Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumunun istintaqı ilə bağlı İran tərəfinə çoxlu suallarımız var.
Modern.az xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Real TV-yə müsahibəsində deyib.
O, istintaqla bağlı qaranlıq məqamların olduğunu bildirib.
“Bu şəxsin yarım saatdan artıq müddətdə diplomatik korpusa silahlı basqın etməsi və buna qarşı təhlükəsizlik orqanları tərəfindən heç bir tədbir görülməməsi, avtomatı necə əldə etməsi qaranlıq qalır. Onun iki odlu silahı olub. İran mətbuatında xəbər yayılıb ki, həmin şəxs psixiatriya xəstəxanasına yerləşdirilib. İşin halları da göstərir ki, bu, təşkil olunub. Cinayətin iştirakçıları, sifarişçiləri və icraçıları məsuliyyətə cəlb olunmalıdırlar. Biz bununla bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ilə birgə İran tərəfinə hüquqi yardım haqqında vəsatət hazırlayırıq. Zəruri olsa, bizim prokurorluq və DTX əməkdaşları İrana ezam olunacaqlar”, - deyə Baş prokuror vurğulayıb.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Məlumata görə, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Terror aktını törədən İran vətəndaşı Yasin Hüseynzadə saxlanılıb.