“Yaşadığımız ev atamın adınadır. O da qəfildən rəhmətə getdi, ona görə bizə bir sənəd yazıb qoymağa imkan olmadı. İndi mənzili öz adıma keçirmək istəyirəm. Amma deyirlər, məhkəməyə müraciət etməlisən, iddia yazmalısan, varislərin hamısı məhkəməyə getməlidir, hakim qarşısında ifadə verməlidir. Bunları təşkil etmək üçün mütləq vəkil lazımdır. Vəkillər də bir işi 1000 manatdan aşağı görmürlər…” Bakı sakini Xalid Ağayev maddi sıxıntı içindədir. Amma keyfiyyətli hüquqşünas yardımına ehtiyacı var. Redaksiyamıza müraciət edən Xalid Ağayev harada pulsuz yardım ala biləcəyi ilə maraqlanır.
Bu cür problemlərlə üzləşən vətəndaşlar əslində hansı instansiyaya müraciət edəcəklərini bilmirlər. Bəzi hallarda onların keyfiyyətli hüquqi yardım almağa maddi imkanları çatmır. Məhz bu cür vətəndaşlara kömək etmək məqsədi ilə bir sıra QHT-lər tərəfindən "Dövlət tərəfindən təmin edilən hüquqi yardım haqqında" qanun layihəsi hazırlanıb. Bu sənəddə imkansız insanlara ödənişsiz hüquqi yardımın göstərilməsi nəzərdə tutulub. Qanun layihəsi Azərbaycan Hüquq İslahatları Mərkəzi (AHİM) və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının (AHK) birgə təşəbbüsü ilə hazırlanıb. Layihənin hazırlanmasında 14 nəfər peşəkar hüquqşünasdan-vəkillərdən, alimlərdən ibarət tərkibdə İşçi Qrupu iştirak edib. Sənədin hazırlanması məqsədilə Türkiyə, Litva, Almaniya, Finlandiya və digər dövlətlərin bu sahədəki təcrübəsi öyrənildi və həmin təcrübələrdən istifadə olunub.
KİM PULSUZ İŞLƏYƏCƏK?
Ödənişsiz hüquqi yardıma aid bu qanun layihəsi aztəminatlı və əhalinin sosial cəhətdən həssas qruplarının pulsuz hüquqi yardıma çıxış imkanlarını müəyyən edir. Burada həmçinin vətəndaşların keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi, regionlarda vəkil çatışmazlığı probleminin həlli, vətəndaşların hüquq və maraqlarının təmini, yerlərdə ödənişsiz hüquqi yardım göstərəcək qurumların yaradılması ilə bağlı məsələlər əksini tapıb. Bu qanunda vətəndaşlara dövlət tərəfindən təmin edilən hüquqi yardımın göstərilməsi üçün ayrılmış xüsusi vəsait hesabına ilkin hüquqi yardım göstərən şəxslər – parayuristlər haqqında anlayış verilib. Parayuristlər ali hüquq təhsili olan, vəkillik fəaliyyəti ilə məşğul olmayan, xüsusi təlim keçən şəxslər olacaq.
Sənəddə əhalinin aztəminatlı təbəqəsinə hüquqi yardım göstərəcək qurumun - Milli Şuranın yaradılması da təklif olunur. Bu təşkilat dövlət büdcəsindən maliyyələşdiriləcək.
Layihəyə görə, dövlət tərəfindən əhaliyə həm ilkin, həm də peşəkar hüquqi yardım göstərilə bilər. Yəni məsləhətdən tutmuş, məhkəmələrdə iştirak, məhkumun maraqlarının müdafiəsi və təmsil olunması və s. kimi işlər görülə bilər. Layihə həmçinin “kim dövlətdən hüquqi yardım ala bilər” sualına da cavab verilib. Sənədə görə, əsasən aztəminatlı, sosial yardım alan şəxslər bu imkandan yararlana bilər. Amma bəzi hallarda gəlir səviyyəsindən asılı olmayaraq başqaları da pulsuz hüquqi yardım ala biləcək. Məsələn, cinayət işləri ilə bağlı hüquqi yardıma ehtiyac yaranan zaman ədalət mühakiməsinin maraqları tələb etdiyi, lakin belə yardımı ödəmək üçün kifayət qədər vəsaitləri olmayan şəxslər bura aiddir.
Layihənin müəlliflərindən biri, sənədi hazırlayan işçi qrupun rəhbəri Bakı Hüquq Mərkəzinin rəhbəri Anar Bağırov deyir ki, qanunvericilikdə vətəndaşların pulsuz yardım almaq hüququ verilir, amma bunun mexanizmi yoxdur: “Biz də işçi qrup çərçivəsində bu problemi qaldırdıq, gündəmə gətirdik, müzakirə predmetinə çevirdik. Nəticədə bir sıra dəyişikliklərin yaranmasında katalizator rolunu oynadı, artıq təkliflərimiz layihə şəklində ortadadır və Milli Məclis tərəfindən də maraqla qarşılanıb. Bu, işçi qrupun bir ildən çox müddətdə apardığı hüquqi maarifləndirmənin, təbliğatın nəticəsidir”
MƏHKƏMƏ, PROKURORLUQ VAR, VƏKİL YOXDUR
A.Bağırov deyir ki, indi Azərbaycan üzrə çoxsaylı hüquq klinikaları yaradılıb, regionlarda da belə mərkəzlər fəaliyyət göstərir: “Amma söhbət problemin lokal yox, ölkə səviyyəsində həllindən gedir. Hər bir rayonda məhkəmə, prokurorluq var, amma vəkil yoxdur. Gənc vəkillər rayonlara getmək istəmirlər. Elə rayonlar var ki, orada cəmi 1-2 hüquqşünas işləyir. Əgər dövlət hüquqi yardım almaq hüququnu veribsə, onda onun təminatını da öz öhdəsinə götürməlidir”. Hüquqşünas deyir ki, bəziləri ümumiyyətlə “pulsuz hüququ yardım” anlayışını düzgün anlamırlar. Məsələn, elə bilirlər ki, vəkil pulsuz işləməlidir: Vəkil vətəndaşa pulsuz yardım göstərməlidir. Amma onun əməyi, işi dəyərləndirilməlidir. Bəzi məmurlar bunu başa düşmür, az qalır desinlər ki, “vəkildir, canı çıxsın, pulsuz işləsin”. Amma vəkil də işinə görə ağlabatan səciyyədə pul almalıdır”.
Yeri gəlmişkən, qonşu ölkələrə baxanda Azərbaycanda vəkillərin aldığı qonorar o qədər də yüksək deyil. Məsələn, Gürcüstanda vəkil maaşı minimum 550 avrodur. Yerevanda da qiymət yüksəkdir. Azərbaycanda isə vəkilin 1 saatı 2 manatdır. Vəkil gündə 8 saat işləsə, 350 manatdan çox pul qazana bilməyəcək. Bunun da 22 faizi sosial ödənişlərə gedir. Belə çıxır, vəkil pulsuz işləməlidir. Halbuki keyfiyyətli yardım üçün ağlabatan məbləğdə də ödəniş olmalıdır.
PULSUZ YARDIM XİDMƏTİ ASAN-A VERİLSİN?
A.Bağırov deyir ki, vəkillərə pulsuz xidmətlərə görə dövlət tərəfindən verilən vəsaitin məbləği artırılmalıdır: “Bu gün adambaşına düşən hüquq xidmətinə görə vəkillərin sayı çox azdır. Vaxtilə, adambaşına düşən hakimin sayına görə də Avropada geridə idik. Lakin son vaxtlar davamlı tədbirlər görüldü, indi orta səviyyəyə çatmışıq. Ümid edirəm, yaxın illərdə vəkil sayına görə də ön cəbhəyə keçə biləcəyik”.
Anar Bağırov deyir ki, dövlət tərəfindən pulsuz hüquqi yardım xidmətinin ASAN xidmətinə verilməsini təklif edənlər də var. Əslində, bu, ASAN xidmətinin təbiətinə uyğun bir funksiyadır, sosial innovasiyanın bir növüdür. Burada da yeni xidmət təqdim olunur, aztəminatlı, imkansız şəxslərin bu hüquqa çatımlılığı təmin olunacaq. Bu təklif daha ox tərəfdar tapsa, biz öz konsepsiyamıza yenidən baxa bilərik”.
Hazırda pulsuz hüquq yardım göstərən, vətəndaşlar üçün iddia hazırlayan, sorğular göndərən QHT-lər var. Hətta sırf Avropa Məhkəməsinə ərizələrin hazırlanması xidmətini göstərən təşkilatlar da mövcuddur. Bəzi qurumlar vətəndaşlara mülkiyyət məsələlərinə dair yardım göstərir. Təəssüf ki, çox vaxt belə layihələr Bakıda icra olunur, həm də qısa müddət davam edir.
KƏND CAMAATINA PULSUZ VƏKİL VERİLƏCƏK
Rayonlarda hüquqi yardım məsələsinə gəlincə, Azərbaycan Hüquqşünaslar Konfederasiyasının icra etdiyi layihələrdən biri bu problemi qismən həll edəcək. Belə ki, AHK-nın Azərbaycan Hüquq Konsorsiumu və Amerika Beynəlxalq İnkişaf Agentliyinin birgə layihəsi çərçivəsində 4 il ərzində Azərbaycanın 4 regionunda pulsuz hüquqi xidmət göstərən mərkəzlər işə salınacaq.
AHK-nın sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hesab edir ki, ölkədə hər bir vətəndaşın hüquqi yardım əldə edə bilməsinə şərait yaradılmalıdır: “Əslində, hüquqi yardım göstərənlər çoxdur, amma bəzən təəssüf ki, hər zaman keyfiyyətli olmur. Biz də düşünürük ki, bu prosesləri necə davamlı etmək olar. Ehtiyac varsa, qanun qəbul edib mexanizm yarada bilərik. Bu layihə əsasən 4 regionu əhatə edəcək. Amma gələcəkdə bütün regionlarda bunu keyfiyyətli və davamlı şəkildə icra etmək olar. Hazırda Azərbaycan dövlətin bu işə maliyyə ayırmaq imkanları var. Əgər biz bunun mexanizmini yaratsaq, Az-da vətəndaşların keyfiyyətli hüquqi yardım almasına böyük töhfə vermiş olarıq”.
Ə.Hüseynli deyir ki, hələlik qanun layihəsi konsepsiya şəklində müzakirə olunur, müxtəlif ölkələrin təcrübələri öyrənilir. Bir sıra ölkələrdə bu işi vəkillər kollegiyası görür: “Bəlkə Az-da da vəkillərin sayını artırmaqla bu işi həyata keçirmək olar. Bəlkə də pulsuz yardımı müstəqil hüquq tədris mərkəzləri reallaşdıra bilər. Hələlik bu məqamlar müəyyənləşdirilməyib”.
Statistikaya görə, Azərbaycanda cinayət sahəsində hər 10 min nəfərə bir hüquqşünas düşür. Beynəlxalq standartlara görə bu, aşağı göstərici sayılır. Hazırda ölkəmizdə təxminən 130 min ailə imkansız sayılır və onlara dövlət tərəfindən ünvanlı sosial yardım verilir.
F.Məmmədova
Qeyd: Yazı GİZ-in elan etdiyi "Azərbaycanda ədalət mühakiməsinə çatımlılıqla bağlı aktual vəziyyət" mövzusunda müsabiqəyə təqdim olunur