Modern.az

"Xalq düşməni", "ən istedadlı bolşevik" - Trotskinin qətlindən 73 il ötür...

Aktual

21 Avqust 2023, 16:38

Bu gün SSRİ-nin ilk illərində nüfuzlu liderlərdən biri olan Lev Trotskinin 21 avqust 1940-cı ildə öldürülməsindən 73 il keçir.

 

Modern.az Azərbaycanda haqqında az bilinən "üsyankar bolşevik" haqqında maraqlı faktları təqdim edir.

 

Əsl adı Leon Davidoviç Bronşteyn olan Lev Trotski 1879-cu ildə anadan olub. Siyasi fəaliyyəti ilə yanaşı, marksist nəzəriyyəçi kimi də tanınan Trortski RSFSR-in ilk xarici işlər üzrə xalq komissarı olub. Rusiya inqilabının aparıcı simalarından biri, eyni zamanda ordunun rəhbərliyində təmsil olunan Trotski həm də Kommunist Partiyası Siyasi Bürosunun üzvü idi. Daha sonra - Leninin ölümündən sonra İosif Stalinlə siyasi mübarizədə məğlub olaraq rəsmi vəzifələrdən uzaqlaşdırılan siyasətçi Sovet İttifaqından sürgün olundu. 

 

1924-cü ildə Leninin ölümündən sonra bütün səlahiyyətləri partiyanın əlinə toplamağa başlayan Stalinlə hakimiyyət uğrunda mübarizəyə başladı. Bu mübarizədə o, get-gedə gücünü itirdi və bir-bir əlində olan səlahiyyətləri itirdi. Əvvəlcə onu hərbi komissar vəzifəsindən azad etdilər. Daha sonra Siyasi Büronun Mərkəzi Komitəsindən, sonra isə Kommunist İnternasionalının icraiyyə komitəsindən uzaqlaşdırıldı. Tərəfdarları Sankt-Peterburqda küçə nümayişlərinə cəhd etdikdən sonra o, partiyadan da xaric edildi. Beləliklə, 2 il ərzində onun bütün səlahiyyətləri əlindən alındı.

 

"Xalq düşməni" elan edilən Trotski 1928-ci il yanvarın 31-də Qazaxıstanın Almatı yaxınlığındakı Semyonov-Tyanşanski rayonunda sürgün həyatına başladı. 1929-cu il yanvarın 18-də Sovet İttifaqından qovulan Trotski 1929-1933-cü illərdə İstanbulda -  Böyükadada yaşamağa başladı. Burada olarkən kitablarının nəşrinə də icazə verildi. Onun qaldığı yer ciddi təhlükəsizlik tədbirləri ilə mühafizə olunurdu. O, müntəzəm olaraq balıq ovuna gedərdi. Siqaret çəkməz, yanında da siqaret çəkilməsinə icazə verməzdi. Sakit bir həyat sürdü, bu müddət ərzində bəzi xatirələrini və düşüncələrini yazıb nəşr etdirdi. Bu mənada İstanbul illəri onun üçün həm məhsuldar, həm də hadisəli olub.

 

 

17 iyul 1933-cü ildə İstanbulu viza ilə tərk edən Trotski Fransaya gedib, 2 il burada qalıb. Daha sonra Norveçə gedən Trotski 2 il burada qaldıqdan sonra 1937-ci il yanvarın 9-da Meksikaya sığınıb və burada məskunlaşıb.

 

“Oktyabr inqilabının nailiyyətləri yalnız o şərtlə xalqa xidmət edəcəkdir ki, o, əvvəllər çar bürokratiyasına və burjuaziyasına qarşı hərəkət etdiyi kimi Stalinist bürokratiyaya qarşı da hərəkət etmək bacarığını nümayiş etdirsin. Bu yalnız bir şəkildə baş verə bilər: fəhlələr, kəndlilər və Qırmızı Ordu əsgərləri zalımların və parazitlərin yeni kastasına qarşı çıxmalıdır. Bu kütləvi üsyanı hazırlamaq üçün yeni bir partiya, 4-cü İnternasional tələb olunur", - o deyirdi.

 

1940-cı ildə SSRİ-nin Xalq Daxili İşlər Komissarlığının (NKVD) agenti, stalinist Ramon Merkader ispan jurnalisti qiyafəsində müsahibə adı ilə Trotskinin yaşadığı evə gedir. Fürsət tapan kimi onun başına buz baltası ilə vuraraq ağır xəsarətlər yetirir. Trotski qatili ilə əlbəyaxa olarkən otağa daxil olan mühafizəçiləri Merkaderin üstünə cumurlar.

 

 

"Onu öldürməyin, bu adamın danışacaqları var”, - Trotski mühafizəçilərinə deyir və aldığı xəsarətlərdən ertəsi gün ölür...

 

Qətldən qısa müddət sonra Stalin Merkaderin anası Karidadı əməliyyatda iştirakına görə "Lenin ordeni" ilə təltif edib. 1961-ci ildə Sovet İttifaqına köçən Merkader o vaxtkı DTK-nın rəhbəri Aleksandr Şelepin tərəfindən Sovet İttifaqı Qəhrəmanı medalı ilə təltif edilib.

 

Lenin Trotski haqqında deyirdi ki, o, aramızda sonuncu bolşevik olsa da, etiraf etməliyik ki, ən istedadlı bolşevik odur. Trotskinin nəzəriyyəsi solun daxilində Stalin və Maonun fikirlərinə qarşı ən mühüm ideoloji müxalifət hesab olunur. 

 

Modern Təhlil və Araşdırma Qrupu

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB