Modern.az

İsraildə səfirliyimizin açılmasına Rusiyadan reaksiya: Sevinirik ki…

İsraildə səfirliyimizin açılmasına Rusiyadan reaksiya: Sevinirik ki…

31 Mart 2023, 12:03

Martın 29-da İsraildə Azərbaycan səfirliyinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İsrailin XİN başçısı Eli Kohen strateji əməkdaşlığın gücləndirilməsində diplomatik əlaqələrin mühüm rol oynadığını bildiriblər. 

 

C.Bayramov deyib ki, Azərbaycan xarici siyasətində bütün ölkələrlə dost və tərəfdaşlıq əlaqələrinin inkişafını təşviq edib. Onun fikrincə, Azərbaycanın hər hansı bir dövlətlə yaxın əlaqələrinin qurulması və inkişafı digər ölkələri narahat etməməlidir.

 

Eli Kohen isə vurğulayıb ki, Azərbaycan İsrailin strateji tərəfdaşıdır və səfirliyin açılması iki ölkə arasında strateji münasibətləri əks etdirir. XİN başçısı qeyd edib ki, İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələrimizin 30 illik tarixi ərzində mühüm əhəmiyyət kəsb edir: “Biz regional təhlükəsizlik, enerji, turizm və digər sahələrdə əməkdaşlıq edirik. Azərbaycanda müsəlman dünyasında ən böyük yəhudi icmalarından biri mövcuddur”.

 

İsraildə Azərbaycan səfirliyinin açılması və iki ölkə arasında əlaqələrin güclənməsinə reaksiyalar fərqlidir. Belə ki, strateji əməkdaşlığa sevinənlərlə yanaşı, qısqananlara da rast gəlmək olar. Bu məqamda qonşu Rusiyanın mövqeyi maraq doğurur. Beynəlxalq təhdidlərlə üzləşən Rusiyanın İsraildə Azərbaycan səfirliyinin açılmasına reaksiyası necədir? 

 

 

Bu barədə Modern.az-a rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix bildirib ki, Azərbaycan və İsrail arasında əlaqələrin güclənməsi Rusiya üçün daha çox əlverişlidir: 

 

“Azərbaycanın tarixdə ilk dəfə İsraildə səfirliyinin açılmasına Rusiyadan reaksiya müsbətdir. Rusiya yalnız belə bir addımı alqışlaya bilər. Bilirsiniz ki, müharibə şəraitində Rusiya dünya ölkələri tərəfindən sərt təzyiqlərə məruz qalıb. Buna Rusiya və İsrail arasında əlaqələr də daxildir. Qonşu və strateji tərəfdaşımız olan Azərbaycan və İsrail arasında əlaqələrin güclənməsi sevindiricidir. İndiki şəraitdə bu, yalnız ölkəmizin xeyrinə ola bilər, eyni zamanda ölkəmizə beynəlxalq təzyiqlərin artdığı bir vaxtda Rusiya ilə İsrail arasında birləşdirici ipə çevrilə bilər. Çünki İsrail Rusiyanın da strateji tərəfdarı olub”.  

 

 

Rusiyalı politoloq, həmçinin səfirliyin açılmasından sonra regiondakı siyasi əlaqələrə də toxunub: 

 

“Azərbaycan və İsrail arasında diplomatik münasibətlərin daha da güclənməsi çətin ki, İranın hərbi əməliyyatlara başlamasına səbəb olsun. Nəzərinizə çatdırım ki, İran ərazisinə edilən son raket hücumları da regionda qarşıdurmaya gətirib çıxarmadı. Ona görə də baş verə biləcək maksimum həmlə İranla Azərbaycan arasında diplomatik münasibətlərin kəsilməsi olacaq”.

 

Xatırladaq ki, 2022-ci ilin sonunda Milli Məclis Azərbaycanın İsraildə səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib. Noyabrın 26-da Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiqləyib. Prezident İlham Əliyevin yanvarın 11-də imzaladığı sərəncamla Muxtar Məmmədov Azərbaycanın İsraildəki fövqəladə və səlahiyyətli səfir təyin edilib. M.Məmmədov bu il martın 26-da etimadnaməsini İsrail Prezidenti İsxak Hersoqa təqdim edib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir