Modern.az

“İndiyədək sağ qalmaq möcüzədir” - Türkiyəli deputat son durumu açıqladı

“İndiyədək sağ qalmaq möcüzədir” - Türkiyəli deputat son durumu açıqladı

8 Fevral 2023, 16:40

Zəlzələ Kahramanmaraşda çoxsaylı problemlər yaradıb.

 

Bunu Modern.az-a Türkiyə Böyük Millət Məclisində (TBMM) CHP-ni təmsil edən millət vəkili Atilla Sertel zəlzələ bölgəsindəki son vəziyyət barədə danışarkən deyib.

 

Kahramanmaraşın çökmüş vəziyyətdə olduğunu deyən deputat Azərbaycan xilasedicilərinin Türkiyənin köməyinə yetişdiyini söyləyib:

 

“Kahramanmaraş tamamilə çökmüş vəziyyətdədir. Çadırlar hələ gəlməyib. İnsanlar üşüyür, onların sığınma problemləri var. Dünyanın hər yerindən xilasetmə qrupları gəlir. Azərbaycandan da qruplar gəlib. Onlarla görüşdüm. Lakin xilasetmə əməkdaşlarının əraziyə çatdırılmasında problemlər yaşanır. Xalq çox pis vəziyyətdədir. Su, çörək, sığınma, hətta tualet problemi var. Xalq özünü xilas etməyə çalışır”.

 

CHP-li deputatın sözlərinə görə, soyuq hava şəraiti xilasetmə əməliyyatlarını daha da çətinləşdirir:

 

“Müəyyən yerlərdə bələdiyyənin yardımı ilə xilasetmə işlərində irəliləyiş var. Ancaq ölü sayının artmasını istisna etmirik. Hələ də axtarış aparılmayan binalar var. Həmin binaların dağıntıları altında insanlar qalıb. O insanlar canlıdır, ya yox, bunu bilmirik. Dağıntılar altında indiyə kimi sağ qalmaq artıq möcüzədir. Hava çox soyuqdur. Gecələr hava şəraiti mənfi 10-15 dərəcə olur. Havanın soyuq olması vəziyyəti daha da çətinləşdirir”.

 

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 8574 nəfər ölüb, 49 133 nəfər yaralanıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı