Modern.az

İnternet operator və provayderlərin nümayəndələri ilə görüş

İnternet operator və provayderlərin nümayəndələri ilə görüş

22 May 2023, 17:08

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) ölkədə fəaliyyət göstərən bir sıra internet operator və provayderlərinin nümayəndələri ilə ilk dəfə dəyirmi masa ətrafında görüş keçirib.

 

Modern.az xəbər verir ki, tədbirin məqsədi internet operator və provayderləri ilə internet telekommunikasiya sahəsində mövcud vəziyyəti müzakirə etmək və qarşılıqlı əməkdaşlığın yaradılmasına nail olmaqdır.

 

Tədbiri giriş sözü ilə açan İKTA-nın rəhbəri Nail Mərdanov bildirib ki, internet telekommunikasiya sahəsinin tənzimlənməsi, eləcə də buradakı xidmət bazarlarının təhlili və formalaşdırılması hər bir bazar iştirakçısı üçün şəffaflığın və ədalətli yanaşmanın təmin edilməsində mühüm rol oynayır.

 

Görüş İKTA-nın yaradılması və fəaliyyətinə dair təqdimatla davam edib.

 

İştirakçılara tənzimləyici qurumun fəaliyyətə başladığı qısa müddət ərzində gördüyü işlər barədə məlumat verilib. İnternet operator və provayderlərinin öz davamlı fəaliyyətlərinin təmin edilməsi istiqamətində qarşılaşdıqları çətinliklər və bu çətinliklərin aradan qaldırılması yolları birgə müzakirə olunub. İnternet operator və provayderlərinin nümayəndələrinin sualları cavablandırılıb.

 

Nəzərə çatdırılıb ki, bu kimi görüşlər digər internet operator və provayderləri ilə də mütəmadi qaydada təşkil olunacaq.

 

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada