Deputat həmkarımız Fazil Mustafaya qarşı törədilmiş terrorda əli olanların hamısı layiqli cavablarını alacaqlar.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva bildirib.
“Bu işdə əli olan, vasitəçi olan hər kəs cəzasını alacaq. Fazil bəyə atılmış güllə bütün Azərbaycana qarşı atılıb. Xaricdən idarə olunan belə şəbəkələrin ölkəmizdə maraqlarını hər bir azərbaycanlı bilməlidir və buna qarşı mübarizə aparmalıdır. Terrorun arxasında gizlənənlər bilməlidir ki, Azərbaycan xalqını bu kimi addımlarla qorxuda bilməzlər. Terror törədənlər layiqli cavablarını alacaqlar”, - deyə deputat vurğulayıb.
Qeyd edək ki, martın 28-də Milli Məclisin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Cinayətdə şübhəli bilinən 6 nəfər müəyyən edilərək saxlanılıb.