“Meliorasiya və Su Təsərrüfatı” ASC “Hökumət buludu”na qoşulub
“Meliorasiya və Su Təsərrüfatı” ASC “Hökumət buludu”na qoşulub
17 avqust 2023 10:23 (UTC +04:00)
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi IaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturu xidmətini əldə edib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Modern.az-a verilən məlumata gprə, ASC informasiya sistemlərini qismən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
İlkin mərhələdə ASC-nin ümumi infrastrukturunun qiymətləndirilməsi nəticəsində hesabat hazırlanıb və bunun əsasında İT sistemlərin miqrasiyası üçün konsultasiya xidməti verilib, həmçinin miqrasiya prosesini əks etdirən Yol Xəritəsi formalaşdırılıb.
Meliorasiya və Su Təsərrüfatı ASC məlumatların təhlükəsiz saxlanılması məqsədilə Rezervlənmə (BaaS-Backup as a Service) bulud xidmətindən də yararlanıb. Bu xidmət daxilində təqdim edilən funksionallıqları daha çevik və sadə formada idarə etmələri məqsədilə dövlət qurumu komitə mütəxəssislərini “Veeam” platforması ilə təmin edib.
Meliorasiya və Su Təsərrüfatı ASC həmçinin “AzInTelecom” MMC tərəfindən SPLA lisenziyalı Microsoft məhsulları ilə də təmin olunub.
Bununla yanaşı, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən, Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.