Fransa Prezidenti Emmanuel Makronun 59-cu Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Fransa dünyada” adlı tədbirdəki çıxışı birmənalı qarşılanmayıb. Makron Münhendə rəsmi Moskva ilə bağlı sərt fikirlər səsləndirib, eyni zamanda Parisin müttəfiqlərini Rusiyanın işğalının qarşısını almaq üçün Ukraynaya hərbi dəstəyi artırmağa çağırıb. O, Qafqazın problemlərini Kremlin həll edəcəyinə heç kimin inanmadığını bildirib, eyni zamanda Ermənistanın yanında dayanmağa davam edəcəyini söyləyib.
Avropanı təmsil edən Makronun Rusiyanı pisləyib, işğalçı Ermənistana dəstək verməsi öz ölkəsində də müsbət qarşılanmayıb.
Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Milli Assambleyasının keçmiş üzvü Jerom Lambert Modern.az-a açıqlamasında bildirib ki, Makron ağıldan çox hislərlə çıxış edir.
“Mühhen konfransı zamanı Fransa Prezidenti Emmanuel Makronun çıxışını izləyərkən görürdük ki, o məntiqlə hərəkət etmir və ya etmək istəmir. Düşünürəm ki, Prezident Makron ağıldan çox hislərlə hərəkət edir və o müəyyən hislərə qapılıb. Onun geostrateji məsələlərə yanaşması zəifdir. Makronun münaqişə ocaqları ilə bağlı çıxışları göstərir ki, o, vəziyyəti daha da alovlandırmaq istəyir. Amma Avropanın, ən azından Fransanın mövqeyi belə olmalı deyil. Əksinə Makron Cənubi Qafqazda və Ukraynada vəziyyəti daha da pisləndirmək istiqamətində çıxışlar edib.
Hazırkı vəziyyətdə Rusiya və Ukrayna, eyni zamanda Azərbaycan-Ermənistan münasibətində yalnız sülh axtarışları dünyanı səfərbər etməlidir. Amma Rusiyanı və Azərbaycanı hədəf alaraq münaqişələri qızışdırmaq çox təhlükəli yanaşmadır. Ona görə də Fransa prezidenti belə çıxışlardan əl çəkməli, Avropanın sülh mövqeyindən çıxış etməlidir”, - deyə Jerom Lambert vurğulayıb.