Modern.az

“İnam Kərimov üçün çətin olacaq...” - Deputatlardan reaksiya

“İnam Kərimov üçün çətin olacaq...” - Deputatlardan reaksiya

8 Aprel 2023, 10:38

Bu yaxınlarda Ali Məhkəmənin sədri təyin olunan İnam Kərimovdan gözləntilər böyükdür. Təyinatı müxtəlif səpkidə müzakirələrə səbəb olan İ.Kərimovun məhkəmə sistemində korrupsiya şəbəkəsinə qarşı mübarizə aparması, bu sahədə şəffaflığı təmin etməsi əsas istiqamət hesab olunur. 

 

Doğrudur, illərlə oturuşmuş korrupsiya mexanizminin kökünü qısa zaman ərzində kəsmək asan olmasa da, İ.Kərimovun bu məsuliyyətli vəzifənin öhdəsindən gələcəyi şübhə doğurmur. Onun Azərbaycanı dünyada tanıdan "ASAN Xidmət" modelinin tətbiqində rolu və Kənd Təsərrüfatı Nazirliyinə gətirdiyi yenilikçi ideyalar Ali Məhkəmədə də diqqətçəkən dəyişikliklərin olacağını deməyə əsas verir.

 

Bəs deputatların gözləntiləri necədir? İnam Kərimov məhkəmələri korrupsiyadan təmizləyə biləcəkmi?

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, yeni sədr çox ciddi işləməli olacaq:

 

“İnam Kərimov Ali Məhkəmənin sədri kimi təsdiq edildikdən sonra mətbuatdakı fikirlərə baxdım. Düzdür, fikir ayrılıqları var. İnam Kərimov cavandır və hüquq fakültəsini bitirib. "Asan Xidmət"in qurulmasında müəyyən qədər rolu var. Mən hesab edirəm ki, yavaş-yavaş püxtələşəcək. Əsas odur ki, məhkəmədə korrupsiya hallarının qarşısı alınsın. Məhkəmə sistemi ilə əlaqədar kifayət qədər şikayətlər var. Məhkəmələrin qanunauyğun yox, müəyyən sifarişlər əsasında fəaliyyəti hamımıza məlumdur. Məhkəmə sistemi barədə çox da müsbət fikirlər yoxdur. Hakimlər qanunu pozur, insanları incidirlər, məhkəmə prosedur qaydalarına riayət etmir. Yeni sədr onlar barədə müəyyən qərarlar qəbul etməli olacaq. Bir sözlə, İnam Kərimov çox ciddi işləməli olacaq”.

 

 

Deputat hesab edir ki, Ali Məhkəmənin yeni sədri fəaliyyəti dövründə müəyyən çətinliklərlə üzləşə bilər:

 

“Son zamanlar cavan kadrlar daha çox təyin olunur. Müəyyən iradlar səsləndirilir. İradların olmasına baxmayaraq, bu cür təyinatlar lazımlı və vacibdir. Dövlət başçısının apardığı kadr islahatını mən şəxsən dəstəkləyirəm. Yeni kadrlar çox yüksək təcrübəyə malik olmasalar da, işləri yüksək şəkildə qurmaq üçün savad və biliyə malikdirlər. İnam Kərimov belə kadrlardan biridir. Mən hesab edirəm ki, müəyyən qanunauyğunsuzluqlar aradan qaldırılmalı, şəffaflıq yaradılmalıdır. Məhkəmə sistemində aşkarlıq təmin edilməlidir.  Bu isə çətin proses olacaq. O, haqqı, ədaləti bərpa etmək istəsə, məhkəmə sisteminin şəffaf, korrupsiyadan uzaq olmasına çalışsa və digər neqativ halları aradan qaldırmaq istəsə, əlbəttə, bu, çətin olacaq. Çünki kənardan da ona təsir etmək istəyən müəyyən qüvvələr olacaq. Hesab edirəm ki, onun imkanları və savadı kifayət qədərdir ki, müəyyən əməliyyatları həyata keçirsin. Məhkəmə sistemini şəffaflandırsın. Ümumiyyətlə, korrupsiya halları baş verməsin”.

 

 

Deputat Kamran Bayramov isə qeyd edib ki, İnam Kərimov korrupsiya məsələsinə xüsusi diqqət yetirəcək:

 

“Biz korrupsiya ilə mübarizədən danışırıqsa, nəzərə almalıyıq ki, bura ancaq Ali Məhkəmə daxil deyil. Burada məhkəmə orqanlarının, Ədliyyə Nazirliyinin, Məhkəmə Hüquq Şurasının da rolu var. İnam Kərimovun iş təcrübəsi onu deməyə imkan verir ki, o, bu məsələyə xüsusi diqqət yetirəcək. Vaxtilə həm Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsində, eyni zamanda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi vəzifəsində çalışıb. Düşünürəm ki, korrupsiya ilə mübarizə sahəsində kifayət qədər təcrübə və bacarığa malikdir. Onun birbaşa məhkəmə hakimiyyətini, ədalət mühakiməsini həyata keçirən qurumun rəhbərliyinə təyin edilməsi bu sahədə uğurları və nailiyyətləri daha da artıracaq. Kifayət qədər düşünülmüş, yaxşı təyinatdır. Bu təyinat məhkəmə fəaliyyətinin daha da təkmilləşdirilməsi, eyni zamanda mənfi halların aradan qaldırılması və gələcəkdə məhkəmə hakimiyyətinin daha şəffaf keçirilməsi, ədalətin tam şəffaf təmin edilməsi və vətəndaşlarımızın hüquqlarının etibarlı qorunmasına xidmət edir”.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU