Modern.az

BMU-da təhsil alan əcnəbi tələbələr üçün Novruz şənliyi

BMU-da təhsil alan əcnəbi tələbələr üçün Novruz şənliyi

18 Mart 2023, 17:10

Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan əcnəbi tələbələr üçün Novruz bayramı münasibətilə tədbirlər təşkil olunub.

 

Universitetdə təhsil alan I kurs əcnəbi tələbələr üçün keçirilən “Multikultural Novruz bayramı” adlı tədbirdə Xarici dillər kafedrasının müdiri, dosent Ətrabə Gül Azərbaycanın milli bayramı olan Novruz bayramının xalımızın qədim adət-ənənələrini özündə yaşatdığını bildirib. Kafedra müdiri həmrəylik rəmzi kimi qəbul olunan Novruzun müxtəlif dinlərin, irqlərin nümayəndələri olan xalqları bir-birilə daha da yaxınlaşdırdığını önə çəkib, 2010-cu ildən BMT Baş Assambleyasının qərarı ilə hər il 21 mart tarixinin Dünya Novruz Günü kimi qeyd edildiyini vurğulayıb.

 

Novruz bayramının tarixi, əsrlərin sınağından çıxmış ənənələri, rəmzləri haqda ətraflı məlumatın verildiyi toplantıda həmçinin, əcnəbi tələbələr öz ölkələrinin milli bayramları, bu bayramların Novruz bayramı ilə oxşar və fərqli cəhətləri haqda danışıblar.

 

Xarici tələbələrin “Yallı” rəqsi ilə davam edən tədbirdə Novruz şirniyyatları təqdim edilib.

 

Digər tədbir BMU-nun Mühəndislik fakültəsinin və universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə baş tutub. Tədbirə Mühəndislik fakültəsində təhsil alan əcnəbi tələbələr qatılıblar.

 

Fakültənin dekanı Hüseyn Mirzəyev, BMU THİK-in sədri Ləman Şərifova bayram toplantısında milli-mənəvi dəyərlərimizin zənginliyini təcəssüm etdirən, eyni zamanda birlik, mehribanlıq, qardaşlıq rəmzi kimi qəbul olunan Novruz bayramı barədə informasiyaları əcnəbi tələbələrlə bölüşüblər.

 

Tədbirdə tələbələrə Novruz təamları təqdim olunub.

 

Bayram şənliyi tələbələrin ifasında milli rəqslər və musiqi ifaları ilə davam edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı