Modern.az

Paşinyanın Berlindən verdiyi sülh mesajı nəyə hesablanıb - ŞƏRH

Paşinyanın Berlindən verdiyi sülh mesajı nəyə hesablanıb - ŞƏRH

Aktual

3 Mart 2023, 13:56

Ermənistanın Baş naziri Nikol Paşinyan Berlindən Bakıya mesaj ünvanlayıb. Almaniyada səfərdə olan baş nazir çıxışı zamanı Ermənistan və Azərbaycan arasında danışıqların üç istiqamətdə getdiyini söyləyib.


O deyib ki, əsas istiqamətlər münasibətlərin normallaşmasına dair razılaşma, regionda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin blokadadan çıxarılması, sərhədlərin delimitasiyası və təhlükəsizlikdir.


"Sülh müqaviləsi regionumuz üçün real və davamlı sülh sənədi olmalıdır. Mən sülh, sabitlik, regional və beynəlxalq əməkdaşlıq naminə bu məsuliyyəti daşımağa hazıram”, - deyə Paşinyan bildirib.

 

Ermənistan liderinin Berlində sülhlə bağlı çıxışı nədən xəbər verir?

 

 

Mövzunu Modern.az-a şərh edən politoloq Elşən Manafov söyləyib ki, Paşinyan sülh təkliflərini havadarları ilə birlikdə hazırlayıb.


"Paşinyanın açıqlamaları daxili auditoriyaya hesablanıb. Səsləndirdiyi fikirlər ictimai məzmunlu deyil. Onun Qərb təmsilçisi olduğunu nəzərə alsaq, Azərbaycana ünvanladığı sülh təkliflərini havadarları ilə məsləhətləşməsi istisna deyil. Ermənistan onsuz da Azərbaycanla yekun sülh müqaviləsinin şərtlərinin təşkil olunması ilə bağlı komissiya yaratmışdı və öz təkliflərini ölkəmizə göndərmişdi. Ancaq biz əvvəlcədən demişdik ki, sülh müqaviləsi 5 əsas şərt üzərində qurulacaq", - deyə o bildirib.


E.Manafov vurğulayıb ki, Ermənistan Qərblə birlikdə addım atsa da, Rusiyanı nəzərə almalıdır:

 

"Sülh danışıqlarında əsas məsələlərdən biri sərhədlərin demarkasiya olunmasıdır. Bütün hallarda Paşinyanın Brüssel və Soçidə Qarabağın Azərbaycan torpağı olmasını qəbul etməsi dövlətimizin əldə etdiyi ciddi uğurlarından biridir. Ermənistanın Baş naziri bölgədə olan yeni reallığı və Azərbaycanın xarici siyasətini nəzərə alaraq bu cür çıxış edib. Təbii ki, Paşinyan belə danışsa da, Rusiyanın Ermənistan üzərində olan təsir imkanlarından xəbərdardır. Çünki onların gücünü nəzərə almasa, Rusiya müəyyən addımlar ata bilər. Həmçinin, o, sülh sazişi ilə bağlı bütün məqamlara aydınlıq gətirsə, Rusiya ehtiyatda olan planını işə salacaq. Paşinyanın mandatı çərçivəsində bütün məsuliyyəti üstünə götürməsi, əslində başa düşüləndir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular