Ekologiya və Təbii Sərvətlər Nazirliyi ötən gün Naxçıvan şəhərində güclü yağış yağması ilə bağlı açıqlama verib.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Modern.az-a bildirib ki, dünən axşam və bu gecə Naxçıvan MR-da leysan xarakterli yağış yağıb, şimşək çaxıb, dolu düşüb:
“Düşən yağıntının miqdarı Naxçıvanda 37.0 mm (aylıq normanın 94%-i), Şahbuzda 5.0 mm, Ordubadda 2.0 mm-dək olub”.
O qeyd edib ki, ötən gün saat 18:40 radələrində Naxçıvanda diametri 6 mm olan dolu düşüb: “Ötən gün Naxçıvanda qərb küləyi arabir 20 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda iqlim normasından 3 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30°-dək isti, Naxçıvanda 28°-dək isti, dağlıq rayonlarda 22-26° isti, yüksək dağlıq ərazilərdə 11°-dək isti, aran rayonlarında 33°-dək isti olub”.