Modern.az

Azərbaycan xalqı yeni nailiyyətlər qazanacaq - Çin rəsmisi

Azərbaycan xalqı yeni nailiyyətlər qazanacaq - Çin rəsmisi

27 May 2023, 00:47

Pekində Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib.

 

Modern.az xəbər verir ki, Çin rəsmilərinin, Çində akkreditə olunmuş diplomatik missiyaların rəhbərlərinin iştirak etdikləri tədbirdə əvvəlcə iki ölkənin Dövlət himni səslənib.

 

Ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı 1918-ci ildə müsəlman Şərqində qurulmuş ilk dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin 2 illik qısa zamanda nail olduğu uğurlardan danışıb.

 

Bildirilib ki, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edəndən sonra ciddi çətinliklərlə, o cümlədən qonşu Ermənistanın hərbi təcavüzü ilə üzləşmişdi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra görkəmli dövlət xadiminin uzaqgörən siyasəti sayəsində Azərbaycan çətin günləri geridə qoyaraq, siyasi sabitlik və sosial-iqtisadi inkişaf yolu ilə irəliləməyə başlayıb. Ulu Öndərin Azərbaycan dövlətçiliyi qarşısında əvəzolunmaz xidmətlərini xalqımızın daim minnətdarlıqla xatırladığını vurğulayan səfir əlavə edib ki, dahi siyasətçinin anadan olmasının 100–cü ildönümü ilə əlaqədar 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunub.

 

Ulu Öndərin Azərbaycanın Çin ilə münasibətlərinin inkişafına böyük diqqət göstərdiyini bildirən Ə.Zeynallı, onun layiqli davamçısı Prezident İlham Əliyevin də Azərbaycan-Çin əlaqələrinin inkişafı üçün səylərindən danışıb. Hazırda Azərbaycan-Çin əlaqələri dostluğa, qarşılıqlı hörmət və etimada əsaslanan, yüksək inkişaf dinamikası ilə müşayiət olunan çoxtərəfli tərəfdaşlıq münasibətləri kimi xarakterizə olunur. İki ölkə arasında əməkdaşlığın dərinləşməsində dövlət başçılarının siyasi dialoqu xüsusi rol oynayır.

 

Səfir Ə.Zeynallı Azərbaycanın Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşı olduğunu, ötən il iki ölkə arasında ticarət dövriyyəsində ümumi məbləğin 21 faiz artdığını diqqətə çatdırıb, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində əməkdaşlıqdan danışıb.

 

Diplomat 30 ilə yaxın işğal altında olan torpaqlarımızın 2020-ci ilin payızında 44 günlük Vətən müharibəsindəki böyük zəfər sayəsində azad edildiyini, həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını bildirib, bu işlərə daha çox Çin şirkətinin cəlb olunması imkanlarından danışıb.

 

Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edən Çinin xarici işlər nazirinin müavini Ma Caosu, ötən ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilmiş görüşdə dövlət başçıları Si Cinpin və İlham Əliyevin ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı, qarşılıqlı etimadın və dəstəyin gücləndirilməsi ilə bağlı razılıq əldə etdiklərini xatırladıb

 

Çin rəsmisi bildirib ki, Prezident İlham Əliyevin liderliyində Azərbaycan milli maraqlarına uyğun olaraq inkişaf yolunda inamla irəliləyir. O, əmin olduğunu vurğulayıb ki, zəhmətkeş və müdrik Azərbaycan xalqı yeni-yeni nailiyyətlər qazanacaq.

 

Mərasim Azərbaycan incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir