Modern.az

“Biz qardaşıq və bunu ürəkdən yaşayırıq” – Türkiyə səfiri

“Biz qardaşıq və bunu ürəkdən yaşayırıq” – Türkiyə səfiri

Aktual

8 Fevral 2023, 16:10

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı dövlətimizin başçısını qarşılayıb.

 

Modern.az bildirir ki, Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb. Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

 

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib:

 

- Hörmətli cənab Prezident, ziyarətiniz üçün çox təşəkkür edirəm, böyüklük göstərdiniz. Sağ olun, var olun.

 

Biz bilirik ki, qardaş Azərbaycan ilk dəqiqədən etibarən Sizin tapşırığınızla səfərbər olmuşdur. Təkcə Fövqəladə Hallar Nazirliyi ilə deyil, bütün qurumları, cəmiyyətləri, xalqı ilə səfərbər olmuşdur. Ürəkləri bizim acımızı yüngülləşdirmək üçün döyünmüşdür. Biz bunun şahidi olduq, görürük. Çox təşəkkür edirik, sağ olun.

 

Həqiqətən çox böyük zəlzələ oldu. Türkiyə tarixində ilk dəfə lokal olmayan zəlzələ bizə böyük acı verdi. Ondan çox şəhərə, on milyondan çox insanımıza təsir etdi, itkilərimiz hər gün artır. Allah millətimizə səbir versin və bir daha bizə belə böyük acı yaşatmasın, İnşallah.

 

Hörmətli cənab Prezident, çox təşəkkür edirəm. Həqiqətən Azərbaycan bir ürək olmuşdur. Xalqımız gücü nəyə çatırsa yardım edir. Yardım üçün çalışan insanların zəhməti sayəsində hazırda yük maşınları yola çıxıb. Həqiqətən minnətdarıq. Bu gün Milli Məclisin sədri hörmətli Sahibə xanım, hörmətli Baş nazir Əli Əsədov və iqtisadiyyat naziri Mikayıl Cabbarov zəng etdilər. Sizin tapşırığınızla qurumlar istər daşıma, istərsə də generator, transformator, xəstəxana ləvazimatlarına ehtiyacla bağlı maraqlanırlar. Biz də onlarla koordinasiya şəraitində işləyirik.

 

Yaralarımızı sağaltmaq üçün dəstəyinizə görə çox sağ olun. Biz bilirik ki, qardaşıq və bunu ürəkdən yaşayırıq, hiss edirik. Türkiyə də bütün qəlbi ilə Azərbaycana təşəkkürlərini çatdırır, hörmətli cənab Prezident.

 

Prezident İlham Əliyev: Sağ olun.

 

Cahit Bağçı: Sağ olun, cənab Prezident.

Bu xəbər ilə bağlı
Türkiyədən xəstələri də gətirməyə hazırıq - İlham Əliyev 
Xəbəri oxu
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır