Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə İnam İmdad oğlu Kərimov Azərbaycanın kənd təsərrüfatı naziri vəzifəsindən azad edilib. Digər sərəncamla o, Ali Məhkəmənin sədri təyin edilib.
Modern.az İnam Kərimovun tərcümeyi-halını təqdim edir:
O, 1977-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. 1984-cü ildən 1994-cü ilə qədər S. C. Pişəvəri adına Humanitar fənlər Gimnaziyasında təhsil alıb. 1994–1995-ci illərdə Amerika Birləşmiş Ştatların İndiana ştatında yerləşən Riçmond Orta məktəbində təhsilini davam etdirib. 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinə qəbul olub. 1998-ci ildən 2000-ci ilə qədər Fransanın Strasburq Universitetində hüquq ixtisası üzə bakalavr təhsili alıb. 2000–2002-ci illərdə isə Sorbonna Universitetində hüquq ixtisası üzrə magistr təhsili alıb. 2013-cü ildə Sorbonna Universitetində hüquq elmləri doktoru (docteur en droit) elmi dərəcəsi alıb.
İnam Kərimov 2002-ci ildən 2004-cü ilədək Azərbaycan Prezidentinin Administrasiyasında məsləhətçi, 2004–2012-ci illərdə baş məsləhətçi vəzifələrində çalışıb. O, 2005–2012-ci illərdə Azərbaycanın Korrupsiyaya qarşı mübarizə üzrə Komisiyyasının katibi və Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycanın nümayəndə heyətinin rəhbəri olub.
Prezident İlham Əliyevin 7 sentyabr 2012-ci il tarixli Sərəncamı ilə İnam Kərimov Azərbaycanın Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilib.
O, 21 aprel 2018-ci ildə Azərbaycanın Kənd təsərrüfatı naziri vəzifəsinə təyin olunub.
İngilis, fransız, rus və fars dillərini bilir. Ailəlidir, 2 övladı var.
Qeyd edək ki, İnam Kərimovdan əvvəl Ali Məhkəmənin sədri Ramiz Rzayev olub. O, 18 il sədr vəzifəsində çalışıb.