Modern.az

Xəzər “yoxa çıxır” - Bizi hansı təhlükələr GÖZLƏYİR...

Xəzər “yoxa çıxır” - Bizi hansı təhlükələr GÖZLƏYİR...

10 İyun 2023, 08:40

Xəzər dənizi qapalı su hövzəsi olduğu üçün onun səviyyəsində periodik dəyişmələr müşahidə edilir. Bəzi ekspertlər son illər ərzində dənizdə suyun səviyyəsinin həddindən aşağı olduğunu deyərək, gələcək üçün həyəcan təbili çalırlar.

 

Bu yaxınlarda nüfuzlu "Science" jurnalında dərc edilən məqalədə tədqiqatçılar peyk görüntülərindən istifadə etməklə 1992-2020-ci illərdə dünya üzrə 1972 ədəd böyük təbii (1051-i) və süni gölün (su anbarları) həcminin və sahəsinin necə dəyişdiyini araşdırıblar. Araşdırılan göllərin 53 faizində son 30 ildə ciddi su itkisi yaşanıb. Ümumilikdə isə təbii göllərin su həcminin ildə orta hesabla 26 giqaton azaldığı məlum olub. Tədqiq edilən göllərdəki ümumi azalmanın 49%-i, təbii göllərin həcminin azalmasının 71%-i Xəzər dənizinin payına düşür.

 

Ekspertlər qeyd edir ki, qlobal iqlim dəyişikliyi ilə əlaqədar Xəzər dənizi sürətlə dayazlaşır. 2005-ci ildən Xəzərdə suyun səviyyəsi bir metr yarım aşağı düşüb. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi bütün Xəzəryanı ölkələr üçün böyük ekoloji problem yarada bilər.

 

Qazaxıstanın "Zakon.kz" nəşri yazır ki, 2019-2020-ci illərdə dayazlaşma prosesi sürətlənib: “Dəniz çox sürətlə geri çəkilib. İstirahət edən şəxslərin suya girdikləri körpülər indi tamamilə qurudadır”. Qazaxıstan alimləri dayazlaşmanın əsas səbəbi kimi yağıntıların azalmasını göstərirlər. Bundan əlavə, Volqaya axan kiçik çaylar da artıq əvvəlki kimi sulu deyil.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytında yer alan məlumata əsasən, Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və növbəti illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə edilir, 2019-cu ildə dənizin orta illik səviyyəsi Baltik sistemi ilə mənfi 27,89 metr qeydə alınıb ki, bu da 1977-ci ildəki səviyyədən 1,1 metr yüksəkdir.

 

Bəs, Xəzərin dayazlaşması hansı problemlər yarada bilər?

 

 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri Rövşən Abbasov deyir ki, Xəzər dənizində suyun səviyyəsinin enməsi sahil zolaqlarında müəyyən problemlər yarada bilər.

 

"Ümumiyyətlə, dəniz səviyyəsinin qalxıb-enməsi ilə bağlı həmişə problemlər olub. Məsələn, 1995-ci ildə Xəzərin səviyyəsi qalxıb. Həmin vaxt sahil əraziləri, hətta Bakı bulvarında bir çox ərazilər su altında qalıb. Sahil infrastrukturlarına çox ciddi ziyan dəymişdi. Bulvar ərazisində sahil tamamilə su altında qalmışdı. Bakı-Astara dəmiryolu xətti yararsız vəziyyətə düşmüşdü. Çünki dəniz səviyyəsi qalxıb sahilləri su yuyub aparmışdı. Lənkəranda dəniz kənarında məskunlaşan onlarla sakin bu ərazilərdən köçməyə məcbur qaldı. Demək olar ki, bütün bu sadalanan hallar əsas problemlərdir", - o qeyd edib.

 

Ekspertin sözlərinə görə, hazırda Xəzər dənizində səviyyənin enməsi müşahidə olunur, nəticdə bir çox ərazilərdə xırda gölməçələr yaranır:

 

"Dəniz səviyyəsinin enməsi nəticəsində yaranan gölməçələrdə çoxlu balıqlar qalır və ölürlər. Məhz buna görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən daim monitorinqlər, balıqların yığılıb dənizə atılması kimi tədbirlər həyata keçirilir. Ümumiyyətlə, sahil zonasında dənizin dayaz olması temperaturun artmasına səbəb olur ki, bu da oksigeni azaldır. Oksigen azaldıqda balıqların yaşaması çətinləşir. Həmçinin turistik ərazilərdə dayazlaşma rekreasiya potensialına ciddi zərbə vurur. Məsələn, dənizdə çimərlik, qayıqla gəzinti üçün nəzərdə tutulmuş ərazilər sahildən xeyli uzaqlaşır. Qayıqlar sahilə yan ala bilmir. Normalda 100-150 metr uzaq olan ərazilər 400-450 metr uzaqlaşır. Nəticədə həmin ərazilərə getmək çətinləşir. Şüvəlanda elektrik stansiyasında sugötürmə qurğuları suyu lazım olan qədər götürə bilmirlər. Ələtdə gəmilərin əraziyə yan alması ilə bağlı problem yaranır. Ağ şəhərdə isə bəzi ərazilərdə dənizin tamamilə çəkilməsi nəticəsində köhnə çirklənmiş ərazilər üzə çıxıb. Bütün bunlar mənfi təsirlərdir və problemlərin qarşısı mütləq alınmalıdır”.

 

 

Rövşən Abbasov vurğulayır ki, Xəzərdə səviyyənin enib-qalxması ilə bağlı müxtəlif proqnozlar mövcuddur. Lakin hazırda bununla bağlı dəqiq məlumat vermək çətindir.

 

"Müəyyən proqnozlar mövcuddur. Bəzi proqnozlara görə, yaxın 10 ildə enmə davam edə bilər. Digər proqnozlara əsasən, yenidən artım gözlənilir. Amma yenidən artımın baş verməsinin nəyin hesabına olacağı dəqiq məlum deyil. Əgər Xəzərə tökülən çayların sululuğu artarsa, yaxın 10-15 ildə Xəzərin səyiyyəsi yenidən qalxa bilər”, - o deyib.

 

Ekspert xatırladır ki, tarix boyu həmişə Xəzərdə səviyyənin dəyişməsi baş verib.

 

"Azərbaycanda sahil zolağının uzunluğu təxminən 825 kilometrdir. 1830-cu ildə müşahidələr aparılıb. Ən aşağı enmə səviyyəsi 1977-ci ildə olub. Amma 1977-ci ildən sonra yenidən qalxmağa başlayıb və bu artım 1995-ci ilə qədər davam edib. 1995-ci ildən bugünə kimi düşməyə davam edir. Hazırda dəniz səviyyəsi mənfi 29 metrə yaxınlaşır. 1995-ci ildə isə mənfi 26 metr olub. Bəzi yerlərdə dəniz səviyyəsinin hələ də enməyə davam etməsi ilə bağlı məlumatlar var", - Rövşən Abbasov sözlərini belə yekunlaşdırıb.

 

 

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov isə Xəzər dənizində suyun səviyyəsinin enməsinin təbii proses olduğunu hesab edir.

 

“Mən 80 ildir Bakıda yaşayıram. Bakıda yaşadığım müddət ərzində 2 dəfə Xəzərin enməsini, 1 dəfə isə qalxmasını görmüşəm. Hesab edirəm ki, bu təbii prosesdir. Xəzərdə həm enmə, həm də qalxma halları baş verir. Fikrimcə, alimlər doğru olmayan iddialarla insanları həyəcanlandırmaq əvəzinə bunun səbəbini araşdırsalar, daha yaxşı olar", - o bildirib.

 

Mərkəz rəhbəri düşünür ki, Xəzərin səviyyəsinin enməsi ilə bağlı Azərbaycanı heç bir təhlükə gözləmir:

 

"Hər 30, 40 ildən bir Xəzər yavaş-yavaş qalxır və enir. Bunun səbəbini öyrənmək lazımdır. Bu yaxınlarda Almaniyadan alimlər gəlmişdilər. Mən onlara öz fikrimi söylədim. Onlar nəyə görə monitorinq aparırlar? Amma alimləri reallığı aşkar etməyə cəlb etmirlər. Dünyada qlobal istiləşmə baş verdiyini deyirlər. Hələ iyun ayıdır. Dəniz mövsümü də açılmayıb. Bu heç də qloblal istiləşmə deyil. Bu, dünyada gedən çirkin iqtisadi oyundur".

 

 

 

Aytac Əsədova

 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” mövzusunda dərc olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir