Modern.az

Türkiyədəki seçkilərdə namizəd olan azərbaycanlılar - FOTO

Türkiyədəki seçkilərdə namizəd olan azərbaycanlılar - FOTO

Aktual

3 Aprel 2023, 13:26

Türkiyənin gündəmini zəbt edən parlament və prezident seçkilərinə iki aydan az vaxt qalıb. Seçkilər qardaş ölkə ilə yanaşı, Azərbaycanda da diqqət mərkəzindədir və geniş müzakirə olunur.

 

Seçkilərin Azərbaycan ictimaiyyəti üçün maraqlı olmasının səbəblərindən biri namizədlər arasında soydaşlarımızın yer almasıdır. Belə ki, mayın 14-də Türkiyədə keçiriləcək parlament və prezident seçkilərində iştirak edəcək namizədlər arasında azərbaycanlılar da var.  

 

Modern.az Türkiyədəki seçkilərin azərbaycanlı namizədləri barədə məlumatları təqdim edir:

 

İlk olaraq bildirək ki, Azərbaycan əsilli Sinan Oğan Türkiyədə prezident seçkilərində iştirak edəcək.

 

 

Türkiyədə sağ blokda təmsil olunan Zəfər Partiyası, Ədalət Partiyası, Doğru Partiya, Türkiyə İttifaqı Partiyası və Ölkəm Partiyasının daxil olduğu siyasi koalisiya - “ATA İttifaqı” seçkilərdə Sinan Oğanın Türkiyə prezidentliyinə namizədliyini irəli sürüb.

 

Əslən azərbaycanlı olan Sinan Oğan 1967-ci ildə İğdırda anadan olub. 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb. 

 

Sinan Oğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) İğdır bölgəsindən Türkiyə Böyük Millət Məclisinə keçirilən seçkilərdə qalib gələrək deputat mandatı qazanıb. 

 

O, Azərbaycan dövləti və xalqının maraqlarını daha ardıcıl və sistemli şəkildə müdafiə etməsi üçün Türkiyə Azərbaycan Dərnəyi (TAD) diaspor təşkilatını yaradıb. 

 

S.Oğan 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi medalı”na layiq görülüb. 

 

Türkiyədə deputat olmaq istəyən azərbaycanlılar...

 

Türkiyədə Qərbi Azərbaycan İcmasını təmsil edən Azərbaycan əsilli yazıçı, tədqiqatçı, Anka Türk Birliyinin sədri Dərya Akdemirin parlament seçkilərində namizədliyi qeydə alınıb.

 

 

O, müstəqil olaraq İstanbulun üçüncü seçki dairəsindən namizədliyini irəli sürüb və Ali Seçki Komissiyasına təqdim etdiyi sənədlər yoxlandıqdan sonra müsbət cavab alıb. 

 

“Türkiyə parlamentində bir Azərbaycan türkü olaraq təmsil edilməkdə məqsədim Türkiyə-Azərbaycan, eləcə də digər türkdilli dövlətlər arasında əlaqələrin inkişafına bacardığım qədər dəstək verməkdir”,- deyə namizəd bildirib.

 

Parlament seçkilərində iştirak edəcək növbəti soydaşımız Qərbi Azərbaycan əsilli Əsmayə Novruzova Özörmenoğludur.  

 

 

O, millət vəkilliyinə namizədliyini Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) irəli sürüb.  

 

1977-ci il təvəllüdlü Ə.Özörmenoğlu ixtisasca həkimdir. 2017-ci ildə Ankara Universitetinin Uşaq Sağlamlığı və Xəstəlikləri fakültəsində təkmilləşdirmə təhsili alarkən tanış olduğu Türkiyə vətəndaşı Alper Özörmenoğlu ilə 2018-ci ildə ailə qurub və qardaş ölkədə məskunlaşıb. 2021-ci ildən Antalya Memorial Xəstəxanasında həkim olaraq çalışır.

 

Özörmenoğlunun sözlərinə görə, hazırda yaşadığı Antalya şəhərində 60-dək namizəd 17 millət vəkili yeri uğrunda mübarizə aparır.

 

O, bu mübarizədə qalib olacağına inanır: “Türkiyə Böyük Millət Məclisində (TBMM) millət vəkilliyinə namizədliyimi irəli sürməkdə başlıca məqsədim, Türkiyə vətəndaş olaraq Prezident İlham Əliyevin ideyası əsasında "Qərbi Azərbaycan İcması" çərçivəsində həyata keçirilən Qayıdış Konsepsiyası ilə əlaqədar uğurlu siyasətinin nəticələrini TBMM-in gündəminə gətirmək və qardaş ölkədə yaşayan azərbaycanlıların səsi olmaqdır. Seçki fəaliyyətlərimi partiyamızın və Türk dünyasının müdrik lideri Dövlət Bağçalının göstərişinə uyğun olaraq icra edəcəyəm. Hazırda partiyamızda namizədlər arasında yarış mərhələsindəyik”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi