransanı və digər ölkələri yox, Türkiyəni seçdilər. Əslində Türkiyə köhnəlmiş beynəlxalq qurumların (BMT, Avropa İttifaqı və s.) yeni forma və məzmunda real görüntüsünə çevrilməyə başladı.

    
Türkiyə haqlı olaraq Rusiya – Ukrayna savaşında qismən neytrallıq nümayiş etdirib hər iki tərəfi danışıq stoluna – sülhə dəvət edə bildi.

   
Türkiyənin səsi Bosniyadan, Kosovadan, Suriyadan, Liviyadan, İraqdan, Qarabağdan, Əfqanıstandan eşidilməyə başladı. Bu həm də əməli fəaliyyətə çevrildi. Bəzi bölgələrdə savaşı dayandırmağı bacardı. Qarabağda isə 30 illik işğala son qoyulmasında Türkiyənin əvəzsiz xidmətləri vardır.

    
Bu fəaliyyəti, nə ABŞ, nə Fransa, nə də digər beynəlxalq qurumlar yerinə yetirdi. Türkiyə “söz” dövləti yox, “əməl” dövlətinə çevrildi.

       
Əslində Türkiyə BMT-nin Təhlükəsizlik Şurasının (beş aparıcı üzvü olsa da - ABŞ, Böyük Britaniya, Fransa, Çin və Rusiya) “de fakto” üzvünə çevrildi.

    
Türkiyə “insan haqları” adı ilə oynayan ABŞ-a, Fransaya, İsveçə adi bir məntiqi izah etməyə çalışdı- “terroru dəstəkləməmək”. Çünki heç bir “insan haqqı vı hüququ” anlayışı günahsız insanların həyatına son qoyan “terrordan” önəmli ola bilməz.

      
Türkiyənin qətiyyətli mövqe və davranışı köhnə qaydalarla yaşamağa vərdiş etmiş dünya güclərini zamanınca silkələməkdə və ayıltmaqdadır: yəni dünyanı belə yanaşmalarla  idarə etmək olmaz.

        
Maraqlıdır ki, Türkiyəni sevənlərlə yanaşı, sevməyənlər də tədricən onunla hesablaşmağa başlayır.

     
Bu gün Türkiyə ağır sınaq qarşısındadır. Dünyanın çox sayda dövlət, üzvü olduğu NATO ölkələri onun yanındadır. NATO-da Türkiyəyə sayğı olaraq bayraqlar yarıya endirilib. Dünyanın hər guşəsindən “Türkiyənin yanındayıq” sözləri eşidilməkdədir.

      
Türkiyə bizimdir, Türkiyə dünyanındır. 

Nəsiman Yaqublu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü