Modern.az

Paşinyanın ümidi puç oldu - Eks-nazirlərdən Moskva görüşünə REAKSİYA 

Paşinyanın ümidi puç oldu - Eks-nazirlərdən Moskva görüşünə REAKSİYA 

Aktual

26 May 2023, 16:42

Ermənistan Azərbaycanın suverenliyini tanımır, biz sülh müqaviləsi olmadan da yaşaya bilərik...

 

Sabiq xarici işlər nazirləri Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında ötən gün Moskvada keçirilən üçtərəfli görüşün nəticələrini Modern.az-a şərh ediblər.

 

Keçmiş XİN başçısı Tofiq Zülfüqarovun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deməsi ermənilərin növbəti oyunun bir hissəsidir:

 

“Ermənistan coğrafi baxımdan Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin Azərbaycanın Qarabağ üzərində tam suverenliyini qəbul etmək istəmir. Bu qənaətə gəlməyim səbəbsiz deyil. Onlar daxili işlərimizə qarışırlar. Qarabağın dağlıq hissəsinə büdcədən pul ayırırlar, orada öz hərbçilərini saxlayırlar. Bizim torpaqlarımıza aid bəyanatlar verirlər. Bu isə təbii ki, faktiki olaraq onların suverenliyimizi tanımadıqlarını göstərir. Bu baxımdan hiss olunur ki, ermənilərin növbəti siyasi oyunları gedir. Dünya ictimaiyyətinə göstərmək istəyirlər ki, onlar  beynəlxalq qanunlara uyğun davranırlar. Praktikada isə köhnə ambisiya siyasətinin davam etdiyini görürük”.

 

 

Moskva görüşündən danışan eks-nazirin fikrincə, Ermənistan vaxtı uzatmaq istəyir:

 

“Ermənistan tərəfi bir söz deyir, lakin praktikada dediklərini yerinə yetirməkdən boyun qaçırırlar. Sözləri ilə əməlləri üst-üstə düşmür. Dünənki görüşdə də bunun şahidi olduq. Onlar siyasi oyun oynayırlar. Məqsəd sadəcə vaxtı uzatmaqdır. Ermənistanın mövqeyi Vaşinqtonda dəstəklənməyib. Entoni Blinkenin çıxışını yada salsaq, görəcəyik ki, Amerikada gedən danışıqlar Ermənistan tərəfini narazı salıb”.

 

Tofiq Zülfüqarov onu da vurğulayıb ki, Moskva görüşü Paşinyanın ümidlərini puça çıxarıb:

 

“Paşinyan guya Rusiyanın təklifinə qayıtmaq istədiyini bildirdi. Lakin Rusiyada öz istəklərinə nail ola bilmədi. Onun mövqeyini Rusiya da dəstəkləmir. Dəstəkləyə də bilməz. Onlar ümid edirdilər ki, Rusiyanın status məsələsini sülh sazişinə salmaq fikri var. Cənab Prezidentin bəyanatından sonra məsələ həll olunub. Bu, bizim daxili işimizdir. O baxımdan Rusiyaya olan ümidləri puça  çıxdı. Onlar düşünürdü ki, bizim üzərimizə təzyiq olacaq. Əlbəttə, təzyiqlər olsa belə Azərbaycan öz mövqeyindən dönən deyil”.

 


Azərbaycanın sabiq XİN rəhbəri Elmar Məmmədyarov isə Moskva görüşünün faydalı olduğunu düşünür:


“Bütün görüşlər faydalı olur. Çünki görüşlər zamanı mövqelər müəyyənləşir. Bu görüşdə hansısa sənədin imzalanacağını gözləmək doğru olmazdı. Sülh sazişinin imzalanması vaxt tələb edir. Azərbaycan sülh müqaviləsi imzalansın deyə bəzi məqamlarda güzəştə getməli deyil. Əgər Ermənistan istəyirsə, sülh müqaviləsini imzalayaq. İstəmirsə, biz sülh müqaviləsiz də yaşayarıq. Bu müqavilə Ermənistanın milli maraqlarına daha çox cavab verir. Azərbaycanda onsuz da inkişaf gedir”. 


E.Məmmədyarov Paşinyanın Ali Avrasiya İqtisadi Şurasının sammitində çıxışına da toxunub:


“Paşinyanın sammitdəki çıxışı daxili auditoriya üçün hesablanıb. O, Moskvaya gəlməmiş bəyanatla çıxış etdi, bildirdi ki, Ermənistan rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Paşinyanın dediklərini siyasi oyun hesab edirəm. O daxili auditoriyaya kəskin bəyanatlarla çıxış edə biləcəyini göstərməyə çalışırdı”.

 

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Təxminən 20 dəqiqə davam edən görüşün yekununda hər hansı sənəd imzalanmayıb, yalnız sülh gündəliyi nəzərdən keçirilib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır