Qabon Respublikasının Prezidenti Ali Bonqo Ondimba Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Modern.az xəbər verir ki, mətndə deyilir:
"Cənab Prezident!
Sizə 28 May – Müstəqillik Günü münasibətilə Qabon xalqının, hökumətinin, eləcə də özümün səmimi təbriklərimi göndərməkdən böyük məmnunluq duyuram.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına firavanlıq arzularımı çatdırıram.
Bu xoş fürsət mənə Qabon ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərini xalqlarımızın mənafeyinə uyğun surətdə daha yüksək səviyyəyə çatdırmaq əzmində olduğumu ifadə etmək imkanı verir.
Cənab Prezident, yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
Peru Respublikasının Prezidenti Dina Ersilia Boluarte Zeqarra da Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
"Zati-aliləri cənab Prezident!
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Bu əlamətdar gündə Peru hökumətinin ölkələrimizin mənafeyi naminə həm ikitərəfli, həm də çoxtərəfli çərçivədə əlaqələrimizin genişləndirilməsini və möhkəmləndirilməsini davam etdirməkdə maraqlı olduğunu bir daha Zati-alinizin diqqətinə çatdırıram.
Azərbaycan Respublikasının əziz xalqına firavanlıq və tərəqqi arzulayır, fürsətdən istifadə edərək Sizə bir daha ən dərin hörmət və ehtiramımı bildirirəm", - məktubda bildirilir.
***
İspaniyanın Kralı VI Felipenin Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi təbrik məktubunda deyilir:
"Cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, istəkli Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm".
***
Nikaraqua Respublikasının Prezidenti Daniel Orteqa Saavedra və Nikaraqua Respublikasının vitse-prezidenti Rosario Muriyo da təbrik məktubu göndərənlər sırasındadır.
"Zati-aliləri, əziz qardaşımız İlham Əliyev!
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını təbrik edir, ehtiramımızı, sevgimizi və qardaşlıq həmrəylimizi bildiririk. İnanırıq ki, birgə işləyərək ölkələrimizi dünyanın bütün xalqlarının arzuladığı daha yaxşı məkana çevirə bilərik.
Sizə dərin ehtiramımızı ifadə edirik. Əminik ki, xalqlarımızın rifahı naminə birgə səylərimizi bundan sonra da davam etdirəcəyik", - məktubda deyilir.