Modern.az

“Qisas 3” əməliyyatı nə vaxt olacaq? - İstiqamət Ağdərədir

“Qisas 3” əməliyyatı nə vaxt olacaq? - İstiqamət Ağdərədir

Aktual

7 İyul 2023, 17:40

Azərbaycan Ordusunun yeni anti-terror əməliyyatına başlayacağı barədə xəbərlər dolaşır. Sosial şəbəkələrdə açılan müzakirələrdən məlum olur ki, erməni separatçıları təşviş içindədirlər və Bakının tələblərini qəbul edib-etməmək barədə ciddi cəhdlə düşünürlər. Hətta baş separatçı Arayik Arutyunyanın Rusiyadan kömək istədiyi, Kremldən rədd cavab aldığı deyilir. 

 

Bundan əvvəl isə Azərbaycan Televiziyasında (AzTV) yayımlanan süjet erməniləri qorxuya salmışdı. Həmin süjetdə Qarabağda 10 mindən çox silahlı separatçının varlığının Rusiya tərəfindən görməzdən gəlinməsinin yeni əməliyyata zəmin yaratması kimi qiymətləndirilib. Bildirilib ki, Ermənistanın təxribatçı davranışları “Qisas-3” əməliyyatına zəmin yaradır.

 

Bəs, növbəti əməliyyat nə vaxt başlayacaq?

 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, ‘Qisas” əməliyyatının növbəti mərhələsinin başlanmasını Azərbaycanda və Ermənistanda istisna edən yoxdur. Onun sözlərinə görə, əməliyyatların başlaması artıq zərurətə çevrilib.

 

"Rusiya sülhməramlı kontingenti birmənalı olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmək əvəzinə erməni silahlılarına dəstək verir, onlara himayədarlıq edir. Bu da əməliyyatlara zəmin yaradır”, - ekspert əlavə edib.

 

 

Ə.Verdiyev vurğulayıb ki, Qarabağda baş verəcək növbəti təxribat, fortifikasiya qurğularının quraşdırılması və bu kimi addımların atılması "Qisas 3" əməliyyatının başlamasına səbəb ola bilər:

 

“Azərbaycan ən yaxın zamanda sülh müqaviləsinin imzalanmasını, erməni silahlılarının Qarabağdan çıxarılması və Zəngəzur dəhlizinin açılmasını tələb edir. Əgər bunların heç biri yerinə yetirilməsə, “Qisas” əməliyyatı olmadan regionda sülhü əldə etmək mümkün görünmür. Yəni əməliyyatın başlaması Ermənistan və erməni silahlılarından aslıdır. Gələcəkdə ola biləcək yeni təxribat hərbi əməliyyatların və eskalasiyanın başlamasına səbəb ola bilər. Hər bir halda Azərbaycan toqquşmanın tərəfdarı deyil. Lakin Azərbaycanın da indiki vəziyyətdə başqa çıxış yolu yoxdur. Əməliyyatların isə başlama müddəti ermənilərin törədəcəkləri təxribatdan aslı olacaq”. 

 

 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynlinin fikrincə, artıq Azərbaycan Ordusunda yeni hərbi əməliyyatın planı mövcuddur. O vurğulayıb ki, əməliyyatın Ağdərə rayonundan başlaması gündəmdədir.

 

"Azərbaycan Ordusunda separatçılara qarşı xüsusi bir tədbirin görülməsi ilə bağlı plan var. Ancaq bu günlərdə danışıqlar məsələsi də gündəmə gəlib. Arayik Arutyunyan bildirib ki, erməni icması Azərbaycanla danışıqlara hazırdır. Onlar istəyir ki, bu danışıqlarda Rusiya moderator kimi çıxış etsin. Ölkəmiz isə hələlik cavab verməyib. Yəqin ki, buna müsbət cavab verməyəcəyik. Görünür, separatçılar arasında Azərbaycanla danışıqlara müsbət baxanlar var. Bakı bunu da nəzərə almamış deyil”, - politoloq qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi