Bu gün Xəzər universitetində "Huma Quşu” Təhsilə Yardım Fondunun (Fond) təqdimat mərasimi keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və media təmsilçiləri iştirak edib.
Modern.az xəbər verir ki, "Huma Quşu" fondunun əməkdaşı Nigar Babazadə Humay haqqında və fondla bağlı çıxış edib.
"Humay təhsilə, elmə marağı olan insan idi. Bu fondu yaradanda çox istəyərdik ki, kömək etdiyimiz xanımlar həyatda özü üçün yer tuta bilsin. Çünki belə olduğu halda Humayın da ruhu şad olar. Çox istəyirik ki, oxumağa meyli olan tələbələrə yardım edək", - deyə o bildirib.
Sonra Humay Quliyeva haqqında çəkilmiş, dostlarının və həmkarlarının xatirələrinin yer aldığı sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, fond Qırmızı Xaç Komitəsinin əməkdaşı, həmin Komitənin xətti ilə Kolumbiyanin Medelin şəhərində çalışdığı zaman faciəli şəkildə hayatını itirən Humay Vilayət qızı Quliyevanın xatirəsini yaşatmaq və humanitar faaliyyətini davam etdirmək məqsədi ilə yaradılıb.
Humayın anası Şəhla Vəzirova çıxışında qeyd edib ki, fondun əsas məqsədi aztəminatlı, oxumaq istəyən tələbələrə yardım etməkdir.
"Bu fond qızımın xatirəsi yaşadılması üçün yaradılıb.Bu fond bizim ailəmizin təşəbbüsü ilə yaradılıb. Təbii ki, dostlarımın da köməyi oldu. Bizim məqsədimiz oxumaq istəyib ancaq buna imkanı çatmayan insanlara kömək etməkdir", - deyə o bildirib.
Xatırladaq ki, bundan öncə belə tədbir Bakı Slavyan Universitetində keçirilib.