Azərbaycan-İran münasibətlərində normallaşma prosesinə start verildiyi bildirilir. Azərbaycan və İran XİN başçılarının telefon danışığı, bir neçə gün sonra Prezidentin köməkçisi Hikmət Hacıyevin İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşü təmaslarda müsbət istiqamətdə geridönüş kimi qiymətləndirilir.
İran səfiri sosial şəbəkə hesabındakı paylaşımda görüşün səmimi və konstruktiv keçdiyini bildirib.
“Ümid edirəm ki, başlanan prosesin yekun nəticəsi hər iki ölkənin və regionun maraqlarının xeyrinə olacaq” – iranlı diplomat Prezidentin köməkçisi ilə keçirdiyi görüşlə bağlı yazıb.
Son vaxtlar Azərbaycana qarşı təxribatçı mövqe sərgiləyən İranla münasibətlərdən gözləntilər nədir?
Mövzu ilə bağlı Modern.az-a danışan Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, münasibətlərin normallaşması iki ölkə üçün böyük önəm kəsb edir.
“İranın siyasətini təkcə Prezident Aparatı və ya Xarici İşlər Nazirliyi formalaşdırmır. Orada fərqli qüvvələr mövcuddur. Bildiyimiz kimi, xarici işlər nazirləri səviyyəsində iki gün ərzində iki telefon danışığı olub. Prezidentin köməkçisi Hikmət Hacıyev ilə İran səfirinin görüşü pozitiv addımdır. Düzünü demək lazımdır ki, tərəflərin münasibətlərin normallaşması üçün çalışmaqdan başqa yolları yoxdur”,- deyə sabiq nazir bildirib.
E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan və İran münasibətlərinin inkişafı böyük layihələrin icrası üçün də vacibdir:
“Çünki Azərbaycan və İran qonşu dövlətlərdir. Buna görə də hər iki ölkə elə şərait yaratmalıdır ki, inkişaf etmiş siyasət qurulsun. Məsələn, İranla Azərbaycan arasında, həmçinin Qərb və Rusiya ilə də ortaq iqtisadi layihələr mövcuddur. Əlbəttə, gec-tez bütün nöqsanlar aradan qaldırılacaq. Səfirliyimizə edilən hücumla bağlı araşdırma Baş Prokurorluq və DTX tərəfindən həyata keçirilir. Mən belə başa düşürəm ki, terror aktı ilə bağlı xüsusi xidmət orqanlarımız istintaq qrupu yaradıb. Onlar İran hökuməti ilə əlaqə qurmalıdırlar ki, bundan sonra müstəntiqlər həmin yerə gedib, orada görüşlər keçirsinlər. Lakin mənim mövqeyim münasibətlərin normallaşmasından yanadır”.