Modern.az

Fazil Mustafanı bu səbəbdən hədəf alıblar - Komitə sədri açıqladı

Fazil Mustafanı bu səbəbdən hədəf alıblar - Komitə sədri açıqladı

Aktual

28 Mart 2023, 23:55

"Fazil Mustafa dövləti, milləti istəyən adam idi. Həm də ölkədə xarici təsirlərə qarşı mübarizə aparan, tənqid edən şəxs olub. Bu səbəbdən belə bir adamı hədəf alıblar".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deputat Fazil Mustafaya qarşı sui-qəsd olayına münasibət bildirərkən deyib.

 

"Onların vermək istədiyi mesajlar var. Yəqin, demək istəyirlər ki, Azərbaycan geosiyası tələblərə tabe olmasa, başqa yollara əl atacaqlar. Hazırkı vəziyyətdən sonra hadisələrin detalları, arxasında duran səbəblər bilinəcək. Hüquq-mühafizə orqanları tez bir zamanda cinayətkarın tapılması istiqamətində tədbirlər həyata keçirəcək. Fazil Mustafaya atılan güllə hansı ölkədən, dairələrdən edilib, hazırda bunu deyə bilmərik. Yanlış nəticələrə gətirib çıxara bilər. Amma yanlış olmayan bir şey var ki, Fazil Mustafa fəal mövqeyinə görə o gülləyə tuş gəlib. Ona görə də adi, sıradan adamı yox, onu seçiblər", - deyə komitə sədri vurğulayıb.

 

Zahid Oruc xatırladıb ki, 90-cı illərdə dövlətə qarşı bu cür siyasi terrorlar baş verib: "Qarabağ müharibəsindən qalan silahlarla kimlərsə daxildə belə terrorlar törədirdi. Amma indi düşünmürəm ki, bu qədər silah İkinci Qarabağ müharibəsindən insanlarda qalsın. Dövlətin bu məsələyə xüsusi nəzarəti var. Heç şübhəsiz ki, bu hadisə sifarişli olub. Azərbaycan çox ağır mərhələlərdən keçib. Ona görə də ölkənin dəyərli, əhəmiyyətli insanlarını belə terrorla aradan götürmək mümkün olmayacaq".

 

Qeyd edək ki, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd olub. O, evinin yaxınlığında güllələnib. Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır