"İlham Rəhimovun Azərbaycana buraxılmamağı ilə bağlı yayılan söz-söhbətlər boş şayiələrdir" Bu barədə Modern.az-a tanınmış iş adamı, professor İlham Rəhimovun mətbuat xidmətinin rəhbəri Xanoğlan Əhmədov bildirib.
İlham Rəhimovun hazırda Azərbaycanda olduğunu deyən X.Əhmədovun sözlərinə görə, iş adamı Bərdə şəhərində qayınının yas mərasimində iştirak edir.
Mətbuat katibi İlham Rəhimovun Azərbaycana buraxılmamağı haqda yayılan məlumatlara aydınlıq gətirib.“İlham Rəhimovun Azərbaycana buraxılmamağı ilə bağlı yayılan söz-söhbətlər boş şayiələrdir. Başa düşmədim, İlham müəllim harda idi ki? İlham müəllim Azərbaycandan qovulmayıb ki, onu buraxmasınlar. Sadəcə olaraq, İlham müəllimin qaynı rəhmətə getdiyindən başı yas mərasiminə qarışıb. Yayılan söz-söhbətlər boş şayiədən başqa bir şey deyil. Hazırda, İlham müəllim Bərdə şəhərindədir. İlham müəllimə qarşı hər hansı qadağa yoxdur. Bu cür şayiələr gülməli söhbətlərdi”-deyə X.Əhmədov vurğulayıb.
Qeyd edək ki, Azərbaycanda “Putinin dostu” kimi tanınan İlham Rəhimovun Azərbaycandan getdiyi, Bakıda qurduğu biznes fəaliyyətindən geri çəkildiyi haqda müxtəlif məlumatlar yayılmışdı. Bildirilirdi ki, son zamanlar verdiyi açıqlamaları ilə geniş müzakirələrə səbəb olan İlham Rəhimov Azərbaycanda həyata keçirmək istədiyi siyasi ambisiyalarının baş tutmayacağını anlayaraq, geri çəkilmək qərarına gəlib.