Modern.az

Qarabağı, Təbrizi kəndinə gətirən ŞƏHİD

Aktual

10 Aprel 2023, 17:20

Məsum, saf və nakam baxışlarda böyüyən VƏTƏN

 

Əli Rzalı…

Dostumuz Elşad Paşasoyun bacısı oğlu Əli…

Kəlbəcərin azadlığı uğrunda ŞƏHİD olan Əli…

Yardımlının Bilnə kəndini tanıdan Əli…

 

***

Yardımlının Bilnə kəndinə getmək çoxdankı arzumuz idi. Hələ 44 günlük Vətən savaşından xeyli öncə Elşad Paşasoya dəfələrlə demişdik ki, bizi kəndlərinə dəvət etsin. Kəndlərini şəkildən görmüşdük, gözümüz tutmuşdu.

Açığı, gah Elşadın işi oldu, gah biz vaxtı düz dəyərləndirə bilmədik, deyə, Bilnəyə gedə bilmədik.

Nəhayətdə, bu arzumuzu unutmağa başladıq…

 

***

Qismət başqa şeydi, sən demə, qismətimizdə Bilnəyə getmək varmış. Amma Elşadın dəvəti ilə deyil, 18 yaşında Kəlbəcər uğrunda döyüşlərdə Şəhid olan Əli balanın işığı Parlament Jurnalistlər Birliyinin bir qrup üzvünü apardı Bilnəyə.

Əli daha Elşadın bacısı oğlu böyüklükdə deyil, böyüklüyün ən ali mərtəbəsindədir. O, indi bütöv Azərbaycanın, Azərbaycan xalqının Qəhrəman oğludur.

Kəlbəcərin azadlığı uğrunda ŞƏHİD olan Əlidir…

Yardımlının Bilnə kəndini tanıdan Əlidir…

Cəmi 45 evi olan bir yaşayış məntəqəsini Əli elə böyütdü ki, indi bura dünyanın ən tanınan kəndləri sırasındadır.

 

***

Kəndin girişində hər kəsi Şəhid Əli Rzalının şəkli vurulmuş xatirə lövhəsi qarşılayır.

18 yaşlı gəncin məsum, saf, mənalı və nakam baxışları təsirsiz ötüşmür. Anındaca bütöv Bilnəni, onun göyünü, yerini müqəddəsləşdirir sənin üçün.

Qarabağdan uzaqlarda yerləşən Bilnə kəndini Əli Qarabağa o qədər yaxınlaşdırıb ki…

Hətta Cənub bölgəsində olduğunu unudursan.

Qarşı tərəfdən Təbriz yelləri əsir, ruhunu pərvazlandırır.

Qəribə bir aura yaradıb Əli Bilnədə…

Adamı necə təsirinə salırsa, Bakıya çatanda ayıla bilirsən.

 

***

 

Babası Əlühüseyn müəllim, atası Nuru bəy, anası Samirə xanımla görüşürük.

Danışırıq, dərdləşirik...

Onları dinlədikcə dinləmək istəyirsən.

Sadə, səmimi, gözü, könlü tox insanlar, əsl kənd adamları…

Xatirələr çözələnir, baba da, ana da, ata da xəyallarında bəxtəvər günlərinə qayıdırlar.

Lal olursan, ancaq qulaq asırsan, qıymırsan xəyallarından ayırmağa, danışsan xəyalları qırılacaq. 

 

***

Əlini tanıtmağa ehtiyac olmasa da, barəsində qısaca məlumatı yazmağı vacib bildim.

 

Əli Rzalı 2002-ci ilin 17 aprelində Yardımlının Bilnə kəndində anadan olub. Üç qardaş-bacı olublar. Uşaq yaşlarından tay-tuşlarından seçilib, böyükdən kiçiyə hər kəsin məhəbbətini qazanıb.

Azərbaycanın Dövlət Bayrağına xüsusi sevgisinə görə hər kəs tərəfindən təqdir qazanıb.

2008-2019-cu illərdə orta məktəbi bitirib. 2020-ci ilin may ayında həqiqi hərbi xidmətə, Vətənin keşiyinə yollanıb. Goranboyda, Şubanıda və Cəlilabadda yerləşən hərbi hissələrdə xidmət edib, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) Əsgəri olub.

İkinci Vətən Müharibəsi zamanı cəmi 5 ayın Əsgəri kimi döyüşlərə atılıb.

Axırıncı dəfə atası Nuru bəylə sentyabrın 19-da görüşüb, sonuncu telefon zəngini isə bacısına sentyabrın 24-də edib. Həmin gündən sonra Əli ilə əlaqə saxlamaq mümkün olmayıb.

Müharibənin 6-cı günündə - oktyabrın 2-də, səhər saatlarında Murovdağ-Kəlbəcər istiqamətində qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlib…

Ali Baş Komandan tərəfindən 4 medalla - “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Kələbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub.

Eyni zamanda, Şəhidliyindən öncə Müdafiə naziri tərəfindən “Şücaətə görə” medalına layiq görülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər