Modern.az

Haqlı, güclü, iradəli...

Haqlı, güclü, iradəli...

26 May 2023, 00:20

Azərbaycan Prezidenti İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının bu gün Moskvada keçirilən geniş tərkibli iclasında çıxış edib. Prezidentin Moskva səfəri və sözügedən iclasda iştirakı, çıxışı ilə bağlı hansı xüsusi məqamları fərqləndirə bilərik?

 

Birincisi, Azərbaycan Ali Avrasiya İqtisadi Şurasının tədbirində ali fəxri qonaq olaraq iştirak edirdi. 

 

İkincisi, Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin növbəti üçtərəfli görüşünün keçiriləcəyi ictimaiyyətə öncədən bəlli idi. Məhz bu görüş Azərbaycanın Ali Avrasiya İqtisadi Şurasının tədbirinə qatılmasını şərtləndirən əsas səbəblərdəndir.

 

Nəinki bu platforma və Moskva, hətta Frankafoniyanın İrəvan tədbiri olsa belə, dövlət baba iştirakı uyğun bildiyi halda, oradakı platformanı dəyərləndirmək gərəkdir. Bəli, söz demək, auditoriyaya təsir etmək imkanı varsa, o imkan dəyərləndirilməlidir. İlham Əliyev hələ torpaqlarımız işğal altındaykən elə həmin Moskvada, Rambuyedə, Praqada, Vyanada, Münxendə… Ermənistan rəhbərinin (Köçəryan, Sərkisyan, Paşinyan), habelə vasitəçilərin də üzünə sözünü deyib, iradəsini ortaya qoyub. İndi - qalib dövlət başçısı, Müzəffər Ali Baş Komandan olaraq, hər hansı platformanın hər hansı şəhərdəki iclasından çəkinəcəyimiz yoxdur: gedirik, sözümüzü deyir, iradəmizi ortaya qoyur, əleyhimizə olan çıxışlara cavabımızı veririk! 

 

Ayrıca, 

 

Azərbaycan ikitərəfli qaydada, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin hər biri ilə sıx iqtisadi əlaqələrə, ümumən əlaqələrə malikdir və bu əlaqələr zəngin təcrübəyə əsaslanır. Burada yalnız Ermənistan istisnalıq təşkil edir və bu da onu yönətənlərin işğalçılıq, terrorçuluq özəlliklərindən qaynaqlanır. Əgər Ermənistan 90-cı illərdə işğalçılıq kursu götürməsəydi indi zəngin ölkəydi və bəlkə Azərbaycanla da çox sıx iqtisadi əlaqələr içindəydi. Azərbaycanın Ermənistan istisna olmaqla Avrasiya İqtisadi Birliiyi ölkələri ilə 5 milyard dollara yaxın ticarət dövriyyəsi var. Bunun məsələn yarım milyardlıq bölümü Ermənistanın payına düşmüş olsaydı, təsəvvür edirsizmi, kasıb Ermənistan üçün necə böyük önəm daşımış olardı?.. Həmişə cırtdan, 30 ildir dalan və son illər məğlub durumunda olan Ermənistan neçə ki beynəlxalq hüquq normalarına, mehriban qonşuluğa uyğunlaşa bilməyib, elə dalan da qalacaq. Məğlubiyyəti alnında əbədi “naxış”ıdır; cırtdanlığı isə hələ son hədd deyil, daha da kiçilməyə açıqdır. Artıq idrak ediblər ki, sənədsiz, katasdrsız dövlətdilər və əvvəl-axır “qanunsuz tikili” misali ləğv oluna bilər…

 

Azərbaycan istər Moskvada Ali Avrasiya İqtisadi Şurasında, istər Brüsseldə Avropa Birliyi ilə məsələn, tərəfdaşlıq proqramında, yaxud Vaşinqitonda Amerika-Avrasiya biznes forumunda və s. iştirakçı olsun, yenə deməyə sözü, nümayiş etdirməyə iqtisadi gücü, tətbiq etməyə siyasi iradəsi var.

 

Azərbaycan dayanıqlı iqtisadiyyata malik olub, özünü təmin edən azsaylı ölkələrdəndir və xaricdən hər hansı dəstəyə ehtiyacı yoxdur. Bu isə bizə müstəqil xarici siyasət yürütməyə imkan vermiş olur.

 

Azərbaycan Gündoğar-Günbatar, Quzey-Güney nəqliyyat dəhlizlərinin fəal iştirakçısıdır. Zəngəzur dəhlizi isə bölgə ölkələrinin tranzit potensialını yüksəldir və nəqliyyat sahəsində yeni imkanlar açır.

 

Azərbaycan çağdaş nəqliyyat-tranzit infrastrukturuna malikdir. Beynəlxalq dəniz ticarəti limanı, Gəmiqayırma zavodu, çağdaş böyük donanma, hava limanları, uçaqlar və s. Azərbaycanın üstün imkanlarının ifadəsidir. Başqa sözlə, ixracın diversifikasiyası respublikamızın əsas hədəflərindən biridir.

 

Bəli, uyğun bildiyimiz platformaların hər birində erməni yalanlarını, riyasını sıfırlayırıq. Bu dəfə də, istisna olmadı. Prezident Əliyevin sözün bütün anlamlarında, sərrast cavabları Paşinyanın kəkələmələri, hıqqınmaları ilə müqayisədə konkret olaraq, danılmaz şəkildə üstündü. Əlbəttə, bu üstünlük nitq qabiliyyəti, çevik fikir yürütmə, siyasi iradə və intellektlə yanaşı haqlı mövqenin təcallası olaraq üstünlük təşkil edirdi.

 

Məsələn, Paşinyan Azərbaycan Prezidentinin toxunduğu Zəngəzur dəhlizi ilə bağlı məsələyə cavab verməyə çalışdı. Cavab uğursuzun uğursuzu oldu…

 

Rusiyanın dəstəyi ilə üçtərəfli görüşə gəkdikdə isə hər hansı sənəd qəbul edilsə də, edilməsə də, uduzan biz deyilik. Biz hər hansı konstruktiv mövqeyə, ədalətli sülhü təcalla etdirən Anlaşmaya qarşı deyilik: haqlıyıq, güclüyük, iradəliyik!

 

Ermənistan öz bekara ənənəsinə sadiq qalaraq yenə də iki stulda eyni vaxtda oturmaq, “bəlkə də qaytardılar” ümidiylə “sürünən sülh”yolunu tutduğunu göstərdi. Ermənistanla Rusiya arasında yığılıb qalaqlanmış çoxsaylı məsələlərdə vardır, təbii - özləri bilər, artan gərginlik olsun, onlar olsun...

 

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

 

Əkbər Qoşalı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi