Zəlzələ fiziki, maddi, mənəvi, psixoloji problemlər yaradır. Bu təbii fəlakət hələ baş verməzdən əvvəl insanlar arasında ajiotaja səbəb olur.
Son günlər ölkəmizdə ən çox müzakirə olunan və insanları qorxuya salan mövzulardan biri də zəlzələdir. Əhali bu ilin fevral ayında Türkiyədə baş verən dəhşətli zəlzələnin nəticələrini yada saldıqca, xoflanır. Bu səbəbdən ölkəmizin ərazisində baş verən yüngül təkanları belə güclü zəlzələ ilə eyniləşdirirlər. Bizdə də dağıdıcı zəlzələ ola biləcəyini düşünənlər var.
Sosioloq Əhməd Qəşəmoğlu da Modern.az-a açıqlamasında zəlzələnin insanlarda əsassız qorxu yaratdığını bildirib.
“Hər insanın bütün fəaliyətində, hərəkətində 4 mühüm amil rol oynayır: insanın psixoloji keyfiyyətləri, mühit, aldığı informasiya, üstünlük verdiyi dəyərlər... Bu amillər qarşılıqlı əlaqədə insanın davranışını formalaşdırır.
Biz bu sahədə insanlara məlumat verməli, təhlükənin böyük olmadığı barədə informasiya çatdırmalıyıq. Zəlzələ elədir ki, insanlar içlərində xofla yaşayır. Bunu aradan qaldırmaq lazımdır. Bəzən yalançı xof yaranır.
Əgər zəlzələ Türkiyədə baş veribsə, hökmən burada da olacaq deyə bir şey yoxdur. Bir tərəfdən də təhlükəsizliyimizi təmin etməyə çalışmalıyıq. Məsələn, tikilən evlərə diqqət artırılmalıdır. Hamıda bir arxayınlıq yaransın ki, Azərbaycandakı evlər Türkiyədə dalbadal uçan evlər kimi deyil. Ola bilər 10 ildən sonra bizdə də zəlzələ baş versin. Bizim insanımız buna hazır olmalıdır”.
“Yaponiyada sunami, zəlzələ olur, heç çox adam ölmür. Çünki Yaponiyada insanlar qorxmur. Biz o təcrübəni öyrənib, öz ölkəmizdə də istifadə etməliyik və müvafiq işlər görməliyik”, - sosioloq əlavə edib.
Azərbaycan Psixologiya Akademiyasının (APAK) psixoloqu, psixoterapevt Ləman Telmanqızı insanlarda yaranmış qorxu hissinin Türkiyədə yaşanmış hadisələrdən qaynaqlandığını bildirib.
“Qardaş Türkiyənin başına gələn təbii fəlakət hər kəsə həm psixoloji, həm də fizioloji təsir etdi. İnsanların canında qorxu hissi yaratdı. Zəlzələnin insanlara vurduğu zərər tək fiziki yaralar va maddi problemlərlə nəticələnmir. Ən əsas fakt insanların ailə üzvlərini itirmə qorxusudır. Qorxu təhlükə anında insanda yaranan çox təbii bir hissdir. Bu, təhlükə zamanı həyəcan siqnalının yaratdığı özünüqoruma instinkti yaradır”.
Psixoloq ilkin yaranmış qorxunun sonradan ciddi xəstəliklərə də yol aça biləcəyini diqqətə çatdırıb:
“Qorxu hissi orqanizmə əks təsir göstərir. Qorxudan insan anında şəkər xəstəliyinə, ürək-damar, beyin-qan dövranı probleminə, yüksək qan təzyiqinə, panikataka, aqressiyaya, fobiyalara, depressiyaya düçar ola bilər. Bu da insan həyatı üçün ciddi bir narahatlığa səbəbdir. Məsləhətim budur ki, qorxu yaranan zaman özlərini toparlamağa çalışsınlar və qələcəklərini müsbət düşünsünlər”.