Modern.az

AKP-dən seçkilərin təxirə salınması iddialarına CAVAB

AKP-dən seçkilərin təxirə salınması iddialarına CAVAB

Aktual

8 Fevral 2023, 14:44

Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ bütün dünyada geniş rezonans doğurub. Zəlzələ səbəbindən Türkiyədə mayda keçirilməsi planlaşdırılan prezident seçkilərinin təxirə salınacağı gözlənilir. Ehtimal olunur ki, zəlzələ bölgəsində fövqəladə vəziyyət rejiminin tətbiq olunması, eyni zamanda təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlərin davam etdiyi dönəmdə seçkilərin təşkili məqsədəuyğun deyil. Türkiyənin müxalifət təmsilçiləri də indiki vəziyyətin seçki üçün uyğun olmadığını, seçim tarixinin ertələnəcəyini bildirirlər.

 

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, AKP-ni təmsil edən deputat Şamil Ayrım Modern.az-a açıqlamasında bildirib ki, belə iddianın ortaya atılması yanlışdır. Onun sözlərinə görə, hazırda bütün Türkiyənin diqqəti zəlzələ bölgəsinə yönəlib.

 

“Bunları danışmaq üçün hələ çox tezdir. Bizim indi əsas hədəfimiz dağıntılar altında qalan canları qurtarmaqdır. Biz oradakı canları qurtara bilmədikdən sonra seçkilərin nə önəmi var? Belə iddiaları ortaya atmaq yanlışdır. Axtarış işləri dayansın, otalıq sakitləşsin, sonra bu məsələyə lazım gələrsə, baxılacaq. Təbii ki, ehtiyac olarsa, bu məsələ hökumət və məclis tərəfindən dəyərləndirilər. Buna gərək varsa, seçki mərhələsi dayandırılar, yoxdursa, davam etdiriləcək. Amma hazırda bunları düşünmək yanlışdır”.  

 

"Bloomberg" nəşri isə iddia edir ki, mayın 14-nə təyin edilmiş prezident və parlament seçkilərini təxirə salınmayacaq. "Ərdoğan zəlzələ səbəbindən seçkiləri təxirə salmaq niyyətində deyil", - deyə nəşrin yaydığı məlumatda qeyd olunub.

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Təbii fəlakət zamanı ölənlərin sayı 7108 nəfərə çatıb. Son məlumatlara görə, yaralı sayı 40 910 nəfərdir. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü