Modern.az

31 il sonra nəşi tapılan şəhid: 5 qız atasının nəvəsi də Qarabağda həlak olub - Qızı danışdı (FOTOLAR)

31 il sonra nəşi tapılan şəhid: 5 qız atasının nəvəsi də Qarabağda həlak olub - Qızı danışdı (FOTOLAR)

Aktual

24 Avqust 2023, 14:45

Bu yaxınlarda aşkarlanan kütləvi məzarlıqlarda Birinci Qarabağ Müharibəsi zamanı itkin düşmüş şəxslərin nəşi tapılıb. Həmin qalıqlar üzərində aparılan tədqiqatlar nəticəsində şəxsiyyəti müəyyən edilən itkin düşənlərin siyahısı açıqlanıb. 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib. Onların 11-i hərbçi, 4-ü mülki şəxsdir. İndiyədək nəşi tapılanlardan ikisi dəfn olunub. 15 nəfərdən 7-si Daşaltı kəndində, 4-ü Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.
 

Aparılmış ekshumasiya zamanı şəxsiyyəti müəyyən olunmuş 10 nəfərdən birinin Abşeron rayonu Qobu qəsəbəsini sakini Hüseynov Gülverdi Ağahüseyn oğlu olduğu müəyyənləşib.
 


Şəhid gizirimiz 1951-ci ildə Qobu qəsəbəsində anadan olub. Birinci Qarabağ Müharibəsi başlayanda sovet ordusundakı xidmətini dayandıraraq vətənə qayıdıb. O, 5 qız atası olmasına baxmayaraq, könüllü şəkildə cəbhəyə gedib. 
 

Gülverdi Hüseynov Kərkicahan, Quşçular, Malıbəyli kimi bir sıra ərazilərdə döyüşlərdə iştirak edib. 26 yanvar 1992-ci ildə Gülverdi Hüseynovun Şuşa rayonunun Daşaltı kəndi ətrafında gedən döyüşlərdə şəhid olması ilə bağlı ailəsinə məlumat verilib. Lakin həmin vaxt ərazidə döyüşlər getdiyindən şəhidin nəşini götürmək mümkün olmayıb.

Mərhumun böyük qardaşı Hüseynov Hacıverdi Ağahüseyn oğlu İkinci Dünya Müharibəsi zamanı həlak olub, nəvəsi isə İkinci Qarabağ müharibəsi şəhididir. Babasının adını daşıyan Qasımov Gülverdi Abil oğlu Vətən müharibəsinə könüllü olaraq qatılıb və şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Vətən uğrunda” medallarına layiq görülüb.

 


31 ildən sonra nəşi tapılan şəhidimiz Qobu qəbiristanlığında nəvəsi Gülverdi Qasımovun yanında dəfn olunub. Mərasimdə Abşeron Rayon İcra Hakimiyyətinin rəsmiləri, rayonun idarə-təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirtak edib.

 

Modern.az saytı 31 ildən sonra nəşi tapılan şəhidin qızı ilə danışıb.
 

Şəhid Gülverdi Hüseynovun qızı Pərvanə Hüseynova ilk xəbəri aldığı zaman şoka düşdüyünü bildirib:
 

“Xəbəri işlədiyim məktəbdə eşitdim. Şok oldum. Bir anlıq heç nə hiss etmədim. Sonra gedib bacılarıma, şəhidin anasına - nənəmə xəbər verdim. Biz gələnlərə dedik ki, “heç kəs Allah rəhmət eləsin” deməsin, “gözünüz aydın olsun, atanız tapıldı” söyləsinlər. Həm sevindik, həm də kədərləndik. 30 ildən çoxdur, gözləyirdik. Həmişə atamı axtarırdıq. İtkin düşməsi ilə əlaqədar bizə məlumat verilmişdi. Ancaq orada ağır döyüşlər gedirdi. Daşaltı, Şuşa işğal olunmuşdu. Buna görə də, mənim atamın cəsədi həmin ərazidə qalmışdı”.


 

P.Hüseynova deyib ki, Qarabağda qələbə qazanıldıqdan sonra atasının nəşinin tapılacağına ümidləri artmışdı:
 

“Şuşa azad edildikdən sonra inanırdıq ki, nə vaxtsa atamın məzarı olacaq. Allah Prezidentimizə cansağlığı versin. Bunu təşkil etdi. Dünən atamızı dəfn etdik. Qobuda Şəhidlər xiyabanında torpağa tapşırdıq. Atam hərbçi idi. 26 yanvar 1992-ci ildə Daşaltı əməliyyatı zaman şəhid olub. Biz bilirdik ki, o şəhid olub. Sadəcə, onun bizə nəşi verilməmişdi. Bizə dedilər ki, sizin DNT testləriniz uyğun gəlib. DNT testləri də bizdən 10-12 il qabaq götürülüb. Bu asan iş deyil. Allah Prezidentimizin canını sağ eləsin. 11 min nəfərin DNT testi yoxlanılıb. Arzu edirəm ki, digər itkinlər də tapılsın, onların da sarılacaq məzarları olsun”.

 

Nəşi tapılan hərbçimizin qızı mərhumun 2-ci Qarabağ Müharibəsində şəhid olan nəvəsi barədə də danışıb:

 

“Atamın oğlu olmayıb. Ailədə 5 bacı olmuşuq. 2-ci bacımın oğluna atamızın adını verdik. Gülverdi Qasımov 2020-ci ildə 44 günlük Vətən müharibəsində könüllü iştirak etdi. 26 oktyabrda Qubadlı ətrafında  gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Hazırda baba ilə nəvə eyni xiyabandadır. Məzarları yan-yanadır. Həmişə deyirdi ki, mən babamın qisasını alacam. O, Cəbrayıl, Füzuli istiqamətlərində döyüşmüşdü. “Cəsur döyüşçü” və digər medalları var”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Netanyahu tapşırıq verdi - Xameneini məhv edin!