Modern.az

Berlində Müstəqillik Günü qeyd olunub - FOTOLAR

Berlində Müstəqillik Günü qeyd olunub - FOTOLAR

Aktual

26 May 2023, 10:42

Azərbaycanın Almaniyadakı səfirliyi Müstəqillik Günü ilə bağlı Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində mayın 24-də geniş tədbir təşkil edib.

 

Azərbaycanın Almaniyadakı səfirliyindən Modern.az-a verilən xəbərə görə, tədbirdə çoxsaylı Bundestaq deputatları, Almaniyanın dövlət qurumlarının yüksək vəzifəli təmsilçiləri, xarici ölkələrin səfirləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri, ümumilikdə 500-dən çox qonaq iştirak edib.

 

Tədbirdə əvvəlcə Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirilib. Qonaqlar sonra Müstəqillik Günü ilə bağlı səfirlik tərəfindən hazırlanmış qısa filmi izləyiblər.

 

Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev 105 il əvvəl Azərbaycan xalqının müsəlman dünyasında ilk cümhuriyyəti yaratdığını qeyd edib. Cümhuriyyətin bir çox uğurlara imza atdığını söyləyən səfir qadınlara seçki hüququnun tanınmasını xüsusilə qeyd edib. Bildirib ki, 1920-ci ildə varlığına son qoyulan cümhuriyyət 1991-ci ildə müstəqilliyin yenidən elan olunması ilə bərpa olunub. Səfir müasir Azərbaycan dövlətçiliyinin qurulmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətli inkişaf yolundan bəhs edib, habelə 44 günlük Vətən Müharibəsi nəticəsində ölkəmizin ərazi bütövlüyünün təmin olunmasının dövlətçilik baxımından önəmindən danışıb.

 

Tədbirdə Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Mattias Lüttenberq AFR hökuməti adından Müstəqillik Günü münasibətilə təbrik nitqi ilə çıxış edib. O, çıxışında Azərbaycan-Almaniya münasibətlərinin dinamik şəkildə inkişafından məmnunluq ifadə edib.
Almaniyada yaşayan musiqiçi həmyerlimiz Tural İsmayılovun rəhbərlik etdiyi “Caucasian Consort” qrupu tərəfindən səsləndirilən Azərbaycan və beynəlxalq caz musiqisi nümunələri qonaqların zövqünü oxşayıb. Həmçinin, Səid və Əzizə İbrahimli tərəfindən Azərbaycan rəqsləri ifa olunub, gənclər tərəfindən milli geyimlərimiz nümayiş olunub və mətbəximizin ləziz təamları təqdim olunub. Milli ornamentlərlə dekorasiya olunmuş səhnə böyük maraqla qarşılanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Medvedyev özündən çıxdı-Necə də alçaqsınız!