Modern.az

Parlamentdə əlilliyi olan şəxslərin iş problemi qaldırıldı

Parlamentdə əlilliyi olan şəxslərin iş problemi qaldırıldı

17 Mart 2023, 13:05

Hesabatda peşə və ixtisaslar üzrə hazırlıq kurslarına 173 əlilliyi olan şəxslərin cəlb edildiyi əksini tapıb ki, bu da qeyd olunan kateqoriyadan olan şəxslərin məşğulluğunun təmin olunması istiqamətində çox mühüm göstəricilərdən biridir. Peşə hazırlığı kurslarını bitirmiş şəxslərin nə qədər hissəsinin əmək bazarında iş tapmağa müvəffəq olması barədə faktların açıqlanması da düşünürəm ki, ümumilikdə bu təşəbbüsün nəticələrinin düzgün qiymətləndirilməsi baxımından yaxşı olardı.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Soltan Məmmədov hökumətin hesabatının müzakirəsi zamanı deyib.

 

Deputat bildirib ki, əlilliyi olan şəxslərin məşğulluq probleminin həlli ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada kvota üzrə iş yerlərinin ayrılması nəzərdə tutulur: “Qanunun bu tələbinə lazımı səviyyədə riayət etməyən, əlilliyi müəyyən edilmiş şəxsləri işə götürmək istəməyən qurumlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə diqqət daha da artırılmalıdır. Eyni zamanda bu istiqamətdə stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi də məqsədəuyğun olardı. Bununla bağlı bir məqamı da diqqətə çatdırmaq istərdim ki, əmək bazarında ayrı-seçkiliyə məruz qalanlar sırasında irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlar da var. Baxmayaraq ki, onların səhhəti nə fiziki aktivliyi və iş qabiliyyəti baxımından maneə yaradır, nə də ünsiyyətdə olduğu şəxslər üçün təhlükə mənbəyidir. Çünki bu xəstəliklərin yoluxucluq xüsusiyyəti yoxdur”.

 

“2021-ci il ərzində sığortaolunan kimi qeydiyyata alınmış şəxslərin sayı 274,8 min nəfər və ya 6 faiz artaraq, hesabat dövrünün sonuna 4,9 milyon nəfər təşkil etmişdir. Əmək münasibətləri sahəsində bütün əməliyyatların rəqəmsal müstəviyə keçidini təmin edən “Əmək və Məşğulluq” altsistemi çox mühüm nailiyyətlərdən biri kimi qiymətləndirilməlidir. Hesabatdan da görünür ki, ƏMAS altsistemində əmək müqavilələrinin sayı 3,7 faiz artaraq 1746,3 min təşkil edib. Bu əmək müqavilələrinin ümumi sayının bir hissəsidir. Biz ötən il payız sessiyasında “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın 4.2-ci bəndinə əsasən bir sıra qanunlara dəyişikliklər qəbul etmişik. Bu baxımdan, əmək müqavilərinin yalnız bir hissəsinin ƏMAS-a daxil edilməsi dövlət qurumlarının elektron inteqrasiyanın sürətləndirilməsinin vacibliyini göstərir.

 

Eyni zamanda, ƏMAS-ın tətbiqindən əvvəlki dövrdə imzalanmış əmək müqavilələrinin də bu sistemə daxil edilməsi ilə bağlı görülən işlərin nəticələrinin də açıqlanması çox faydalı olardı. Bir məsələni də vurğulamaq istərdim ki, bu gün Azərbaycan səhiyyə sahəsində dövlət proqramlarının uğurla icrasına görə nümunəvi ölkələr sırasında göstərilir. Lakin bu proqramların icrasına nəzarətlə bağlı daha konkret mexanizmlərin tətbiqinə ehtiyac var. Hesablama Palatasının 2021-ci ilə dair hesabatında bu barədə qeydlər var idi. Əvvəlki çıxışlarımda mən də bu məsələyə toxunmuşdum. İndiki halda Azərbaycanda icbari tibbi sığorta sisteminin uğurlu tətbiqi ayrı-ayrı xəstəliklərlə mübarizə sahəsində qəbul olunmuş dövlət proqramlarının icbari tibbi sığorta sisteminə inteqrasiyanın mümkün olduğunu deməyə əsas verir. Bu, belə proqramlardan faydalanmaq istəyən bütün vətəndaşlara bərabər imkanlar yaratmaq üçün vacibdir. Hökumətin ötən ilki hesabatında haqqında danışdığım bir məsələyə təkrar toxunmaq istərdim. Uşaqlarda anadangəlmə ürək qüsurlarının aradan qaldırılması məqsədilə 5,2 milyon manat vəsait ayrılıb. Bunun cəmi 826 min manatı xərclənib, 331 kardiocərrahiyyə əməliyyatı keçirilib. Çox yaxşı olardı ki, ayrılan vəsait bu sahədə xidmətlərin təkmilləşdirilməsinə, peşəkar mütəxəssislərin yetişdirilməsinə sərf olunsun. Ölkədə yeni doğulan hər 1000 uşağın 7-8-i ürək qüsurlu olur. Yəni bu çox ciddi bir problemdir və dövlətin ayırdığı resursları yönəltməklə bu problemin həllində daha yüksək nəticələr əldə etmək mümkündür. Azərbaycanda icbari tibbi sığorta zərfinə daxil olan xidmətlərin sayı ildən-ilə artır. Bu proses özəl tibb müəssislərinə göndərişlərin sayında da artımla müşayiət olunur. Hesabatdan da göründüyü kimi, özəl səhiyyə müəssisələrin göndərişlərin həcmində 5,7 dəfə artım qeydə alınıb. Bu baxımdan, həm dövlət, həm də özəl səhiyyə qurumlarında göstərilən tibbi xidmətlərin keyfiyyətinə nəzarətin gücləndirilməsi də diqqətdə olmalıdır. Diaqnostika, müayinə, profilaktika, müalicə protokollarına riayət edilməsi ilə bağlı məsələlərə məhz Səhiyyə Nazirliyi tərəfindən nəzarət tədbirləri ilə bağlı məlumatların da hesabatda əksini tapması ümumi mənzərə haqqında daha aydın təsəvvür yarada bilər”,- deyə deputat çıxışında vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!