Avqustun 24-də kütləvi məzarlıqlarda qalıqları tapılan daha bir hərbçimizin qalıqları dəfn edilib. Rüstəmov Araz 1968-ci il aprelin 7-də Xızının Giləzi qəsəbəsində anadan olub. Rüstəmovlar ailəsinin üç oğlundan sonuncusu olan Araz 1992-ci il yanvarın 26-da Şuşanın Daşaltı kəndi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.
Daşaltı erməni işğalından azad olunandan sonra kənddə azərbaycanlıların basdırıldığı kütləvi məzarlıq aşkarlanıb. Ekspertiza zamanı meyit qalıqlarından birinin A.Rüstəmova məxsus olduğu təsdiqlənib.
A.Rüstəmovun meyitinin qalıqları Giləziyə – doğulub, boya-başa çatdığı evinə aparılıb. Burada şəhidlə vida mərasimi keçirilib. Mərasimdən sonra A.Rüstəmovun cənazəsi Giləzi qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Modern.az 31 ildən sonra nəşi tapılan şəhidimizin qardaşı Hacıbaba Rüstəmov ilə danışıb.
O, saytımıza açıqlamasında kədər qarşıq sevinc hissləri yaşadığını bildirib.
“Mənə keçən həftənin üçüncü günü məlumat verdilər. Qardaşımın məzarının tapıldığını eşidəndə həm sevindim, həm kədərləndim. Anam 4 ay öncə dünyasını dəyişdi. Bu günləri görə bilmədi. Arazın uşaqlıq köynəyini anam saxlamışdı. Vəsiyyət etmişdi ki, o rəhmətə gedəndə kəfəninə qoyulsun. Biz də axundla danışdıq, anam rəhmətə gedəndə Arazın köynəyini qatlayıb başının altına qoyduq. İstəyini yerinə yetirdik. Ona görə də qardaşım tapıldı”.
Hacıbaba Rüstəmov qeyd edib ki, qardaşı "20 Yanvar" hadisələrindən çox təsirlənmişdi.
“Araz gedəndə subay idi, 24 yaşı var idi. Könüllü getmişdi. “20 yanvar”da da iştirak etmişdi. Gələndən sonra da 1 il boyu Şəhidlər Xiyabanına gedib-gəlirdi. Sonra özünü hərbiyə könüllü yazdırmışdı. Öncə Şuşaya getmişdi, daha sonra Daşaltıya, elə ordan da itkin düşmüşdü”.
Qardaşı Arazsız keçən illərin onlar üçün necə çətin olduğundan danışıb:
“Bu dövr bizim üçün çox ağır keçirdi. Qardaşımızın məzarı da yox idi. İstəyirdik, heç olmasa bir məzarı olsun, gedib ziyarət edərdik. İndi şükür Allaha, qalıqları tapılıb, dəfn etmişik ki, heç olmasa bir məzarı var”.
Qeyd edək ki, kütləvi məzarlıqlarda Birinci Qarabağ Müharibəsi zamanı 15 nəfər itkin düşmüş şəxsin aqibətinə aydınlıq gətirilib. Onların 11-i hərbçi, 4-ü mülki şəxsdir.15 nəfərdən 7-si Daşaltı kəndində, 4-ü Kəlbəcər, 4-ü Füzuli rayonunda itkin düşənlərdir.